Media-menecmentin səmərəli təşkili veb-saytın istifadəçiləri ilə münasibətlərin idarə olunması baxımından mühüm amildir Oktyabr 19, 2016 | 03:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsində “Media-menecment kontekstində media monitorinqin yeri və vəzifələri” mövzusuna həsr olunmuş elmi seminar keçirildi.

Məruzəni təqdim edən institutun elmi işçisi Səadət Abdullayeva media-menecmentin səmərəli təşkili, onlayn media-menecmentin strukturu, media resurslarında CRM-texnologiyaların tətbiqi, Sosial CRM-dən istifadənin əsas üstünlükləri və s. haqqında ətraflı məlumat verdi.

Müasir dövrdə veb-saytların menecmentinin yüksək səviyyədə təşkilinin media qurumları üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyən məruzəçi bildirdi ki, media qurumları öz veb-saytlarının fəaliyyətinə nəzarət etmək üçün monitorinqlər aparır. Monitorinqin aparılması saytın çatışmazlıqlarının aşkara çıxarılması və kontentinin cəlbediciliyinin təmin olunması baxımından vacibdir.  

Onun sözlərinə görə, media-menecmentin səmərəli təşkili biznesin dayanıqlı idarə olunması üçün etibarlı informasiya bazasının yaradılması, vahid məlumat bazası əsasında statistik təhlillərin aparılması, insan amilinin minimallaşdırılması, xərclərin azaldılması, müştərilərlə münasibətlərin yaxşılaşdırılmasına imkan verir ki, bu da nəticədə veb-saytlara olan müraciətlərin sayının artmasına səbəb olur.

Sonra məruzəçi media-menecment prosesinin yerinə yetirilməsi mərhələlərini əks etdirən strukturu təqdim etdi.

S.Abdullayeva qeyd etdi ki, media-menecmentdə tətbiq olunan CRM texnologiyaları şirkətin fəaliyyəti, müştərilərlə bağlı müxtəlif verilənlərin təhlili sistemidir. Bu sistemlər müştərilərlə münasibətlərin idarə edilməsinin səmərəliliyini artırmağa, onlarla qarşılıqlı münasibətlərin inkişaf tarixinə nəzər salmağa, daimi, hərtərəfli əlaqələri koordinasiya etməyə, o cümlədən internet vasitəsilə mərkəzləşdirilmiş idarəetməni həyata keçirməyə imkan verir.

O, həmçinin dünyada CRM texnologiyaları üzrə fəaliyyət göstərən aparıcı şirkətlər barədə məlumat verdi, sosial CRM-in həyata keçirilməsi prosesini diqqətə çatdırdı. Bildirdi ki, sosial CRM veb-saytın istifəçilərinin daha çox olduğu məkanlarda onun geniş təbliğatının aparılması, müştərilərlə münasibətlərin daha da dərinləşdirilməsi, veb-trafikin yüksəldilməsi və yüksək axtarış reytinqinə nail olunması, səmərəli marketinq büdcəsi ilə daha çox gəlir əldə edilməsi, auditoriyaya ünvanlanmış marketinq kampaniyalarının təşkil olunmasına xidmət edir.

Media qurumlarında səmərəli qərarların verilməsi üçün istifadə olunan Menecment İnformasiya Sisteminin üstünlüklərindən danışan S.Abdullayeva qeyd etdi ki, sistemin əsas vəzifəsi bazardakı vəziyyət haqqında əldə edilmiş informasiyanın qiymətləndirilməsi və dəyişikliklərin modelinin hazırlanmasıdır.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

 

 

 

 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı