İnnovativ mühitin formalaşdırılması texnoparkların idarə olunmasının səmərəliliyinə təsir edən mühüm amildir Noyabr 01, 2016 | 10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin texnoparklarda innovativ mühiti xarakterizə edən göstəricilərin işlənilməsi məsələlərinə həsr olunmuş elmi seminarı keçirilib.

Öncə şöbə müdiri dosent Əlövsət Əliyev müasir iqtisadi inkişafda İKT-nin, bilik və innovasiyaların əhəmiyyətindən söz açıb, elmi-texniki profilli texnoparkların formalaşması və idarə olunması problemlərini diqqətə çatdırıb. Qeyd edib ki, texnoparkların effektiv idarəetmə sistemində innovativ mühitin yaradılması zəruri və nəticəyə birbaşa təsir edən vasitələrdəndir.

Daha sonra məruzəni təqdim edən institutun böyük elmi işçisi Roza Şahverdiyeva texnoparklarda innovativ proseslərin və fəaliyyətin spesifik xüsusiyyətlərindən, texnoparkların fəaliyyətini, innovativ mühitini xarakterizə edən göstəricilərin işlənilməsi məsələlərindən bəhs edib. “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”, “Elm haqqında Azərbaycan Respublikasının Qanunu”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və AMEA-nın yeni Nizamnaməsində bu məsələlərə xüsusi yer verildiyini qeyd edib və həmin istiqamətdə qarşıda həllini gözləyən problemlərdən danışıb.

R.Şahverdiyeva bildirib ki, texnoparkların yaradılması iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyaların genişləndirilməsi, innovasiya şirkətlərinin formalaşdırılması, yüksəkixtisaslı mütəxəssislər üçün yeni iş yerlərinin yaradılması, təhsil müəssisələri, elmi-tədqiqat institutları və sənaye arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsinə xidmət edir.

Texnoparkların ixtisaslaşdığı fəaliyyət sahələrini diqqətə çatdıran məruzəçi bu sahələrin İKT və telekommunikasiya, biotexnologiya, ətraf mühit, səhiyyə və əczaçılıq, elektronika, proqram mühəndisliyi, kompüter elmləri və avadanlığı, biznes və sənaye xidmətləri, nanotexnologiya kimi sferaları əhatə etdiyini söyləyib.

“Texnoparklarda bütün iştirakçıların, xüsusilə elmi-tədqiqat işləri ilə məşğul olan mütəxəssislərin fəaliyyəti üçün innovativ mühitin formalaşdırılması texnoparkların idarə olunmasının səmərəliliyinə təsir edən mühüm amildir”, – deyə məruzəçi bildirib. Texnoparkların təşkilati strukturu, texnoparklarda innovasiya prosesi və onun strukturuna daxil olan mərhələlər, innovasiya prosesinin inkişafını ləngidən amillər haqqında geniş məlumat verib, texnoparkların fəaliyyətini, innovativ mühitini xarakterizə edən göstəriciləri ayrı-ayrılıqda diqqətə çatdırıb və onların təyinatı, hesablanması, dəqiqləşdirilməsi, uçota alınması, toplanması, sistemləşdirilməsi barədə ətraflı təhlillər aparıb.

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı