İnstitutun Təhsil şöbəsinin 2021-ci il üzrə hesabatı müzakirə olundu Dekabr 02, 2021 | 05:37 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Təhsil şöbəsinin 2021-ci il üzrə hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov şöbənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verdi. Şöbədə magistratura, doktorantura və dissertantura yolu ilə yüksəkixtisaslı elmi kadrların hazırlanması, doktorant və dissertantların doktorluq imtahanlarının verilməsi işinin təşkili, magistrantların sessiya imtahanlarının təşkili, magistrant və doktorantların elmi fəaliyyətinin koordinasiya edilməsi və səmərəliliyinin artırılması üçün tədbirlərin görülməsi və s. işlərin həyata keçirildiyini diqqətə çatdırdı.

Doktorant və dissertantların elmi fəaliyyəti haqqında məlumat verən F.Yusifov bildirdi ki, 2021-ci il üzrə AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantların sayı 7, dissertantların sayı 6, elmlər doktoru proqramı üzrə təhsil alan dissertantların sayı isə 11 nəfərdir. Qəbul planına uyğun olaraq, cari ildə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 4, dissertanturaya 1, elmlər doktoru hazırlığı üzrə dissertanturaya 1 nəfər qəbul edilmişdir.

Şöbə müdiri, həmçinin cari il üzrə institutun magistraturasında 14 nəfərin təhsil aldığını nəzərə çatdırdı. Bildirdi ki, 2022-2023-cü tədris ili üçün AMEA İnformasiya Texnologiyaları İnstitutunun magistraturasına “Kompüter elmləri” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasları üzrə qəbul planı hazırlanmışdır.

Onun sözlərinə görə, 2021-ci ildə elmlər doktoru hazırlığı üzrə 2, fəlsəfə doktoru hazırlığı üzrə 2 dissertasiya işi və 8 magistr dissertasiya işi müdafiə olunmuşdur.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev elmi kadr hazırlığının rəhbərlik etdiyi qurumun qarşısında duran əsas vəzifələrdən olduğunu qeyd etdi. Alim bildirdi ki, hər bir şöbə rəhbəri institutda təhsil alan gənclərlə fəal iş aparmalı, onları elmə həvəsləndirməlidir. Əldə olunan mühüm nəticələr institutdaxili elmi seminarlarda müzakirə edilməli, şöbə əməkdaşlarının bu kimi tədbirlərdə aktiv iştirakı təmin olunmalıdır. Gənc tədqiqatçıların elmi araşdırmalarının nəticələrinin nüfuzlu elmi jurnallarda çap olunması üçün tövsiyələr verilməli, bu işə lazımi dəstək göstərilməlidir.

İnstitutda gənc tədqiqatçıların müxtəlif aktual problemlərin həllinə yönəlmiş fundamental elmi tədqiqatlar aparmaları üçün hər cür şəraitin yaradıldığını vurğulayan akademik onlara elmi-nəzəri fəaliyyətin gücləndirilməsini tövsiyə etdi.

Sonda hesabata dair ətraflı müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı