İnstitutda Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü qeyd olundu Dekabr 01, 2014 | 01:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 30 Noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi gününə həsr olunmuş elmi-praktiki seminar keçirilib. Seminarı giriş sözü ilə açan AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev informasiya təhlükəsizliyi məsələlərinin informasiya cəmiyyətinin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib. Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində vahid dövlət siyasəti və qanunvericilik bazasının inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm addımlar atıldığını bildirən alim elektron hökumət xidmətlərinin təhlükəsizliyinin təmin edilməsi baxımından informasiya təhlükəsizliyi sahəsində müvafiq dövlət agentliklərinin yaradılmasının və elektron imza infrastrukturunun qurulmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

R.Əliquliyev e-dövlətin informasiya təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün müvafiq elmi-metodoloji bazanın yaradılması, yeni metod və alqoritmlərin işlənilməsi istiqamətində aparılan elmi-tədqiqatların əhəmiyyətindən söz açıb. İnstitutda yeni informasiya təhlükəsizliyi təhdidlərinin aşkarlanması üzrə araşdırmaların aparılmasının vacibliyini nəzərə çatdıran məruzəçi dünyada bu sahədə görülən işlər və əldə edilən təcrübənin öyrənildiyini qeyd edib. İnformasiya təhlükəsizliyi sahəsində dərin elmi araşdırmaların aparılması üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan akademik institutun alim və mütəxəssislərinin Koreya, Türkiyə, Macarıstan, Çex Respublikası kimi ölkələrin alimləri ilə əməkdaşlıq əlaqələri qurduğunu qeyd edib.

Tədbirdə institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev “E-dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasında koordinasiya problemləri” mövzusunda məruzə ilə çıxış edib. E-dövlət texnologiyalarının sürətli inkişafı ilə e-dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsində koordinasiyanın rolunun artdığını söyləyən məruzəçi təhlükəsizliyin etibarlı təmin edilməsi üçün bu sahədə dövlət orqanlarının fəaliyyətinin koordinasiyası və onların elmi-tədqiqat təşkilatları, biznes sektoru, vətəndaş cəmiyyəti institutları və KİV-lərlə səmərəli qarşılıqlı əlaqələrinin yaradılmasının vacibliyini önə çəkib. Y.İmamverdiyev e-dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində koordinasiyanı modelləşdirmək üçün təklif edilmiş konseptual modelin komponentləri haqqında məlumat verərək, modeldə koordinasiya edilən funksiya və koordinasiya kontekstində daha səmərəli olan koordinasiya mexanizmini seçməyə imkan verdiyini və koordinasiyanın effektivliyini qiymətləndirmək məsələsinə baxıldığını bildirib. Məruzəçi inkişaf etmiş ölkələrin təcrübəsindən çıxış edərək, e-dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasında bir sıra koordinasiya problemlərinin də mövcud olduğunu bildirib, informasiya təhlükəsizliyi üzrə beynəlxalq əməkdaşlıq sahəsində qurumlararası koordinasiyasının, geniş miqyaslı kiber-hücumlar üçün müvafiq koordinasiya potensialının yaradılmasının əhəmiyyətindən söz açıb.

“Kompüter şəbəkələrində informasiya təhlükəsizliyi trendləri: təhdidlər və mübarizə üsulları” mövzusunda məruzəni institutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev təqdim edib. Kompüter şəbəkələri və xidmətlərinin genişləndiyi, intellektuallığının artdığı və mobilləşdiyini bildirən məruzəçi şəbəkə xidmətlərinin konvergensiyasının baş verdiyini və nəticədə ənənəvi verilənlər şəbəkəsinin multiservis-multimedia şəbəkəsinə çevrildiyini nəzərə çatdırıb. Qeyd edib ki, yeni şəbəkə arxitekturaları və şəbəkəyə girişin yeni texnologiyalarının yarandığı şəraitdə şəbəkələrdə yeni təhdidlər meydana gəlir, bu təhdidlərin aşkar edilməsi və təhlükəsizlik trendlərinin müəyyən edilməsi vacib məsələyə çevrilir. R.Şıxəliyev kompüter şəbəkələrində aşkarlanmış təhlükəsizlik trendləri, yeni təhdidlər və onlara qarşı mübarizə üsulları haqqında da ətraflı məlumat verib.

Sektor müdiri Babək Nəbiyev “AzScienceCERT istifadəçilərinə informasiya təhlükəsizliyi üzrə məsləhətlər”mövzusunda məruzə ilə çıxış edib. B.Nəbiyev AzScienceCERT komandasının AMEA-nın 40-a yaxın institut və təşkilatının qoşulmuş olduğu AzScienceNet elm-kompüter şəbəkəsində baş verən informasiya təhlükəsizliyi insidentlərinin emalı sahəsində fəaliyyətini diqqətə çatdırıb. O, AzScienceCERT-in fəaliyyət istiqamətlərindən birinin AzScienceNet-ə qoşulan 5000-ə yaxın istifadəçinin informasiya təhlükəsizliyi məsələləri üzrə məlumatlandırılması və maarifləndirilməsi olduğunu vurğulayaraq, seminar iştirakçılarına İnternet xidmətlərindən təhlükəsiz istifadə qaydaları və fərdi məlumatların qorunması haqqında bir sıra praktiki məsləhətlər verib. Məruzəçi geniş yayılmış virusların iş prinsipi və onlardan müdafiə üsulları, etibarlı parolların seçilməsi üsulları, istifadəçilərin daha çox istifadə etdikləri Windows əməliyyat sistemində olan informasiya təhlükəsizliyi vasitələri ilə iş qaydalarını ətraflı izah edib.

Texnika üzrə fəlsəfə doktoru Fərqanə Abdullayeva “Bulud texnologiyalarında inam modellərini qiymətləndirmə meyarları” mövzusunda məruzə ilə çıxış edərək bulud texnologiyalarının geniş yayılması üçün istifadəçilərin onlara inamının təmin edilməsinin vacibliyindən söz açıb. Bildirib ki, hər bir subyekt öz məlumatlarını buludlarda yerləşdirməzdən əvvəl bulud provayderinə inam səviyyəsini qiymətləndirmək istəyir. Hazırda bulud xidmətləri təklif edən çoxsaylı provayderlərin mövcud olduğunu söyləyən məruzəçi istifadəçilər tərəfindən etimadı daha yüksək olan bulud provayderinin seçilməsi məsələsinin həlli vacib problemlərdən olduğunu nəzərə çatdırıb. Bu çətinliyi aradan qaldırmaq üçün bulud texnologiyalarında inam modellərini qiymətləndirməyə imkan verən meyarlar sisteminin işlənməsinin mühüm əhəmiyyət kəsb etdiyinı vurğulayıb. Onun sözlərinə görə, bu meyarlar inam modellərinin zəif və üstün cəhətlərini müəyyən etməyə imkan verir.

Məruzədə, həmçinin bulud texnologiyalarında ayrı-ayrı bulud servislərinin inam qiymətini hesablamaq üçün müxtəlif mexanizmlər, üsullar və protokollar haqqında geniş məlumat verilib.

Sonra mövzular ətrafında müzakirələr aparılıb, informasiya təhlükəsizliyinin təmin edilməsində ən vacib vəzifələrdən birinin də istifadəçilərin informasiya təhlükəsizliyi üzrə hazırlıq səviyyəsinin yüksəldilməsi, onlara metodiki dəstəyin göstərilməsi, müvafiq metodiki vəsait və tövsiyələrin işlənilməsi olduğu qeyd edilib. Ölkəmizdə yeni cəmiyyətin təhlükəsizliyinin təmin olunması işlərində səylər, intellektual potensialın səfərbər edilməsi və qarşıda duran vəzifələrin birgə həllinin vacibliyi vurğulanıb.

Tədbirin sonunda akademik R.Əliquliyev informasiya cəmiyyəti quruculuğu, informasiya təhlükəsizliyi sahəsində fəal iştirak edən alim və mütəxəssislərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı