İnternet-sosiologiya və onun problemləri tədqiq olunur Fevral 14, 2020 | 10:39 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. “İnternet-sosiologiya və onun problemləri” mövzusunda məruzəni şöbənin böyük elmi işçisi Könül Daşdəmirova təqdim edərək tədqiqatın əsas məqsədinin cəmiyyətdə mövcud olan informasiya mühitini, informasiya mübadiləsi aparılan zaman insanlar arasında qarşılıqlı əlaqə formalarını tədqiq edən İnternet sosiologiya, Azərbaycanda İnternet sosiologiyanın vəziyyətinin araşdırılması olduğunu bildirdi. O, cəmiyyətin təşəkkülü, mövcudluğu və inkişafı, sosial qruplar və sosial münasibətlər haqqında elm olan sosiologiya haqqında ümumi məlumat verdi. Qeyd etdi ki, sosiologiyanın predmeti cəmiyyət, onu təşkil edən sosial münasibətlərdir.

K.Daşdəmirova sosial qrupların xüsusiyyətlərinə görə təsnifatını təqdim edərək şəxsiyyət, təhsil, siyasi, iqtisadi, İnternet, tibb, dilin sosiologiyası kimi müxtəlif sahələri olan sosiologiya elminin strukturunda ümumsosioloji, xüsusi sosioloji nəzəriyyələr və sosioloji tədqiqatlar səviyyələrinin mövcud olduğunu bildirdi.

Məruzəçi İnternet-sosiologiyanın 1990-cı illərin sonlarında formalaşmağa başladığını bildirərək 2000-ci illərdən etibarən rəqəmsal sosiologiyanın meydana gəldiyini vurğuladı.

Onun sözlərinə görə, İnternet sosiologiya sosiologiyanın inkişafında nisbətən yeni istiqamətdir. Onun tədqiqat obyekti cəmiyyətdə mövcud olan informasiya mühitinin təhlili, araşdırma obyekti isə İnternetin auditoriyası və məlumat mübadiləsi zamanı insanlar arasında sosial-mədəni qarşılıqlı fəaliyyət formalarıdır.

“İnternet sosiologiya müasir dünyada informasiya və ünsiyyətin əsas mənbələrindən biri kimi sosioloji nəzəriyyə və metodologiyanın İnternetə tətbiqini nəzərdə tutur”, - deyə bildirən K.Daşdəmirova sosioloqların sosial şəbəkə, virtual icmalar və İnternetin yaranması və inkişafı ilə əlaqədar yaranan yeni qarşılıqlı əlaqə yolları ilə texnologiyanın sosial əhəmiyyətini və təsirini araşdırdıqlarını qeyd etdi.

K.Daşdəmirova rəqəmsal sosiologiya sahəsində tədqiqatların əsas istiqamətlərindən bəhs edərək şəxsi səviyyə, qrup səviyyəsi və sosial səviyyənin problemlərini qeyd etdi.

Tədqiqatçılar tərəfindən İnternet vasitəsilə məlumatların toplanması üsulu olan onlayn tədqiqat metodlarından (İnternet tədqiqatlar, İnternet elmi, iScience, və ya veb-metodlar) söz açan məruzəçi etnoqrafik metodların tətbiqi ilə İnternet mühitində icmaların və mədəniyyətlərin öyrənilməsinə yönəlmiş onlayn tədqiqat üsulu olan kiber-etnoqrafiya barədə danışdı. O, yüksək keyfiyyətli məlumatların toplanması üçün istifadə edilən onlayn tədqiqat texnologiyası olan İnternet-fokus qruplarından söz açdı.

Məruzə ilə bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev mövzunun müasir dövrdə aktuallıq kəsb edən məsələlərdən olduğunu diqqətə çatdırdı. Akademik bu istiqamətdə tədqiqatların daha da dərinləşdirilməsini, məqalələrin hazırlanmasını və mütəmadi olaraq elmi seminarların keçirilməsini tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı