AMEA-da təşkil olunan magistratura təhsili elmin qarşısında duran vəzifələrin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir Oktyabr 10, 2016 | 04:00 / Konfranslar, iclaslar

İnstitutda magistratura təhsilinin təşkili zamanı dünyanın aparıcı universitetlərinin müvafiq ixtisaslar üzrə proqramları araşdırılmışdır. 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında müzakirə olunan məsələlərdən biri də institutda 2016-2017-ci tədris ili üçün magistraturaya qəbul və magistrantların tədrisinin təşkili olmuşdur.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev ölkədə elmlə təhsilin inteqrasiyasını təmin etmək məqsədilə AMEA-da ali təhsilin magistratura pilləsinin ilk dəfə olaraq 2015-ci ildə təşkil edildiyini bildirib. Cari ildən İnformasiya Texnologiyaları İnstitutunda da bu təhsilin həyata keçirildiyini söyləyən alim 2016/2017-ci tədris ili üçün AMEA-nın magistraturasına keçirilmiş müsahibədə ən çox müraciətin məhz bizim institutda qeydə alındığını diqqətə çatdırıb.  

Elm və təhsilin vahid bir sistem şəklində inkişaf etdirilməsinin zəruriliyini qeyd edən akademik elmin qarşısında duran vəzifələrin həyata keçirilməsində magistratura pilləsinin mühüm rola malik olduğunu deyib.

AMEA prezidenti, akademik Akif Əlizadənin magistratura təhsilinin yüksək səviyyədə təşkilinə xüsusi diqqət yetirdiyini və hərtərəfli dəstək göstərdiyini bildirən alim bu məqsədlə akademiyanın institut və təşkilatlarında Təhsil şöbələrinin yaradıldığını diqqətə çatdırıb: “AMEA-nın magistratura pilləsinə qəbul olunmuş bütün magistrantlara ingilis dili, psixologiya, pedaqogika kimi ümumi fənlər üzrə nəzəri və praktiki dərslər institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) tədris olunur ki, bu da gələcəkdə institutun tədqiqat universitetinə çevrilməsinə təkan verəcək”.

Alim, həmçinin bildirib ki, institutda magistratura təhsilinin təşkili zamanı dünyanın aparıcı universitetlərinin müvafiq ixtisaslar üzrə proqramları araşdırılmışdır.  

İnstitut direktoru ölkədə informasiya texnologiyaları üzrə təhsil almaq istəyən gənclərin instituta cəlb olunması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsinin vacib məsələlərdən olduğunu vurğulayıb. Qeyd edib ki, qurumda təhsil alacaq magistrantların hər biri ilə fərdi qaydada işləmək, onlara beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaları üçün şərait yaratmaq bu prosesin keyfiyyətli şəkildə həyata keçirilməsini təmin edəcək əsas amillərdir.

Akademiyada həyata keçirilən magistratura təhsilinin tədqiqatyönümlü təhsil olduğunu qeyd edən R.Əliquliyev magistrantların təhkim olunduqları şöbələrdə müəyyən elmi istiqamətlər üzrə araşdırmalar apararaq bu sahədə əsaslı biliklər əldə edəcəklərinə əminliyini ifadə edib.

Sonra çıxış edən institutun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov magistratura təhsil pilləsində tədris prosesinin təşkilinin AR Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli qərarına əsasən “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində kredit sistemi ilə tədrisinin təşkili qaydaları”na uyğun həyata keçirildiyini diqqətə çatdırıb.

F.Yusifov 2016/2017-ci tədris ilində AMEA İnformasiya Texnologiyaları İnstitutuna  “249178 – Kompüter mühəndisliyi”, “249186 – İnformasiya mühafizəsi və təhlükəsizliyi”, “249161 – Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisasları üzrə ayrılmış yerlərə qəbul olunmuş magistrantların tədqiqat istiqamətlərinin müəyyənləşdirildiyini söyləyib. Onun sözlərinə görə, magistrantların elektron dövlətin təkmil modellərinin analizi və qiymətləndirilməsi, şəbəkə resurslarının optimal idarə olunması üçün proqram vasitələri və veb-saytların təhlükəsizliyinin qiymətləndirilməsi üsulları və sistemləri istiqamətində tədqiqatlar aparması nəzərdə tutulub.

O, həmçinin magistratura təhsilinin təşkilində AR Təhsil Nazirliyinin təsdiq etdiyi “Magistratura səviyyəsinin ixtisas üzrə təhsil proqramı”, müəyyən olunmuş əsas istiqamətlər, ixtisaslaşma fənləri, seçmə fənlər və tədris planı haqqında ətraflı məlumat verib. Bildirib ki, bu məqsədlə yaradılmış İşçi qrupunun iclasında fənlər üzrə müəllimlərin seçilməsi, dərs proqramı və sillabusların hazırlanması, imtahanların keçirilməsi prosesi və digər məsələlər müzakirə olunmuşdur.

Sonra çıxış edən TİM-in rəhbəri Rəsmiyyə Mahmudova akademiya rəhbərliyinin qərarına əsasən, magistratura fənlərinin tədrisi və imtahanların qəbulunun elektron test üsulu ilə keçirilməsinin bu mərkəzə həvalə edildiyini diqqətə çatdırıb, mərkəzdə magistratura pilləsində tədrisin təşkili istiqamətində görülən işlərdən danışıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı