Radiasiya təhlükəsizliyi monitorinqi sistemlərinə həsr olunmuş elmi seminar keçirilib May 25, 2022 | 03:34 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin radiasiya təhlükəsizliyi monitorinqi sistemlərinə həsr olunmuş onlayn elmi seminarı keçirilib.

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbər müavini Tural Mustafayev məruzəni təqdim edərək radiasiya və radioaktivliyin monitorinqi sisteminin ətraf mühitin radioaktivliyinin ölçülməsi və bu nəticələrin 24 saat ərzində orta və maksimum qamma dozasının sürəti şəklində göstərilməsini təmin etdiyini bildirib. Qeyd edib ki, bu monitorinq sistemi xəritədə işarələr vasitəsilə göstərilir, ictimaiyyətə açıq yaxud xüsusi giriş icazəsi tətbiq olunmaqla istifadə olunur, məlumatlar avtomatik və ya manual daxil edilərək formalaşdırılır.

O, bildirib ki, radiasiya təhlükəsizliyinin monitorinqi sistemləri təbiət hadisələri nəticəsində baş verə biləcək radiasiya təhlükəsinin, o cümlədən  radioaktiv reaksiyaların baş verdiyi müəssisələrdə qəza hadisələri nəticəsində yaranan radiasiya təhlükəsinin vaxtında aşkarlanması, ölkənin radioaktiv müdaxilələrdən qorunması, müdaxilənin anında müəyyən edilməsi, eləcə də baş verən hər hansı bir radioaktiv prosesə operativ nəzarət edilməsinə imkan verir.

T.Mustafayev radiasiya monitorinqi sistemi ilə bağlı ABŞ, Yaponiya, Almaniya və Avropa ölkələrinin təcrübəsindən bəhs edib, ən çox radiasiya çirklənməsi olan bölgələr barədə məlumat verib.

Məruzəçinin sözlərinə görə, Vaşinqtonda yerləşən və ABŞ-ın atom bombası layihəsinin ayrılmaz hissəsi olmuş Hanford kompleksində ilk atom bombası üçün plutonium və Naqasakidə istifadə edilən “Fat man” adlı silahı istehsal edilmişdir. Bu kompleks hazırda istismardan çıxarılsa da, hələ də ölkənin yüksək səviyyəli radioaktiv tullantılarının həcminin üçdə ikisini özündə saxlayır.

T.Mustafayev həmçinin Aralıq dənizi, Somali sahilləri, Rusiyada Mayak Kimya Kombinatı, Sibir Kimya Kombinatı, Birləşmiş Krallıqda Sellafild müəssisəsi, Qırğızıstanda Maliu-Su, Yaponiyada Fukuşima Atom Elektrik Stansiyasının radiasiya çirklənməsi yüksək olan ərazilər kimi qiymətləndirildiyini bildirib.

İnstitutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov mövzu ilə bağlı tövsiyələrini diqqətə çatdırıb. R.Ələkbərov radiasiya monitorinqi sisteminin iş prinsipi, istifadə olunan avadanlıqlar, radiasiya mühitinin ölçülməsi, Azərbaycanda bu sistemlərin tətbiqi perpektivlərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırmaların aparılmasının zəruriliyinə toxunub, tədqiqatların dərinləşdirilməsini tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı