Sosial şəbəkə məlumatlarının sentiment analizi üçün maşın təlimi metodlarının tətbiqi məsələləri araşdırılır May 04, 2022 | 10:35 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib. Şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova tədbirin “Sosial şəbəkə məlumatlarının sentiment analizi üçün maşın təlimi metodlarının tətbiqi” mövzusunun müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

İnstitutun magistrantı Elmurad Həsənov tədqiqat işinə dair çıxış edərək, sentiment analizin müəllifin obyektə emosional münasibətinin kontent analizi metodları ilə avtomatik müəyyən edilməsi prosesi olduğunu bildirib. Qeyd edib ki, sentiment analiz təbii dilin emalı (Natural Language Processing – NLP), statistika və ya maşın təlimi metodlarından istifadə edərək, mətn sənədlərindən mətnin emosional məzmununun aşkarlanması, çıxarılması və klassifikasiyası məsələsidir. O, fikirlərin analizi (opinion mining) və ya emosiyaların süni intellekti (emotion artifical intelligence) kimi də tanınır, emosional vəziyyətlərin və subyektiv informasiyaların sistemli şəkildə tanınması, çıxarılması, ölçülməsi və öyrənilməsi üçün təbii dilin işlənməsinə, mətn analizinə və s. əsaslanır.

E.Həsənov sentiment analizin tarixi, səviyyələri, klassifikasiya metodları, tətbiq sahələri və s. haqqında ətraflı məlumatı seminar iştirakçılarının nəzərinə çatdırıb.

“Sentiment analiz sosial şəbəkələrin sürətli inkişafı ilə son illərin çox məşhur tədqiqat sahəsi kimi ortaya çıxmış, 2000-ci ilin əvvəllərindən başlayaraq təbii dilin emalı sahəsində aktiv tədqiqat istiqamətlərindən birinə çevrilmişdir. “Sentiment analiz” termini ilk dəfə 2003-cü ildə yapon tədqiqatçıları Tetsuya Nasukava və Jeonghee Yinin “Sentiment analysis: capturing favorability using natural language processing” adlı məqaləsində istifadə edilmişdir”, – deyə magistrant bildirib.

Sentiment analizin səviyyələrindən bəhs edən məruzəçi söz, cümlə, sənəd və xüsusiyyət səviyyələrində sentiment analiz haqqında danışıb. Bildirib ki, söz səviyyəsində sentiment analiz sənəddə sözlərin subyektivliyinin, oriyentasiyasının və ya qütbünün, eləcə də oriyentasiyanın sayının müəyyən olunmasına xidmət edir. Cümlə səviyyəsində sentiment analiz hər bir cümlədə ifadə olunmuş emosiyaların təsnifləşdirilməsindən, sənəd səviyyəsində sentiment analiz isə sənədin pozitiv və neqativ fikirləri ifadə etməsinin klassifikasiyasından ibarətdir.

O, həmçinin xüsusiyyət əsasında sentiment analizin növlərindən söz açıb, onun sözlər və onların istifadə tezliyi, terminin mövqeyi, nitq hissələri, rəy sözləri və ifadələri, neqativ sözlər, sintaksis asılılıq kimi növlərini diqqətə çatdırıb, sentiment analiz üçün lüğət və qaydalara əsaslanan, eləcə də maşın təlimi metodları üzrə mövcud yanaşmalar kimi klassifikasiya metodlarından istifadə olunduğunu bildirib. Sentiment analizin modelini təqdim edən məruzəçi sentiment analizin sosiologiya, tibb, psixologiya, marketinq, politologiya və s. kimi sahələrdə tətbiq edildiyini nəzərə çatdırıb.

E.Həsənov sentiment analiz üçün istifadə olunan proqram məhsullarından və müvafiq sahədə mövcud problemlərdən söz açıb. Qeyd edib ki, sentiment analizdə istifadə olunan metod və alqoritmlərin inkişaf etməsinə baxmayaraq, burada açar sözlərin seçilməsi, rəyin predmet sahəsindən asılı olması, cümlədə bir neçə fikrin ifadə olunması, müqayisəli cümlələr, çoxdilli sentiment analiz və s. kimi bir çox problemlərin həlli qarşıda duran mühüm vəzifələrdəndir.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova və digərləri müzakirələrdə iştirak edərək, müvafiq sahə üzrə elmi araşdırmaların dərinləşdirilməsinə, nüfuzlu beynəlxalq bazalarda indeksləşən elmi jurnallarda məqalələrin dərc olunmasına dair təklif və tövsiyələrini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı