“EndNote Click” proqramının imkanları haqqında məruzə dinlənilib Dekabr 29, 2022 | 05:16 / Konfranslar, iclaslar

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “EndNote: istifadə  qaydaları. “EndNote Click”in imkanları” mövzusunda onlayn elmi seminar keçirilib.

İnstitutun Elmi informasiya və elmmetriya şöbəsinin əməkdaşı Sevinc Abdulova mövzuya dair çıxış edərək, öncə “Clarivate Analytics”  haqqında qısa  məlumat verib. Bildirib ki, “Clarivate Analytics” 2016-cı ildə verilənlər bazasını, informasiya sistemlərini və intellektual mülkiyyət kolleksiyalarını idarə edən, öz xidmətlərini abunə ilə maliyyələşdirən müstəqil ABŞ şirkətidir. Onun sözlərinə görə, “Clarivate Analytics” yenilikləri dəstəkləyən şirkət kimi elmi araşdırma, patent analizi və hüquqi tənzimləmə, əczaçılıq və biotexnoloji tədqiqatlar, eləcə də marka qorunması və intellektual mülkiyyətə yönəldilmişdir.

Sonra “Endnote” proqramı haqqında danışan məruzəçi söyləyib ki, bu, “Clarivate Analytics”in   istinad proqramıdır. “Bu proqram vasitəsilə akademik araşdırılmalarda yüksək səmərəlilik əldə etmək mümkündür. Eyni zamanda araşdırma, məqalə, tezizlərin yazılması və göndərilməsini tezləşdirir”, - deyə məruzəçi əlavə edib.

O, qeyd edib ki,”Endnote” minimum cəhd ilə maksimum zaman qazanmağa şərait yaradır. Proqramın ödənişli və ödənişsiz versiyalarının olduğunu vurğulayan məruzəçi bildirib ki, xüsusən istinadların sayı çox olduqda bu proqram vasitəsilə həm tez, həm də əl ilə müdaxilə olmadan daha qısa zaman ərzində istinadları vermək mümkündür.

Daha sonra “Kopernio” əlavəsindən (plugin) söz açan S.Abdulova onun alim və tədqiqatçılara müəllif hüquqlarını pozmadan elmi məqalələrə bir “klik”lə çıxış əldə etmək imkanı verən onlayn əlavə olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, 2017-ci ildə “Mendeley and Newsflo”un təsisçiləri Jan Reichelt və Ben Kaube tərəfindən hazırlanan “Kopernio” tədqiqatçıların fərdi və ya təşkilatın abunə olduğu bazalara girişini avtomatik olaraq müəyyənləşdirir və seçilmiş məqaləyə həmin an daxil olmaq imkanı verir.

2018-ci il aprelin ayında “Clarivate Analytics” yeni süni intellekt texnologiyasının məhsulu olan “Kopernio”nu əldə etdiyini və bu əlavənin “Web of Science” platformasında işləyəcəyini elan edib.

S.Abdulova əlavə edib ki, 2020-ci ildə “Kopernio” “EndNote” ilə birləşdirilib, hazırda “EndNote Click” adı ilə öz fəaliyyətini davam etdirir.

Məruzəçinin sözlərinə görə, “EndNote Click” tam mətnli PDF sənədlərini əldə etmək üçün minlərlə akademik veb-saytlar ilə işləyir: “750 mindən çox tədqiqatçı bu proqram vasitəsilə araşdırmalarını daha da sürətləndirir. “EndNote Click” ən yüksək keyfiyyətli PDF sənədləri əldə etmək üçün kitabxana abunəliyindən istifadə edir. Abunə olmadığımız halda proqram açıq giriş alternativlərini axtarır”.

O, qeyd edib ki, “EndNote Click” kitabxana və ya fərdi olaraq abunə olduğu bazalardan, həmçinin açıq mənbələrdən tam mətnlərin axtarışı, açıq və hibrid girişli jurnallarda, institusional bazalarda və digər platformalarda axtarış, müəlliflərin və nəşriyyatların hüquqlarını pozmadan tam mətnlərin əldə olunması, eləcə də süni intellekt texnologiyasından istifadə “EndNote Click”in iş prinsiplərinə daxildir.

Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sonda şöbə müdiri Mədinə Səidova məruzə ilə bağlı fikirlərini bölüşüb, bu istiqamətdə araşdırmaların daha da dərinləşdirilməsi, beynəlxalq təcrübənin araşdırılması ilə bağlı tövsiyələr verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı