984
Sosial şəbəkə məlumatlarının sentiment analizi üçün maşın təlimi metodlarının tətbiqi məsələləri araşdırılır May 15, 2023 | 03:14 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin “Sosial şəbəkə məlumatlarının sentiment analizi üçün maşın təlimi metodlarının tətbiqi” mövzusuna həsr olunmuş elmi seminarı keçirilib.

Məruzəni təqdim edən institutun magistrantı Elmurad Həsənov tədqiqat işinə dair çıxış edərək, sentiment analiz konsepsiyasının tədqiqi, sentiment analiz metodlarının müqayisəli analizi, sosial şəbəkə məlumatlarının sentiment analizi üçün maşın təlimi metodları vasitəsilə eksperimentlərin aparılması haqqında məlumat verib.

O, qeyd edib ki, tədqiqat işinin məqsədi sosial şəbəkə məlumatlarının sentiment analizinin aparılmasında istifadə edilən maşın təlimi metodlarını tədqiq etmək və  geniş yayılmış təlim alqoritmlərini tətbiq etməkdən ibarətdir. Məqsədə çatmaq üçün vacib olan məsələləri diqqətə çatdıran E.Həsənov bildirib ki, bunlara sentiment analiz və maşın təlimi konsepsiyasının, sentiment analizin imkanları və mövcud elmi-nəzəri problemlərin tədqiqi, sosial şəbəkə məlumatlarının sentiment analizi üçün metodların təhlili və s. aiddir.

Sonra məruzəçi tədqiqatın obyekti və metodikasından bəhs edib: “Tədqiqat obyekti kimi sosial şəbəkə məlumatları üzərində sentiment analizin aparılması götürülmüş, bir neçə maşın təlimi alqoritmlərindən istifadə olunmaqla sınaqlar aparılmışdır. Tədqiqat üzrə sınaqlar Python proqramlaşdırma dilində “Visual Studio Code” porqramında yerinə yetirilmişdir. Sentiment analizin aparılması üçün bir neçə nəzarətli maşın təlimi metodları əsasında yanaşma təklif edilmiş, realizasiya olunmuş, sonda nəticələrin müqayisəli analizi verilmişdir”.

Sentiment analizlə bağlı müxtəlif təriflərin olduğunu qeyd edən E.Həsənov nəzərə çatdırıb ki, sentiment analizin verilənlərin toplanması, mətnin əvvəlcədən işlənməsi və s. kimi mərhələləri, eləcə də söz, cümlə, sənəd, aspekt kimi səviyyələri var. Onun tətbiq sahələri isə məhsul analizi, biznes və bazar araşdırmaları, trend, səhm qiyməti analizi, səhiyyə və sairdir. Əlavə edib ki, sentiment analiz metodlarının müqayisəli analizinin aparılması üçün 3 əsas - maşın öyrənmə, leksikaya əsaslanan və hibrid yanaşma mövcuddur.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Sonda şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova mövzuya dair fikirlərini bölüşərək müvafiq sahə üzrə elmi araşdırmaların dərinləşdirilməsinə, nüfuzlu beynəlxalq bazalarda indeksləşən elmi jurnallarda məqalələrin dərc olunmasına dair təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı