Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənilməsi aktual məsələlərdəndir Noyabr 11, 2016 | 09:45 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin növbəti elmi seminarı keçirilib. Tədbiri giriş sözü ilə açan şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev iclasın texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirib.

Sonra iddiaçı texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənilməsi” mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırıb.

R.Şıxəliyev bildirib ki, kompüter şəbəkələrinin miqyası və emal olunan informasiyanın həcminin böyüməsi, şəbəkə istifadəçiləri, xidmətləri və avadanlıqlarının sayının və funksional imkanlarının artması onların monitorinqini çətinləşdirir və onların daimi işlək vəziyyətinin təmin edilməsi üçün vacib olan məsələlərin həllini tamamilə insan faktorundan asılı edir. Hazırda mövcud şəbəkə monitorinq sistemlərinin geniş funksional imkanlara malik olmasına baxmayaraq, kompüter şəbəkələrinin idarə edilməsi mürəkkəb proses olaraq qalır və qərar qəbul edən şəxsdən böyük əmək, təcrübə və bilik tələb edir. Bu baxımdan kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənilməsi aktual məsələlərdəndir.

İddiaçının sözlərinə görə, dissertasiya işinin məqsədi kompüter şəbəkələrinin konfiqurasiyası, etibarlılığı, effektivliyi, təhlükəsizliyinin vəziyyəti və bütövlükdə onun fəaliyyəti haqqında lazımi verilənlərin toplanması, saxlanması, dəqiq analizi və əsaslandırılmış qərarların qəbul edilməsinə imkan verən intellektual monitorinq metod və modellərinin işlənməsidir.

R.Şıxəliyev tədqiqat işində kompüter şəbəkələrinin monitorinqinin müasir vəziyyətinin, intellektual texnologiyaların kompüter şəbəkələrinin monitorinqi üçün istifadəsi məsələlərinin analiz edildiyini, kompüter şəbəkələrinin intellektual monitorinqi sisteminin konseptual strukturunun, eləcə də kompüter şəbəkələrinin monitorinqinin multiagentlər əsasında çoxsəviyyəli konseptual arxitekturunun işlənildiyini nəzərə çatdırıb.

Qeyd edib ki, kompüter şəbəkələrinin onlayn monitorinqinin optimallaşdırılması modeli, kompüter şəbəkələrinin aktiv monitorinqinin intellektuallaşdırılması üçün real zaman ekspert sisteminin istifadəsi ilə arxitektur, verilənlər axını modelləri əsasında kompüter şəbəkələrinin monitorinqi modeli, şəbəkə trafikinin analizi və klassifikasiyası üçün yanaşma, şəbəkə monitorinqi üçün istifadə edilən şəbəkə trafiki əlamətləri çoxluğunun azaldılması metodu və internet trafikində trendlərin aşkarlanması üçün ardıcıl şablonların aşkarlanması alqoritmi əsasında metod işlənilmişdir.

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Çoxsaylı suallar cavablandırılıb. Təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı