İnstitutun həmtəşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək Noyabr 17, 2021 | 11:31 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib. 30 noyabr – 3 dekabr 2021-ci il tarixlərində Rusiyada təşkil ediləcək “X Milli Superkompüter Forumu” (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) çərçivəsində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə keçiriləcək “Elektron idarəetmədə bulud və paylanmış hesablama sistemləri” beynəlxalq konfransının təşkili və institut əməkdaşlarının iştirakı ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev bildirib ki, institutun sözügedən beynəlxalq konfransa həmtəşkilatçı kimi dəvət olunması təsadüfi deyil. Belə ki, İnformasiya Texnologiyaları İnstitutu ilə müvafiq elmi kollektiv arasında əməkdaşlıq münasibətləri 20 ildən artıqdır ki, davam etdirilir, birgə elmi tədqiqatlar aparılır.

Akademik hər bir ölkənin superkompüter texnologiyaları ilə bağlı siyasətinin vəziyyətinin monitorinqi, əldə olunmuş nailiyyətlərin nümayiş olunması, eləcə də qarşıda duran vəzifə və prioritetlərin müəyyənləşdirilməsini hədəfləyən forumda Azərbaycan Respublikasını hər il ardıcıl olaraq, AMEA İnformasiya Texnologiyaları İnstitutunun təmsil etdiyini bildirib. Qeyd edib ki, institutun AzScienceNet elm-kompüter şəbəkəsinin geniş imkanları, Data Mərkəzdə göstərilən xidmətlər, 7000-ə yaxın kompüterin şəbəkəyə fiberoptik əlaqə kanalları vasitəsilə qoşularaq yüksəksürətli İnternetlə təmin olunması, paylanmış hesablama mühitinin mövcudluğu və s. uzun illərdir ki, müvafiq elmi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində mühüm rol oynamışdır.

“2 il öncə cəmiyyətin elektron idarə olunması, elektron sosio-texnoloji infrastrukturlar, onlayn mühitdə texnoloji platformada sosial institutların yaradılması, onların fəaliyyətinin formalaşdırılması, intellektuallaşdırılması, təhlükəsizliyinin təmin olunması ilə bağlı Rusiya Fundamental Tədqiqatlar Fondu və Rusiya Elmlər Akademiyası ilə birgə qrant layihəmiz Rusiyada qiymətləndirmə mexanizminə əsasən, A sinfinə daxil edilib”, – deyə akademik bildirib. Diqqətə çatdırıb ki, A sinfinə əsasən, riyaziyyat, fizika, kimya elmləri üzrə fundamental tədqiqatlar daxil edilir. İnstitut müvafiq qurumlarla yalnız texnoloji, praktiki, innovativ məsələlərlə bağlı deyil, eyni zamanda virtual platformada da birgə tədqiqatlar aparmışdır.

R.Əliquliyev konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, bulud texnologiyaları, paylanmış hesablamalar, Big Data və s. kimi sahələrdə mövcud elmi-nəzəri və praktiki problemlərin həlli üçün yeni imkanların yaranması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Akademik rəhbərlik etdiyi institutun alim və mütəxəssislərini beynəlxalq konfransda fəal iştirak etməyə, tədbirin mövzusuna uyğun olaraq, prioritet isiqamətlərdə aparılan elmi tədqiqatlara dair məruzələr təqdim etməyə çağırıb.

Çıxışının sonunda AMEA-nın vitse-prezidenti “Elektron idarəetmədə bulud və paylanmış hesablama sistemləri” mövzusunda onlayn beynəlxalq konfransa hazırlıq işlərinin sürətləndirilməsini tövsiyə edib, məsul şəxslərə bir sıra tapşırıqlar verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı