Verilənlərin emalı mərkəzlərində resurslardan daha səmərəli istifadə etmək üçün metod təklif olunub İyun 11, 2020 | 03:02 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin növbəti elmi seminarı onlayn formada keçirildi. Tədbiri giriş sözü ilə açan institutun  texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Verilənlərin emal mərkəzlərində bulud texnologiyaları əsasında virtual resursların səmərəli istifadəsi metodları” mövzusunda magistr dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi.

Sonra institutun magistrantı Arzu Həsənli 3 fəsildən ibarət olan tədqiqat işini təqdim etdi. O, bulud texnologiyalarının əsas məqsədinin istifadəçinin ödənişi müqabilində çevik bulud xidmətləri təklif etməklə müştərilərin yeni aparat və ya proqram təminatına investisiya ehtiyacını azaltmaqdan ibarət olduğunu diqqətə çatdırdı.

O, tədqiqat işinin məqsədinin istifadəçilərin işini asanlaşdıran, onların vaxt və maliyyə itkisini minimuma endirən daha səmərəli xidmət və metod təqdim etmək olduğunu bildirdi.

Məruzəçi qeyd etdi ki, burada həlli nəzərdə tutulan məsələlərə hesablama buludlarının arxitektur-texnoloji prinsiplərinin araşdırılması, hesablama buludlarında istifadə edilən modellərin, xidmətlərin analiz və tədqiq edilməsi, bulud texnologiyalarında serversiz hesablama xidmətinin konseptual modelinin işlənməsi və s. daxildir.

A.Həsənli bulud texnologiyalarının arxitekturası və modellərindən bəhs edərək bildirdi ki, bulud texnologiyalarının arxitekturasına server, saxlama qurğuları, şəbəkə, bulud idarə proqramı, yerləşdirmə proqramı və virtual maşın idarəedicisi daxildir.

İkinci fəslin bulud texnologiyalarında hesablama və yaddaş resurslarından səmərəli istifadə məsələlərinə həsr olunduğunu qeyd edən məruzəçi ən geniş yayılmış bulud xidməti modellərini diqqətə çatdırdı. Qeyd etdi ki, bu modellərə proqram təminatı xidməti kimi “Software as a Service”, platforma xidməti kimi “Platform as a Service”, infrastruktur xidməti kimi “İnfrastructure as a Service” aiddir.

Daha sonra o, bulud xidmətləri modelləri və ənənəvi server modelinin müqayisəli təhlilini, eləcə də hesablama buludlarında hesablama resurslarından səmərəli istifadə metodlarını təqdim etdi.

Üçüncü fəsildə isə məruzəçi bulud texnologiyalarında təhlükəsizlik məsələlərindən bəhs edildiyini, bulud təhlükəsizliyinə identifikasiya, məlumat, infrastuktur, şəbəkə və proqram təminatı təhlükəsizliyinin daxil olduğunu bildirdi.

Dissertasiya işində alınmış əsas nəticələrdən bəhs edən A.Həsənli bulud texnologiyalarının arxitekturasının analiz edildiyini, hesablama buludlarının modellərinin müqayisəli analizinin aparıldığını, modellərin üstünlükləri, çatışmazlıqları, ortaq və fərqli cəhətlərinin aşkarlandığını diqqətə çatdırdı. Qeyd etdi ki, tədqiqat işində verilənlərin emalı mərkəzlərində resurslardan daha səmərəli istifadə etmək üçün metod təklif edilmişdir. Onu da vurğuladı ki,  buludlarda yerləşən məlumatlara yönələn təhdidlər, potensial hücumlar araşdırılmış, məlumatların mühafizəsi problemləri tədqiq edilmiş və təhlükəsizlik mexanizmlər işlənmişdir.

Şöbə müdiri R.Ələkbərov mövzu ilə bağlı öz tövsiyələrini səsləndirərək mövzunun müasir dövrümüzdə böyük aktuallıq kəsb etdiyini söylədi. O, bulud texnologiyaları əsasında virtual resursların səmərəli istifadəsi metodları ilə bağlı araşdırmaların dərinləşdirilməsinin vacibliyini qeyd etdi.

Sonda onlayn tədbirin iştirakçıları tədqiqat  işi ilə əlaqədar sual və təkliflərini səsləndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı