İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın iclası keçirildi Sentyabr 23, 2014 | 09:50 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın iclası keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi. O, öncə institutun struktur bölmələrinin 2014-cü ilin 9 ayı üzrə hesabatlarının keçirilməsi haqqında çıxış etdi. Bildirdi ki, AMEA-da son zamanlar həyata keçirilən məqsədyönlü islahatlar, ölkəmizdə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul olunması, o cümlədən biliklər cəmiyyətinin bərqərar olması bütün elmi qurumlarda olduğu kimi, institutda da elmi-nəzəri fəaliyyətin gücləndirilməsini daha da zəruri etmişdir. 

Bununla bağlı olaraq, daha aktual problemlərin aşkar olunması, dərin elmi  araşdırmaların aparılması və əldə olunan nəticələrin dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında çap olunması hər bir şöbənin qarşısına mühüm vəzifə kimi qoyulmuşdur. AMEA rəhbərliyinin Azərbaycan elminin inkişafı ilə bağlı tələblərinin yerinə yetirilməsi üçün şöbələrin fəaliyyətinin daha səmərəli, elmi əsaslarla təşkili vacib məsələlərdəndir.

Qeyd etdi ki, dünya üzrə mövcud elmi problemlərin araşdırılması və Azərbaycan alimlərinin beynəlxalq aləmə inteqrasiyası həm dövlətin, həm də xalqın maraqlarına xidmət etməli, eyni zamanda fundamental-nəzəri elmlərin inkişafına öz töhfəsini verməlidir.

Ölkənin müxtəlif fondları vasitəsilə institut əməkdaşlarına ayrılan çoxsaylı qrantlardan söz açan R.Əliquliyev şöbə əməkdaşlarının innovativ layihələrdə iştirakının mühüm elmi nəticələrin əldə olunmasında böyük rol oynayacağını dedi.

Sonra alim hesabatların nəticələrini diqqətə çatdıraraq 9 ay ərzində bir sıra şöbələrdə elmi fəaliyyətin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirləri təqdirəlayiq hal kimi qiymətləndirdi.

Ölkədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif problemlərinin araşdırılması istqamətində ən aparıcı qurumlardan olan İnformasiya Texnologiyaları İnstitutunun böyük potensiala malik olduğunu vurğulayaraq, hər bir əməkdaşı yaradılan şəraitdən yararlanmağa səslədi.

Qeyd etdi ki, şöbələrin illik fəaliyyətinin nəticələrinə həsr olunacaq hesabatlarda bütün institut əməkdaşlarının iştirakı təmin olunmalıdır.

Daha sonra alim 17 may - İnformasiya cəmiyyəti gününə həsr olunmuş "İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri" elmi-praktiki konfransının keçirilməsi haqqında fikirlərini bölüşdü: "Son zamanlar Prezident İlham Əliyev ölkənin informasiya təhlükəsizliyi məsələlərinə xüsusi diqqət ayırır. İnformasiya texnologiyalarının geniş tətbiqi, ölkədə yeni reallıqların meydana çıxması, vətəndaşlara elektron xidmətlərin göstərilməsi insanların həyatına gətirdikləri üstünlüklərlə yanaşı, müəyyən problemlər yaradır. Bütün bunlar institutun təşəbbüsü ilə informasiya təhlükəsizliyi problemlərinə həsr olunmuş növbəti elmi-praktiki konfransın keçirilməsini zəruri edir".

Əsas məqsəd ölkənin informasiya təhlükəsizliyi siyasətinin həyata keçirilməsinə elmi dəstək verməkdir. Konfrans informasiya təhlükəsizliyi problemləri istiqamətində bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə beynəlxalq aləmdə aparılan elmi tədqiqatlarla tanışlıq və Azərbaycan alimlərinin diqqətini bu sahəyə yönəltmək baxımından mühüm əhəmiyyətə malikdir. 

Tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən İT mütəxəxssislərin, bu sahədə çalışanların iştirakı gözlənilir. Alimin sözlərinə görə, 2 gün davam edəcək konfransda informasiya təhlükəsizliyinin multidistiplinar problemləri müzakirə olunacaq, əldə olunan nəticələr ölkə ictimaiyyətinə çatdırılacaq.

R.Əliquliyev, həmçinin AMEA prezidenti Akif Əlizadənin təşəbbüsü ilə Azərbaycan alimlərinin I qurultayının keçirilməsi barədə məlumat verdi. Bildirdi ki, dekabr ayı üçün nəzərdə tutulan qurultayın işçi qrupunun yaradılması və tərkibinin müəyyənləşdirilməsi İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilmişdir.

Alim qurultayın yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlərin görülməsi, qurultayda müzakirə olunacaq məsələlərin dünya ictimaiyyətinə çatdırılması və tədbirin dünya azərbaycanlılarının intellektual toplantısına çevrilməsi üçün institutun üzərinə düşən vəzifələrdən də söz açdı.

Sonda qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı