Rəqəmsal obyekt identifikatoru nə üçün lazımdır? Mart 03, 2017 | 04:40 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında institutun əməkdaşı Könül Əliyeva “DOI nömrələrinin alınması haqqında” məruzə ilə çıxış etdi. Bildirdi ki, rəqəmsal obyekt identifikatoru (Digital Object Identifier, DOI) obyektləri təyin etmək üçün davamlı identifikator növüdür. ISO standartı əsasında fəaliyyət göstərən sistem DOI adlarının təyini və daimi istifadəsi üçün texniki və sosial infrastrukturu təmin edir, Beynəlxalq DOI Təşkilatı (International DOI Foundation) tərəfindən idarə olunur.

Onun sözlərinə görə, istər elektron, istərsə də fiziki formada mövcud olan bütün yaradıcı işlərə (mətn, şəkil, audio və video, lisenziya, tərəflərin sövdələşməsi və s.) DOI adı verilə bilər. DOI adları həmçinin müxtəlif səviyyəli obyektlərə təyin edilir: jurnallar, jurnalın fərdi nömrəsi və ya fərdi məqaləsi, məqalədə hər hansı cədvəl, kitablar, qrafiklər və s.

Məruzəçi bildirdi ki, DOI adları prefiks və suffiks olmaqla, 2 hissədən ibarət olur. Hiperkeçiddə “doi.org” domen adından sonra qeyd olunan 10 ədədi DOI adını, növbəti hissə bu adın alındığı qeydiyyat agentliyini, digəri isə təşkilatı və intellektual məhsulu göstərir.

“Obyekt haqqında metadata DOI adı ilə birlikdə saxlanılır. Sənədlərə verilən DOI adları məkan, müəllif və metadata dəyişdikdə belə sənədin mövcud olduğu müddətdə qüvvədə qalır”, – deyə K.Əliyeva bildirdi. Nəzərə çatdırdı ki, Qeydiyyat Agentlikləri DOI prefikslərini təyin edir, DOI adlarının qeydiyyatını həyata keçirir, metadatanı yaratmaq və obyekt mövcud olduğu müddətdə saxlamaq üçün zəruri infrastrukturu təmin edir. Hazırda 133 milyon DOI adı mövcuddur və dünyada 5000 təşkilat ondan istifadə edir.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev sistemin virtual məkanda intellektual mülkiyyətin və müəllif hüquqlarının qorunmasının yeni texnologiyası olduğunu diqqətə çatdırdı, DOI nömrələrinin alınmasının önəmini vurğuladı.

Alim rəhbərlik etdiyi quruma məxsus olan hər növ intellektual mülkiyyətin qorunması məqsədilə institutda müvafiq sahədə xarici təcrübənin öyrənilməsi, sistemin xüsusiyyətləri və s. istiqamətində araşdırmalara başlanılmasının və bütün əməkdaşların bu prosesdə fəal iştirak etməsinin zəruriliyini önə çəkdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı