Kiber-fiziki sistemlərin intellektuallaşması problemləri araşdırılır Sentyabr 24, 2021 | 10:33 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında şöbə müdiri Şakir Mehdiyevin “Kiber-fiziki sistemlərin intellektuallaşması: mövcud vəziyyəti, problemləri və perspektivləri” mövzusunda məruzəsi müzakirə edildi.

XXI əsrin ən böyük nailiyyətlərinin aparıcı qüvvəsinin informasiya-kommunikasiya texnologiyaları olduğunu bildirən Ş.Mehdiyev bu texnologiyalar sırasında kiber-fiziki sistemlərin böyük rol oynadığını diqqətə çatdırdı. Hazırda Əşyaların İnterneti, süni intellekt alqoritmləri, hesablama və bulud texnologiyalarında kiber-fiziki sistemlərdən istifadə olunduğunu bildirdi.

Kiber-fiziki sistem anlayışının ilk dəfə 2006-cı ildə “National Science Foundation” direktoru amerikalı Helen Gill tərəfindən işlənildiyini söyləyən məruzəçi qeyd etdi ki, “kiber” sözü hesablama, telekommunikasiya və idarəetməni, “fiziki” sözü fizika qanunlarına tabe olan və fasiləsiz işləyən, təbii və insan tərəfindən yaradılan sistemləri nəzərdə tutur, “sistem” isə bir-biri ilə əlaqədə olan, müəyyən bütövlük yaradan elementlərin toplusudur.

Ən azı bir sensor, aktuator, hesablama qurğusu və şəbəkəyə çıxış imkanının kiber-fiziki sistemlərin əsas komponentləri olduğunu bildirən məruzəçi onların qəbul olunmuş 5C arxitekturu, xassələri və tətbiq sahələri barədə ətraflı danışdı.

Məruzəçinin sözlərinə görə, kiber-fiziki sistemlərin intellektuallaşması istiqamətində aparılmış tədqiqatlarda intellektin linqvistik, məntiqi-riyazi, şəxsi, şəxslərarası, musiqi, məkan, bədən-kinestetik intellekti kimi müxtəlif formaları ayırd edilir. Qeyd edilir ki, hesablamaq, düşünmək, münasibətləri və bənzətmələri qavramaq, təcrübədən öyrənmək, məlumatları yaddaşda saxlamaq və oradan almaq, problemləri həll etmək, mürəkkəb ideyaları anlamaq, təbii dildən səlis istifadə etmək, yeni vəziyyətləri təsnifatlaşdırmaq, ümumiləşdirmək və uyğunlaşdırmaq qabiliyyətləri sistemin intellektini təşkil edir.

“Ətraf mühiti və idarə olunan obyektləri sensorlar vasitəsilə və rəqəmsal hesablamalardan tanıyan, insanabənzər məntiqlə qərarlar verə bilən sistemləri intellektual kiber-fiziki sistemlər kimi qəbul edə bilərik. Kiber-fiziki sistemlərin intellektuallaşmasında əsas problemlərə daxildir: süni intellektə əsaslanan proqram təminatı xeyli yaxşılaşsa da, kompüter avadanlıqlarında geriləmə var. Neyron şəbəkələri çoxlu sayda paralel və ya sadə hesab əməliyyatları tələb edir. Yüksək məhsuldarlıqlı ümumi təyinatlı çiplər çox sayda sadə paralel əməliyyatları dəstəkləyə bilmir. Mövcud standart rəqəmsal platformalar, çiplər və prosessorlar süni intellektlə uyğunlaşmır. Yüksək sürət, hesablama məhsuldarlığı və aşağı enerji istehlakı ziddiyyətlərin yaranmasına səbəb olur. Süni intellektə əsaslanan mükəmməl prosessorlar mövcud deyil”, – deyə Ş.Mehdiyev bildirdi.

Tədqiqatçı 2005-ci ildən başlayaraq, müvafiq sahədə “workshop”ların keçirilməyə başladığını bildirdi, bu zamanadək kiber-fiziki sistemlər haqqında heç bir məlumatın olmadığını qeyd etdi. O, 2005-2021-ci illərdə kiber-fiziki sistemlər, eləcə də intellektual və smart kiber-fiziki sistemlər barədə ingilis dilində çap olunmuş məqalələrin statistikasını təqdim etdi, bu sahə üzrə elmi araşdırmalar aparan, nisbətən yeni yaradılmış institut və mərkəzlər barədə məlumatı diqqətə çatdırdı.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev bildirdi ki, əvvəllər “kibernetika” terminindən törəmiş “kiber” sözü idarə edən, idarəetmə mənalarında işlənirdi. Lakin sonradan İnternet texnologiyalarının yaranması və sürətli inkişafı ilə əlaqədar olaraq, “kiber” əsaslı yeni sözlər yaranmağa başladı. Artıq bu sözlərdəki “kiber prefiksi “İnternet və virtual reallığa aid olan” mənasını özündə ehtiva edir.

Alim kiber-fiziki sistemlərin funksionallığını təmin edən əsas təhlükəsizlik komponenti olan enerji təhlükəsizliyi problemlərinin dərindən araşdırılmasının, müvafiq sahədə dünyanın müasir çağırışlarının öyrənilməsinin zəruriliyini vurğuladı. Kiber-fiziki sistemlərin intellektuallaşması istiqamətində aparılan tədqiqatların milli təhlükəsizliyin təmin olunması problemlərinin həllində önəmini qeyd etdi.

Sonda məruzəyə dair ətraflı fikir mübadiləsi aparıldı, seminar iştirakçılarının çoxsaylı sualları cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı