İntellektual potensialın qiymətləndirilməsi ilə bağlı mövcud vəziyyətin analizi aparılıb Noyabr 05, 2022 | 10:54 / Konfranslar, iclaslar

İntellektual potensial ölkənin, sənayenin, şəxsiyyətin intellektual, yaradıcılıq imkanlarının, resurslarının inkişaf səviyyəsinin kompleks xarakteristikasıdır. Koqnitiv və transformativ fəaliyyətə yönəlmiş biliyə sahib olan insanlar intellektual potensialı həm bir toplum kimi, həm də cəmiyyətin məqsədlərinə çatmaq vasitəsi olan elmi-texniki, sosial, mədəni biliklərin məcmusu kimi öyrənirlər.

İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin “İntellektual potensialın qiymətləndirilməsində mövcud vəziyyətin analizi və problemlərin müəyyənləşdirilməsi” mövzusunda keçirilən növbəti onlayn elmi seminarında bu barədə məlumat verilib.

Məruzəni təqdim edən institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova bildirib ki, əhalinin intellektual potensialı bir çox amillərin təsiri ilə zaman keçdikcə dinamik şəkildə dəyişir. Belə ki, o, istifadə edilmədikdə tez köhnəlir, praktikada elmə aktiv tələbat olduqda isə sürətlə inkişaf edir və onun istifadəsinin səmərəliliyi getdikcə artır.

Tədqiqatçı intellektual potensialın öyrənilməsində istifadə olunan yanaşmalardan bəhs edib, iqtisadi, sosial-iqtisadi və sosial yanaşmaların oxşar və fərqli cəhəttləri, həmçinin intellektual potensialın xüsusiyyətləri, strukturu haqqında məlumat verib.

Məruzəçi bu istiqamətdə aparılmış son tədqiqatlarda cəmiyyətin innovativ inkişafının və dövlət idarəçiliyinin səmərəliliyinin göstəricisi kimi əhalinin intellektual potensialının monitorinqinin təşkilinə dair metodik yanaşmaların təklif olunduğunu bildirib. Əlavə edib ki, əhalinin intellektinin inkişaf dərəcəsini xarakterizə edən əsas göstərici BMT-nin himayəsi altında hesablanan insan inkişafı indeksidir.

Tədqiqatlarda intellektual potensialın mikro- (fərdi), mezo- (kollektiv, təşkilat, müəssisə) makro- (ölkə, region) səviyyələrə ayrıldığını deyən R.Qasımova qeyd edib ki, əksər tədqiqatlarda müəlliflər əhalinin intellektual potensialının mahiyyətini və məzmununu təhsil, elm və mədəniyyətin inkişaf tendensiyalarını qiymətləndirmək mövqeyindən xarakterizə edirlər.

O, regional səviyyədə intellektual potensialın qiymətləndirilməsi üçün istehsal-sənaye yanaşması və statistik yanaşmadan istifadə olunduğunu deyib, intellektual potensialın qiymətləndirilməsi istiqamətində aparılan elmi-tədqiqat işləri barədə məlumat verib. Bildirib ki, aparılan tədqiqatlar elmi təşkilatların fəaliyyətlərinin qiymətləndirilməsi üzrə çoxsaylı meyar və prinsiplərin mövcud olduğunu göstərir.

R.Qasımova həmçinin elmi təşkilatların fəaliyyətinin qiymətləndirilməsinin göstəricilərini təqdim edib, qiymətləndirmə nəticəsində elm və innovasiya sahəsində strateji və əməli idarəetmə mexanizmlərinin səmərəliliyinin yüksəldilməsi, elm sahəsində büdcə xərclərinin səmərəliliyinin yüksəldilməsi, eləcə də elmin və innovasiyanın milli iqtisadiyyatın rəqabətə davamlılığının artırılmasında rolunun yüksəldilməsinə nail olmağa imkan yaratdığını diqqətə çatdırıb.  

Məruzəyə dair çıxış edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova intellektual potensialin qiymətləndirilməsi üzrə problemlərin daha dərindən araşdırılmasını və mövzuya dair məqalənin hazırlanaraq nəşr etdirilməsini tövsiyə edib. Şöbə müdiri həmçinin tədqiqat işində Azərbaycanda bu istiqamətdə mövcud potensialın qiymətləndirilməsinin zəruriliyinə toxunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı