Səhiyyə 4.0 mühitində verilənlər ekosisteminin formalaşması məsələləri araşdırılır May 12, 2022 | 11:11 / Konfranslar, iclaslar

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində səhiyyə sferasında fəaliyyət ənənəvi formadan elektron formaya keçib, səhiyyə informasiya sistemlərində qərarların qəbul edilməsini dəstəkləyən müxtəlif növ böyükhəcmli verilənlər toplanıb. Hazırda bu proses dinamik olaraq davam etməkdədir.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin növbəti onlayn elmi seminarında məlumat verilib. Şöbənin əməkdaşı Aytən Əhmədova  “Səhiyyə 4.0 mühitində verilənlər ekosisteminin formalaşması” mövzusuna həsr edilmiş məruzə ilə çıxış edib.

Məruzəçi səhiyyədə tibbi verilənlər və onlarin tipləri, informasiya mənbələri, məlumat toplanması, təhlili və analizi üçün maşın təliminin istifadəsi haqqında danışıb. Qeyd edib ki, səhiyyədə informasiyanın əsas mənbələrinə klinika sistemləri, elmi tədqiqatlar və elmi əsərlər, eləcə də adminstrativ sistemlər daxildir. Səhiyyədə tibbi verilənlər sürətlə müxtəlif formatlarda – rəqəm, video, foto, texniki siqnallar və s. toplanır: “Burada əsas problem məlumatların əksəriyyətinin müxtəlif mənbələrdən fərqli formatlarda daxil olması və müxtəlif indeksləşmə sxemlərindən istifadə olunması ilə bağlıdır”.

Səhiyyə 4.0-ın əsas texnologiyalarına 3D, Big Data, Əşyaların İnterneti (Internet of Things, IoT), holoqrafiya, robotlar və süni intellektin daxil olduğunu diqqətə çatdıran A.Əhmədova Əşyaların İnterneti və teletibb haqqında da məlumat verib. Bildirib ki, səhiyyədə klinik məlumatların toplanması mənbələrindən biri də “Əşyaların İnterneti”dir: “IoT cihazları insanların sağlamlığını izləyərkən davamlı məlumat axını yaradır. Teletibbin əsas üstünlüyü isə pasiyentin xəstəxanaya getmədən “ağıllı” qurğular vasitəsilə toplanmış verilənlər əsasında həkimin ona real vaxt rejimində baxması, xroniki xəstəliyini aşkarlayıb müalicə təyin edə bilməsindədir”.

Daha sonra məruzəçi nəzərə çatdırıb ki, mobil səhiyyə (mHealth) e-səhiyyənin perspektivli, dinamik inkişaf edən sahələrindən biridir. Mobil səhiyyə vaxt və məkandan asılı olmayaraq səhiyyə xidmətlərinə birbaşa çıxışı dəstəkləyir və mövcud milli səhiyyə xidmətlərinin yüksək xərclərini azaltmağa kömək edir. Mobil səhiyyə, həmçinin mobil şəbəkə mühitində tibbi müalicələrin aparılması, xəstələrin izlənilməsi, diaqnozların qoyulması və s. kimi məsələlərin həllinə yönəlmiş tibbi tətbiqi proqramlardır.

Tibbi verilənlər haqqında ətraflı söhbət açan tədqiqatçı qeyd edib ki, tibbi verilənlərin tiplərinə strukturlaşdırılmış və strukturlaşdırılmamış tibbi qeydlər, genetik verilənlər, eləcə də tibbi təsvir verilənləri daxildir.  Səhiyyədə toplanan verilənlərin xüsusiyyətlərinə isə sürət, dəyər, həcm, keyfiyyət və müxtəliflik aiddir.

A.Əhmədova böyükhəcmli tibbi verilənlərin idarə edilməsi və təhlilindən bəhs edib. Vurğulayıb ki, məlumatların heterojen olması böyük verilənlərin təhlilində yaranan problemlərdən biri olub onların analizində çətinlik yaradır. Böyük məlumatları təhlil etmək üçün ən çox yayılmış platformalar şəbəkə hesablama infrastrukturlarından istifadə edən bulud hesablama platformalarıdır.

O, səhiyyədə verilənlərin analitikasının müalicə xərclərini azaltmaq, epidemiyaların baş verməsini proqnozlaşdırmaq, qarşısı alına bilən xəstəliklərdən qaçmaq, ümumilikdə həyat keyfiyyətini yaxşılaşdırmaq kimi müsbət potensiala malik olduğunu nəzərə çatdırıb. Əlavə edib ki, verilənlərin analitikasının əsas məqsədlərinə problemləri vaxtında proqnozlaşdırmaq və onların həlli prosesində toplanmış datalardan istifadə etmək, müalicə zamanı istifadə olunan metodları sürətli qiymətləndirmək və s. daxildir.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova çıxış edərək səhiyyə 4.0 mühitində verilənlər ekosistemi ilə bağlı araşdırmaların dərinləşdirilməsinin, beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı