İnstitut 50-dən çox ölkənin elmi qurumları ilə əməkdaşlıq edir Dekabr 04, 2021 | 08:04 / Konfranslar, iclaslar

Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev şöbənin 2021-ci il üçün hesabatı ilə bağlı çıxışı zamanı bildirib.

Məruzəçi hesabat ili ərzində bir sıra beynəlxalq təşkilatlar və 50-dən çox ölkənin elmi qurumları ilə əməkdaşlıq edildiyini diqqətə çatdırıb. COVID-19 pandemiyası ilə əlaqədar olaraq, onlayn rejimdə keçirilən görüşlərdə 21 ölkədən 200-dən çox alim və mütəxəssisin iştirak etdiyini söyləyib. Qeyd edib ki, cari ildə institut əməkdaşları videokonfrans rejimində 25 konfrans, seminar və iclasda iştrak etmişlər.

O, cari ilin oktyabr ayında NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransın keçirildiyini nəzərə çatdırıb. Ölkəmizdə belə bir nüfuzlu tədbirin keçirilməsinin NATO-nun Azərbaycan dövlətinə, AMEA-ya, eləcə də İnformasiya Texnologiyaları İnstitutuna olan etimadının göstəricisi olduğunu bildirib.

B.Nəbiyev Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyası ilə əməkdaşlıq əlaqələrinin daha da genişləndirildiyini bildirib. İnstitutun GEANT-la əməkdaşlıq çərçivəsində beynəlxalq elm və təhsil şəbəkələrinin inkişafı istiqamətində həyata keçirilən layihələrdə iştirak etdiyini deyib. Qeyd edib ki, qurum “Horizon-2020” proqramı çərçivəsində 40 ölkənin elm və tədqiqat şəbəkələrinin iştirak etdiyi “GN4-3” layihəsinə qoşulmuşdur. GEANT Assosiasiyasının egidası altında aparılan bu layihə e-elmin elmi-praktiki xidmətlərinin dəstəklənməsi və tələblərə uyğun olaraq yeni xidmətlərin yaradılması üçün 500-ə yaxın mütəxəssisin çalışdığı bir layihədir və hazırda institutun bu layihədə fəaliyyəti davam etdirilir.

Məruzəçinin sözlərinə görə, institut Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən, elm və təhsil üçün regional telekommunikasiya şəbəkəsinin (EaPConnect) inkişaf etdirilməsində də fəal iştirak etmişdir. 2021-ci ilin fevral ayında EaPConnect və AzScienceNet-in birgə təşkilatçılığı ilə Avropada Tədqiqatlar üçün Açıq Giriş İnfrastrukturu (Open Access Infrastructure for Research in Europe – OpenAIRE) haqqında AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarı keçirilmişdir.

O, həmçinin 2021-ci il ərzində beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetirilmiş digər işlər, elmi qurumda keçirilmiş görüşlər, institutun iştirak etdiyi beynəlxalq qrant layihələri, institutun elmi fəaliyyyəti və AzScienceNet haqqında məlumatların bir sıra beynəlxalq kütləvi informasiya vasitələrində işıqlandırılması ilə bağlı məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev qurumun Beynəlxalq əlaqələr şöbəsinin AMEA-nın İKT üzrə xarici siyasətinin həyata keçirilməsində xüsusi rolunu qeyd edib. Bildirib ki, son zamanlar elmin qarşısına qoyulan bir sıra mühüm vəzifələr, institutun Avropa elmi mühitinə inteqrasiya olunması Beynəlxalq əlaqələr şöbəsinin fəaliyyətinin daha da gücləndirilməsini zəruri edir.

Sonda hesabat ətrafında fikir mübadiləsi aparılıb. Elmi şuranın qərarı ilə Mərkəzin fəaliyyəti qənaətbəxş hesab edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı