OLAP-dan istifadə etməklə bitkini xarakterizə edən verilənlər sistemi işlənilir Sentyabr 22, 2021 | 10:08 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti onlayn elmi seminarında şöbəyə təhkim olunmuş doktorant Ləman Həmidova “OLAP-dan istifadə etməklə bitkini xarakterizə edən verilənlər sisteminin ümumi struktur sxeminin işlənməsi” mövzusunda məruzə ilə çıxış etdi.

L.Həmidova bildirdi ki, etnobotanika informasiya sistemi Azərbaycanın bir çox bölgələrində yayılmış, çoxşaxəli əhəmiyyətə malik olan, etnobotaniki xüsusiyyətləri tərkibində saxlayan bitkilər haqqında məlumat toplusundan ibarət olub, ölkəmizin müxtəlif regionlarında yayılmış bitkilərin, onlardan müxtəlif sahələrdə (müalicəvi, qida, yem, boyaq və s.) istifadənin milli folklorumuzda, tariximizdə rolunun müəyyənləşdirilməsini həyata keçirir.

O, bitkinin botaniki təsvirinin, adlandırılmasının, istifadə olunduğu sahələrin kimyəvi tərkibinin və s. onun etnobotanika informasiya sistemində istifadə olunan parametrlərinə aid olunduğunu diqqətə çatdırdı.

Daha sonra L.Həmidova Data Mining sistemlərinin məkan məlumat analizi, informasiya axtarışı, obrazların tanınması, siqnal emalı, kompüter qrafikası, şəbəkə texnologiyası və s. texnikaları özündə birləşdirdiyini söylədi. Qeyd etdi ki, Data Mining sistemi statistika, verilənlər bazası texnologiyası, informatika, vizuallaşdırma kimi meyarlara müvafiq olaraq təsnif edilir.

Məruzəçi Data Mining sisteminin klasterizasiya və reqressiya kimi əsas vəzifələrinin olduğunu vurğuladı: “Qrup – eyni sinfə mənsub olan obyektlərin məcmusudur. Başqa sözlə, oxşar obyektlər bir qrupda və oxşar olmayan obyektlər başqa qrupda birləşdirilir. Reqressiya funksiyaları asılı dəyişənlərlə bir və ya daha çox müstəqil dəyişənlər arasında münasibətləri müəyyən etmək üçün istifadə olunur. Yaş, çəki, məsafə, temperatur, gəlir və ya satış – bütün bunları reqressiya metodlarından istifadə etməklə proqnozlaşdırmaq olar”.

Daha sonra L.Həmidova OLAP (Online Analytical Processing) texnologiyası haqqında məlumat verdi. Qeyd etdi ki, analitik emal və ya OLAP, hesablama texnikasında çoxölçülü analitik sorğulara cəld cavab verməyə kömək edən yanaşmadır. OLAP, həmçinin relyasion məlumatlar bazasının, hesabatların yazılmasının və Data Miningi əhatə edən işgüzar intellektin daha geniş kateqoriyasının bir hissəsidir.

O, OLAP texnologiyasının Etnobotanika informasiya sistemində istifadəsinin əhəmiyyətindən söhbət açaraq, bunun bitki taksonomiyalarını almaq üçün istifadə edilən, oxşar funksional imkanlarla növləri kateqoriyalara bölən və əhaliyə ayrılmaz strukturlar haqqında məlumat verə bilən biologiya sahəsində istifadə olunduğunu söylədi.

Tədqiqatçı OLAP-ın klassik forması olan MOLAP (çoxölçülü onlayn analitik emal) haqqında danışdı. Qeyd etdi ki, MOLAP-ın üstünlükləri ilə yanaşı, bir sıra çatışmazlıqları da mövcuddur. Sürətli sorğu icrası, çoxölçülü indeksləşdirmə və ehtiyat üçün keş-yaddaş, məlumatın relyasion məlumatlar bazası ilə müqayisədə daha kiçik disk ölçüsünə malik olması, məlumatın avtomatlaşdırılmış hesablanması və s. MOLAP-ın üstün cəhətləri sırasındadır. Lakin geniş məlumat həcmlərində MOLAP həlli çərçivəsində bəzi addımların xüsusilə uzun ola bilməsi onun çatışmazlıqlarındandır.

Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev çıxış edərək, tədqiqat işinin elmiliyinin artırılmasının əhəmiyyətini vurğuladı: “Məqsədimiz praktiki informasiya sisteminin deyil, bitki ilə insan, botanika ilə cəmiyyət arasında formalaşan informasiya mühitinin nəzəri modelinin yaradılmasıdır”.

Sonda məruzəyə dair fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr irəli sürüldü.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı