“İnternetşünaslıq: problemlər, konseptual baxışlar, perspektivlər” mövzusunda müzakirələr aparılıb Yanvar 28, 2014 | 11:31 / Konfranslar, iclaslar

“Azərbaycanda İnternet: dünəni, bu günü və sabahı” mövzusunda respublika elmi-praktiki konfransının bölmə iclası keçirilib. İclasda İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları “İnternetşünaslıq: problemlər, konseptual baxışlar, perspektivlər” mövzusu ətrafında məruzələrlə çıxış ediblər. 

İnstitutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev “İnternet riyaziyyatın meydana gəlməsi zərurəti, müasir vəziyyəti və aktual problemləri” adlı məruzəsini təqdim edib. Riyaziyyat elminin inkişaf mərhələlərindən söz açaraq onun yaranması, tərəqqi dövrü, həmçinin müasir vəziyyətinə dair məlumatları diqqətə çatdırıb, aktual problemlərinə toxunub, İnternet riyaziyyatın meydana gəlməsi və inkişaf istiqamətləri haqqında məlumat verib. 

AzScienceNet elm kompüter şəbəkəsinin mövcud vəziyyəti və perspektivləri mövzusu ilə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov çıxış edib. Şəbəkənin inkişaf mərhələləri, infrastrukturunun mövcud vəziyyəti, Hostinq, Eduroam, Cloud Computing kimi xidmətlərindən söz açıb. AMEA-nın institut və təşkilatlarında yeni xidmət sahələrinin yaradılması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. 

“Azərbaycanın ilk veb-saytı: yaradılması və inkişaf mərhələləri” adlı məruzə ilə çıxış edən şöbə müdiri Gülnarə Nəbibəyova science.gov.az portalının inkişaf mərhələləri haqqında danışıb. Bildirib ki, portalın əsas vəzifəsi AMEA və bütövlükdə respublika elmi mühitində baş verən yenilikləri ölkə və dünya ictimaiyyətinə çatdırmaqdır. G.Nəbibəyova, həmçinin science.gov.az-ın təkmilləşdirilməsilə bağlı həyata keçirilən tədbirlərdən söhbət açıb. 

Şöbə müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əlövsət Əliyev İnternet iqtisadiyyatının mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı çıxış edib. Bildirib ki, İnternetin cəmiyyətdə və iqtisadiyyatda rolunun daha da artması, onun müxtəlif aspektlərinin beynəlxalq səviyyədə tədqiq olunması İnternet iqtisadiyyatı problemlərinin araşdırılması zərurətini ortaya qoymuşdur. 

O, həmçinin İKT sənayesinin mövcud vəziyyəti, İnternet-iqtisadiyyatın inkişaf perspektivləri və onun inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətinin əsasları haqqında məlumat verib. 

İnstitutun sektor müdiri Rəna Qasımova “Virtual Azərbaycanın formalaşması: problemlər və həlli yolları” adlı məruzəsini təqdim edərək bu sahədə mövcud problemlərdən danışıb. Qeyd edib ki, statistik verilənlərdən istifadə etməklə aparılan təhlillər domen adları ilə bağlı bir çox məsələlərin xarakterini müəyyən etməyə imkan vermişdir. 

“İnternetdə Azərbaycan dilli kontentlərin mövcud vəziyyəti: problemlər və həlli yolları” adlı mövzu ilə sektor müdiri İradə Ələkbərova çıxış edib. Azərbaycanda İnternetin inkişafı ilə bağlı bəzi statistik göstəriciləri diqqətə çatdıran məruzəçi qeyd edib ki, hazırda ölkəmzidə qlobal şəbəkə istifadəçilərinin sayı 5 milyonu ötüb. Əhalinin 65 mindən çoxu Wikipedia onlayn ensiklopediyasının istifadəçiləridir.

O, .az domeni altında istifadə olunan kontentin dillər üzrə paylanması haqqında statistikanı da təqdim edib. 

Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı