BƏƏ-də dünyanın ilk süni intellekt universiteti açılacaq

24 Oktyabr 2019 - 10:24 | Maraqlı məlumatlar
BƏƏ-də dünyanın ilk süni intellekt universiteti açılacaq

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə tələbələrə süni intellekt ixtisası verən ilk universitet açılacaq. Dubay “Mohamed bin Zayed University of Artificial Intelligence” adlı ali təhsil müəssisəsinin açılışı 2020-ci ilin avqust ayına planlaşdırılır.

“Russianemirates” saytının məlumatına görə universitetdə süni intellekt texnologiyalarının inkişafı ilə məşğul olan tələbələr, biznes və hökumət şirkətlərinin nümayəndələri təhsil alacaqlar. Ali təhsil müəssisəsi tələbələrinə sənayenin ən qabaqcıl biliklər və təcrübələrini qazandıracaq.

BƏƏ-nin Dövlət naziri Sultan Əhməd Əl Cabir Universitetin Qəyyumlar Şurasının sədri seçilib. Şuranın üzvləri arasında Oksford, Miçiqan, Massaçusets və Pekin universitetlərinin professorları da var.

Mütəxəssislərin verdiyi məlumata görə, 2030-cu ilədək süni intellekt texnologiyalarının dünya iqtisadiyyatına töhfəsi 16 trilyon dollara çatacaq, BƏƏ-nin ümumi daxili məhsulunda payı isə 14% olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.