Təsvirlərin analizi əsasında Pilotsuz Uçuş Aparatlarının Yerüstü İdarəetmə Sistemində olan zərərli proqramların aşkarlanması üçün yanaşma təklif edilib May 25, 2023 | 02:31 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin növbəti elmi seminarı keçirilib. Seminarda institutun doktorantı Orxan Vəlixanlının “Təsvirlərin analizi əsasında Pilotsuz Uçuş Aparatlarının Yerüstü İdarəetmə Sistemində olan zərərli proqramların aşkarlanması” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi Yerüstü İdarəetmə Sisteminin (YİS) Pilotsuz Uçuş Aparatlarının idarə olunmasını və izlənilməsini təmin etmək məqsədilə istifadə olunduğunu qeyd edərək stasionar və portativ kimi növləri olan bu sistemlərin adətən bir neçə kompüterdən (serverdən), rabitə vasitələrindən və operatorlardan ibarət olduğunu diqqətə çatdırıb.

Zərərli proqramların aşkarlanması üçün mövcud yanaşmalardan bəhs edən O.Vəlixanlı bu kimi proqramların aşkarlanması üçün statik və dinamik analiz metodlarından istifadə olunduğunu bildirib, bu metodların müsbət tərəfləri və çatışmazlıqlarından danışıb.

Məruzəçi təklif etdiyi metodda təsvirlərin analizi əsasında zərərli proqramların aşkar edildiyini qeyd edərək görülmüş işlərin qısa xarakteristikasını təqdim edib. O.Vəlixanlının sözlərinə görə, tədqiqat zamanı iki müxtəlif mənbədən olan verilənlərdən – “Microsoft” şirkəti tərəfindən yaradılan “BIG 2015” verilənlər bazası və “MalwareBazaar” saytından əldə olunmuş zərərli proqram nümunələrindən istifadə edilmişdir.

O, verilənlərin təsvirlərə çevrilməsi, yaradılmış vahid bazada olan verilənlər haqqında ətraflı məlumat verib, təklif edilmiş yanaşmanın səmərəliyini yoxlamaq məqsədilə əlamətlərin çıxarılması üçün müxtəlif süni intellekt metodlarının, klassifikasiyanın aparılması üçün isə maşın təlimi metodlarının seçildiyini diqqətə çatdırıb. Tədqiqatçı əlavə edib ki, aparılmış təcrübələrin effektivliyini qiymətləndirmək üçün doğruluq, dəqiqlik, tamlıq və F-ölçü kimi müxtəlif metrikalardan istifadə edilmişdir.

O.Vəlixanlı sonda konvalyusiya (bükülmə) neyron şəbəkəsi və müxtəlif maşın təlimi metodlarına əsaslanan hibrid modelin nəticələrini təqdim edib.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək tədqiqatçıya mövzunun daha dərindən araşdırılması, zərərli proqramlara dair icmal xarakterli məlumatlara daha geniş yer ayrılmasına dair təklif və tövsiyələrini verib, müvafiq istiqamətdə tədqiqatların intensivləşdirilməsinin zəruriliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı