İntellektual texnologiyaların sosial-iqtisadi proseslərə tətbiqi istiqamətində tədqiqatlar aparılır Yanvar 28, 2014 | 12:06 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Məsumə Məmmədova institutun illik hesabat iclasında şöbədə aparılan elmi-tədqiqat, elmi-innovasiya və digər məsələlər haqqında əhatəli məruzə ilə çıxış edib. M.Məmmədova intellektual texnologiyaların sosial-iqtisadi proseslərə tətbiqi istiqamətində aparılan tədqiqatları nəzərə çatdıraraq sosiumun idarə olunması məsələsinin əhəmiyyətindən danışıb. O, bu sahənin fundamental və prioritet problemlərdən olduğunu söyləyərək, sosioinformasiya texnologiyaları problemlərinin araşdırıldığını bildirib. Şöbə müdiri qloballaşma, informasiyalaşdırma, ekologiya, informasiya təhlükəsizliyi, yeni geosiyasi rejimin yaradılması kimi məsələlərin sosiumun idarə olunmasının fundamental probleminin aspektləri olduğunu vurğulayıb. 

M.Məmmədova əmək bazarında İT mütəxəssislərə tələb və təklifin intellektual idarə olunması, İT mütəxəssislər bazarında tələb və təklifin formalaşdırılması prinsiplərinin və qarşılıqlı münasibətlərinin funksional modelləri, İT mütəxəssislərin professional keyfiyyətlərinin aşkarlanması və axtarılan təsvirinin (professional portretinin) formalaşması model və metodlarının, İT mütəxəssislər bazarının vəziyyətinin proqnozlaşdırılması metodlarının işlənilməsi istiqamətində araşdırmaların aparıldığını da qeyd edib. 

Şöbə müdiri həmçinin biliklərin əldə olunmasında yeni təhsil üsullarının üstünlüklərindən də danışıb. Tədris prosesinin təşkili üçün avtomatlaşdırılmış distant təlim sistemi olan elektron universitetin yaradılmasının informasiya cəmiyyətinin tələblərindən olduğunu bildirərək Azərbaycanda elektron universitetin fəaliyyət konsepsiyasının model və metodlarının işlənilməsi üzərində işlərin aparıldığını söyləyib. 

M.Məmmədova insan resurslarının idarə olunmasında qərarların qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının işlənilməsi ilə bağlı işlərin aparıldığını qeyd edərək, əldə olunmuş nəticələrin “Computer Technology and Application” (ABŞ) və “Technical Journal of Engineering and Applied Sciences” (Türkiyə) kimi nüfuzlu jurnallarda dərc olunduğunu bildirib. 

Məruzəçi linqvistik informasiya texnologiyaları problemlərinin araşdırılması istiqamətində də aparılan işlər haqqında məlumat verərək kompüter linqvistikası sahəsində öyrədici sistemin yaradılması üçün mühüm nəticələrin əldə edildiyini bildirib: “Linqvistik informasiya texnologiyalarının tətbiqi ilə ingilis-azərbaycan dilli situasiyada öyrədici sistem, örədici ekspert sisteminin diaqnostik modulunun iş prinsipi işlənilir”. 

O, həmçinin “Azərbaycan Respublikasının İKT sahəsində kadr potensialı barədə məlumat sisteminin işlənməsi” və “SOCAR üçün intellektual informasiya texnologiyalarının tətbiqi ilə insan resurslarının səmərəli idarə olunması problemlərinin həlli mexanizmlərinin işlənilməsi” layihələrinin hazırlanması və həyata keçirilməsinin önəmliyini də qeyd edərək görülən işlərlə bağlı məlumat verib. 

Məruzəçi “İnsan resurslarının idarə olunması məsələlərinin həllində qeyri-səlis məntiq üsullarının tətbiqi” adlı monoqrafiyanın hazırlanması, tanınmış elmi jurnallarda nəşr olunmuş məqalələr, şöbəyə təhkim olunmuş dissertantların minimum imtahanlarının verilməsi ilə bağlı məlumatları təqdim edib. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı