“Vətəndaş elmi” kitabı çapdan çıxıb Aprel 06, 2018 | 04:44 / Yeni nəşrlər

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri Təhmasib Fətəliyevin birgə müəllifi olduğu “Vətəndaş elmi” adlı kitab işıq üzü görüb. Kitabın elmi redaktoru institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevdir.

İnstitutun Elmi şurasının qərarı ilə çap olunmuş kitabda vətəndaş və informasiya cəmiyyətlərinin formalaşması məsələləri, bu cəmiyyətlərin ayrılmaz tərkib hissəsinə çevrilmiş, e-elmin inkişafının yeni istiqaməti kimi formalaşan vətəndaş elminin məqsədləri, mahiyyəti, xarakterik xüsusiyyətləri və qabaqcıl vətəndaş elmi layihələri tədqiq edilmişdir. Vətəndaş elminin formalaşması və inkişafında müasir informasiya texnologiyaları və sosial medianın rolu araşdırılmış, onun e-elmlə qarşılıqlı əlaqəsi göstərilmişdir.

Nəşrdə, tədqiqatların nəticəsi kimi vətəndaş elmi layihələrinin sosial, humanitar, təbiət, coğrafiya, ətraf mühitin tədqiqi, astronomiya elmlərində, proqram vasitələrinin inkişafında müvəffəqiyyətlə tətbiq olundugu göstərilir. Vətəndaş elmi təhsil, elm, cəmiyyət, hökumət, biznes və media sahələri üçün bir çox faydalar yaradır:

• elmdə tədqiqatların coğrafi miqyası genişlənir, verilənlərin onlayn toplanması nəticəsində çəkilən xərclər azalır, verilənlərin həcminin artması, elmi araşdırmaların dəqiqliyi və keyfiyyəti yüksəlir, gənclərin elmə marağı daha da artır;

• təhsildə müəllim və tələbələrin tədqiqatlarda iştirak dərəcəsi artır, yeni elmi istiqamətlər müəyyənləşdirilir, ünsiyyət üsulları inkişaf etdirilir;

• cəmiyyətdə təkmilləşdirilmiş qərarlar qəbul edilir, rasional məntiqi elmi düşüncə inkişaf etdirilir, ətraf mühitə təsirin daha yaxşı öyrənilməsi ilə onunla davranış üsulları yaxşılaşdırılır, cəmiyyət-vətəndaş əlaqələri dərinləşir, cəmiyyət üzvlərinin zehni və fiziki sağlamlığı artır;

• hökumətdə ətraf mühit siyasətinin və tibbi prosedurların qəbulu yaxşılaşır, iqlim dəyişkənliyi təsirlərinin monitorinqinə nəzarət güclənir, tədqiqat, monitorinq, kommunikasiya və informasiya-təşviqat tədbirləri ilə əlaqədar xərclər azalır;

• biznesdə mühit yaxşılaşır, iş təcrübəsi artır, biznes göstəriciləri, idarəetmə və uçot işləri təkmilləşir;

• mediada ikitərəfli informasiya mübadiləsi ilə cəmiyyətlə daha dərin səviyyəli əlaqələr təklif edilir.

Bütün bunlar qeyd etməyə əsas verir ki, ölkədə vətəndaş elminin təbliği, milli maraqlar kəsb edən müvafiq beynəlxalq layihələrdə iştirak və eyni zamanda ətraf mühitin mühafizəsi daşqın, yanğın, torpaq sürüşmələri, epidemioloji xəstəliklərin yayılması, nəqliyyatda tıxacların, e-tullantı problemlərinin tədqiqi və s. kimi milli əhəmiyyətli layihələrin işlənilməsi mühüm əhəmiyyət kəsb edən məsələlərdir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının qərarı ilə çapa tövsiyə olunmuş kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, “Vətəndaş elmi” kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə hazırlanmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı