AR Milli Statistika Sisteminin qlobal qiymətləndirilməsinə həsr olunmuş tədbir keçirilib Sentyabr 16, 2016 | 11:19 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, dosent Əlövsət Əliyev tədbir çərçivəsində aparılan müzakirələrdə iştirak edib.

Bu günlərdə Avropa Statistika Bürosu, BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən AR Milli Statistika Sisteminin qlobal qiymətləndirilməsinə (xarici audit) həsr olunmuş tədbir keçirilib. Qlobal qiymətləndirilmənin əsas məqsədi statistika sahəsində inzibati və texniki potensialın, milli statistikanın beynəlxalq standartlara, Avropa statistikasının normalar məcəlləsinə uyğunluğunun auditi nəticəsində ölkənin rəsmi statistika sisteminin müasir səviyyəsinin qiymətləndirilməsidir. Statistika sisteminin qlobal qiymətləndirilməsi ölkənin rəsmi statistika sisteminin inkişaf səviyyəsinə dair dəqiq məlumatların əldə edilməsinə və inkişafına dair uzunmüddətli planlaşdırmanın yaxşılaşdırılmasında milli statistika orqanlarına köməklik edəcək. Belə ki, milli statistika sistemində baş verən institusional dəyişikliklər, beynəlxalq və Avropa standartlarına uyğun olaraq rəsmi statistik məlumatların istehsalı və yayılması, keyfiyyət aspektləri və spesifik ehtiyacın qiymətləndirilməsi strateji planlaşdırma üçün əsas alətlərdən biri hesab olunur.

Tədbirdə Dövlət Statistika Komitəsinin koordinasiya və proqramlaşdırma mexanizmləri, habelə əlaqə (kommunikasiya) və məlumatların yayılması siyasəti də daxil olmaqla milli statistika sisteminin hüquqi, institusional və təşkilati strukturu haqqında təqdimat slaydalarla nümayiş etdirilib. Avropa Statistika Bürosunun əməkdaşları və qlobal qiymətləndirmə üzrə ekspertlər qeyd ediblər ki, milli statistika sisteminin qlobal qiymətləndirilməsi Azərbaycan statistika sisteminə öz müsbət təsirini göstərəcək. Müzakirələr zamanı, həmçnin mövcud vəziyyətin auditi əsasında qiymətləndirmə qrupu tərəfindən statistikanın gələcək inkişafı məqsədilə tövsiyələr verilib.

Bildirilib ki, qlobal qiymətləndirmənin əsas prinsipi könüllülükdür, vəzifələri isə ölkənin statistika sahəsində inzibati potensialının, statistika sisteminin texniki aspektlərinin və milli statistikanın beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsidir.

Tədbirdə qarşlıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb. Qiymətləndirmə çərçivəsində qanunvericiliyin, milli statistika sisteminin strukturu və təşkilinin əsaslı təhlili: proqramların hazırlanması və koordinasiya, innovasiya və İKT statistikası, əmək bazarı və təhsil statistikası, milli hesablar, İT-infrastrukturunun əsaslı təhlili ilə bağlı təqdimatlar da nümayiş olunmuşdur. Qiymətləndirmə qrupunun proqramı çərçivəsində Mərkəzi Bank, Maliyə, İqtisadiyyat, Vergilər, Səhiyyə, Nəqliyyat, Təhsil, Rabitə və Yükək Texnologiyalar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi, elmi cəmiyyətlər, beynəlxalq təşkilatların təmsilçiləri, QHT və KİV nümayəndələri, habelə rəsmi statistikanın digər istehsalçıları ilə müxtəlif səpkili görüşlər keçirilmişdir.

Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, dosent Əlövsət Əliyev də iştirak edib. O, tədbir iştirakçıları ilə birgə elm-təhsil innovasiya və İKT, sosial-iqtisadi sistemlər, innovativ sahibkarlıq sahələrinə dair statistik proseslərin yeni iqtisadi şəraitə uyğun təkmilləşdirilməsi problemləri ətrafında müzakirələr aparıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı