E-dövlət mühitində gizli sosial şəbəkələrin aşkarlanması üçün yanaşma təklif olunub Sentyabr 20, 2016 | 09:10 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin “E-dövlət mühitində gizli sosial şəbəkələrin aşkarlanması üçün yanaşma” mövzusuna həsr olunmuş seminarı keçirildi.

Məruzəni təqdim edən institutun kiçik elmi işçisi Günay Niftəliyeva internetin sürətlə inkişaf etməsinin eyni zamanda vebdə sosial şəbəkələrin daha da geniş yayılmasına təkan verdiyini bildirdi. Qeyd etdi ki, sosial şəbəkələr dövlətin idarə olunmasında mühüm əhəmiyyət kəsb edir. Artıq cəmiyyətimiz informasiya texnologiyaları ilə formalaşır və klassik dövlət xidmətləri e-dövlət xidmətlərinə keçid etməkdədir. E-dövlət xidmətləri ilə bağlı bir sıra tədqiqatlar e-dövlətdə fiziki və hüquqi şəxslər, təşkilatlar və dövlət arasında olan qarşılıqlı münasibətlərin şəbəkəsini öyrənir.

Onun sözlərinə görə, dövlətin mühüm vəzifələrindən biri də e-dövlət mühitində hökumət əleyhinə təbliğatların yayılmasının qarşısının alınması, fəaliyyət göstərən gizli sosial şəbəkələrin aşkarlanması və idarəetmənin yaxşılaşdırılmasından ibarətdir.

Məruzəçi qeyd etdi ki, e-dövlətdə hər bir dövlət qurumuna, təşkilata, banklara və s. yazılan istifadəçi şərhlərinin intellektual analizi gizli sosial əlaqələrin müəyyən olunmasında mühüm rol oynaya bilər. E-dövlət mühitində gizli sosial şəbəkələrin aşkarlanması üçün təklif edilən yanaşmanın üç mərhələdən ibarət olduğunu söyləyən G.Niftəliyeva ilk mərhələdə e-dövlət mühitində hər hansı məlumata münasibət bildirən istifadəçilər çoxluğunun, sonrakı mərhələdə isə yazılan şərhlərin bir-birinə semantik yaxınlığının və bunun əsasında onların bir-birini dəstəkləyib dəstəkləməməsinin müəyyən olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu yanaşma mətnlərin analizində ən qabaqcıl və effektiv texnologiyalardan olan “text mining” metodundan istifadəyə əsaslanır. Bu texnologiya istifadəçilər tərəfindən yazılan şərhləri intellektual analiz etməyə, analizin nəticəsinə əsaslanaraq onlar arasındakı münasibətləri aşkarlamağa imkan verir. Sonda qurulmuş sosial şəbəkələr analiz olunur.

“Təklif olunan yanaşma konseptual xarakterlidir və onun realizasiyası üçün kompleks məsələlər həll olunmalıdır. İlk növbədə şərhlərin müxtəlif dillərdə yazılması ehtimalı mövcuddur. Bu halda çoxdilli mühit üçün mətnlərin analizi texnologiyalarının işlənməsi zərurəti meydana çıxır. Digər tərəfdən bu yanaşmada sosial şəbəkə yalnız bir informasiya mənbəyindən istifadə olunmaqla sintez olunur. Lakin tədqiqatlar göstərir ki, bu yolla sintez olunan sosial şəbəkələr real vəziyyəti əks etdirmir. Ona görə də əlavə informasiya mənbələrinə ehtiyac yaranır. Bu halda isə müxtəlif mənbələrdən əldə edilmiş informasiyanın etibarlılıq dərəcəsinin müəyyən olunması problemi meydana çıxır”, – deyə məruzəçi bildirdi.

G.Niftəliyeva təklif edilən yanaşmanın ayrı-ayrı detallarının dəqiqləşdirilməsinin zəruriliyini vurğulayaraq gələcəkdə bu istiqamətdə tədqiqatların genişləndiriləcəyini nəzərə çatdırdı.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı