İnformasiya təhlükəsizliyinin təmin olunması problemləri üzrə elmi tədqiqatlar davam etdirilir İyun 22, 2016 | 10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin 2016-cı il üçün yarımillik hesabatı təqdim olundu. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev bildirdi ki, rəhbərlik etdiyi şöbədə e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodlarının işlənməsi üzrə elmi tədqiqatlar davam etdirilir. Bu istiqamətdə e-dövlətin internet infrastrukturunun dayanıqlığının qiymətləndirilməsi və e-dövlətin informasiya təhlükəsizliyi üzrə investisiya modelləri işlənmişdir.

Y.İmamverdiyev qeyd etdi ki, cari ilin I yarısında şöbədə böyük həcmli şəbəkə monitorinqi verilənlərinin effektiv toplanması və saxlanması metodu, bulud texnologiyalarında inamın qiymətləndirilməsi üçün model, bulud infrastrukturunda bədniyyətli virtual maşınların aşkarlanması üçün klasterləmə modeli, eləcə də şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi sisteminin konseptual modeli işlənmişdir. Onun sözlərinə görə, kompüter şəbəkələrinin təhlükəsizliyinin qiymətləndirilməsi metodlarının müasir vəziyyəti analiz edilmiş, kompüter şəbəkələrinin təhlükəsizlik boşluqlarının analizi və qiymətləndirilməsi metodları işlənmişdir.

Məruzəçi informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi və e-dövlətin e-imza infrastrukturunun sintezi üçün metod və alqoritmlərin, o cümlədən informasiya təhlükəsizliyi problemləri üçün verilənlərin intellektual analizi metodları və alqoritmlərinin işlənməsi istiqamətində elmi tədqiqatların davam etdirildiyini bildirdi.

Elmi-innovasiya fəaliyyəti çərçivəsində görülmüş işləri diqqətə çatdıran Y.İmamverdiyev bu istiqamətdə 1 qrant layihəsinin yerinə yetirildiyini, digər qrant layihəsinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim olunduğunu söylədi.

Məruzəçi şöbə əməkdaşlarının 25 konfrans materialının dərc olunduğunu, tanınmış elmi jurnallarda 19 məqalənin nəşr edildiyini bildirdi. O, həmçinin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak, müxtəlif təyinatlı kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işlərdən danışdı.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

Sonra institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev şöbənin yarımillik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, əldə olunmuş elmi nəticələrin yüksək impakt faktorlu jurnallarda əksini tapmasının zəruriliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı