Böyük həcmli məlumatlar toplusundan biliklərin aşkarlanması problemləri tədqiq olunub İyun 29, 2016 | 02:17 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda yarımillik hesabat iclasları keçirilir. Rəhbərlik etdiyi 13 saylı şöbənin hesabatını təqdim edən texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev şöbədə böyük həcmli məlumatlar toplusundan biliklərin aşkarlanması problemləri üzrə “Big data analitika üçün metodların işlənilməsi”, “Mətnlərin ümumi referatının yaradılması üçün metodun işlənilməsi”, “Neft-qaz sənayesi üçün Big Data analizi texnologiyalarının tədqiqi”, e-dövlət mühitində verilənlərin intellektual analizi problemləri üzrə isə “Sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının köməyilə e-dövlətin tədqiqi” mövzularında tədqiqatların aparıldığını söylədi.

Qeyd etdi ki, şöbədə həmçinin e-elmin formalaşması problemləri istiqamətində araşdırmalar aparılır. Bu məqsədlə elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi, virtual mühitdə biliklərin qiymətləndirilməsinin intellektual metod və alqoritmlərinin işlənilməsi ilə bağlı tədqiqat işləri yerinə yetirilir.

Elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işlərdən danışan məruzəçi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi “Neft-qaz sənayesi üçün Big Data analizi texnologiyalarının tədqiqi” qrant layihəsinin informasiya təminatının həyata keçirildiyini, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” qrant layihəsinin yerinə yetirildiyini, “Böyük verilənlər mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” mövzusunda beynəlxalq qrant layihəsinin AR Elmin İnkişafı Fonduna təqdim olunduğunu diqqətə çatdırdı.

Məruzəçi şöbə əməkdaşlarının respublika səviyyəli və beynəlxalq elmi jurnallarda dərc olunmuş məqalələri haqqında məlumat verərək cari ildə 13 məqalənin nəşr olunduğunu bildirdi. O, həmçinin qeyd etdi ki, cari ildə şöbə əməkdaşlarının əsərlərinə 139 istinad olmuşdur. Şöbə müdiri “Azərbaycan Elmi Scopus Bazasında. 1961-2015-ci illər üzrə bibliometrik analiz”  və “E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr” adlı ekspress-informasiyaların nəşr olunduğunu söylədi.

R.Alıquliyev beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı istiqamətində Avstraliya Federasiya Universiteti, Malaya Universiteti, Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutu, Çexiya Elmlər Akademiyasının İnformasiya Nəzəriyyəsi və Avtomatlaşdırma İnstitutu ilə aparılan tədqiqat işləri haqqında məlumat verdi.

Şöbə müdiri həmçinin elmi-pedaqoji fəaliyyət, elmi-texniki konfranslar, beynəlxalq və respublika miqyaslı simpoziumlarda iştirak və s. ilə bağlı görülmüş işləri nəzərə çatdırdı.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin yarımillik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. R.Əliquliyev şöbənin fəaliyyətini yüksək qiymətləndirərək şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinin zəruriliyini vurğuladı.

Sonda hesabatla bağlı müzakirələr aparıldı, təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı