İnformasiya Texnologiyaları İnstitutunun gənc alimləri mühüm elmi nəticələr əldə ediblər İyun 09, 2021 | 11:32 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında Gənc alim və mütəxəssislər şurasının sədri, institutun dissertantı və böyük elmi işçi Nərmin Adıgözəlova çıxış edərək, şuranın fəaliyyəti haqqında məlumat verdi.

İnstitutda çalışan gənclərin təhsil pillələri, struktur bölmələri üzrə paylanması haqqında danışan məruzəçi, bu elmi qurumda və digər ali təhsil müəssisələrində təhsil alan magistrantlar, institutda çalışan və təhsil alan doktorant və dissertantlar, eləcə də institutun gənc texnika üzrə fəlsəfə doktorları barədə məlumatları seminar iştirakçılarının diqqətinə çatdırdı.

N.Adıgözəlova institutda 5 texnika üzrə fəlsəfə doktorunun fəaliyyət göstərdiyini, 13 magistr və 11 bakalavrın hazırda öz təhsilini davam etdirdiklərini dedi. 2021-ci ildə institutun doktorant və dissertanturasına 5 gəncin qəbul olunduğunu diqqətə çatdırdı. Həmçinin müdafiə prosesində olan dissertasiya işləri haqqında məlumat verdi.

İnstitutun gənc alimlərinin 2021-ci ildə əldə etdikləri əsas nailiyyətlərdən danışan məruzəçi, Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransının “Kibertəhlükəsizliyin problemləri” bölməsi üzrə institutun doktorantı Orxan Vəlixanlının 1-ci, kiçik elmi işçi Elşən Bağırovun isə 2-ci yerə layiq görüldüklərini dedi. 

Qeyd etdi ki, konfransda, həmçinin institutun gənc tədqiqatçısı Leyla Məmmədova 1-ci, Eltun Əhmədov 2-ci yerin qalibi olublar.

O, institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın elmi ekspertiza fəaliyyətinə görə nüfuzlu jurnalların redaksiya heyəti tərəfindən rəyçi sertifikatlarına layiq görüldüyünü nəzərə çatdırdı.

Sonra çıxış edən institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev AMEA-da və institutda hər zaman gənclərə diqqət və dəstək göstərildiyini nəzərə çatdırdı. Yüksəkixtisaslı gənc kadrların yetişdirilməsi, gənclərin mühüm elmi nailiyyətlər əldə etməsi üçün onlarla məqsədyönlü işin aparılmasının önəmini qeyd edən alim bu işdə institutun alim və mütəxəssislərini fəal iştiraka çağırdı.

“İngilis dilini bilmək müasir dünyanın vətəndaşına çevrilmək deməkdir”, - söyləyən alim rəhbərlik etdiyi qurumun əməkdaşlarını hər həftə özünün rəhbərliyi və institutun bir qrup əməkdaşının iştirakı ilə keçirilən ingilis dili dərslərinə qoşulmağa, dil biliklərini inkişaf etdirməyə çağırdı.

R.Əliquliyev qeyd etdi ki, Gənc alim və mütəxəssislər şurasının fəaliyyəti müasir dövrün çağırışlarına cavab verməli, şura üzvləri qarşıya qoyulan hədəflərə çatmaq üçün elmi fəaliyyəti gücləndirməli, yeni yanaşmalar ortaya qoymalıdırlar.

Akademik nitqinin sonunda gənclərin institutu AMEA-da və digər təşkilatlarda layiqincə təmsil etdiklərini bildirərək, Gənc alim və mütəxəssislər şurasının fəaliyyətini yüksək qiymətləndirdi, onlara Azərbaycan elminin inkişafı naminə daha fəal olmağa çağırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı