İnsanın ovuc izlərinin təsvirləri əsasında xəstəliklərin diaqnostikası və biometrik texnologiyaların təhlükəsizlik məsələləri araşdırılıb May 20, 2016 | 11:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin növbəti elmi seminarı keçirildi. İnstitutun elmi işçisi Günel Aslanova “İnsanın ovuc izlərinin təsvirləri əsasında xəstəliklərin diaqnostikası və biometrik texnologiyaların təhlükəsizlik məsələləri” mövzusunda məruzəni təqdim etdi. O, dermatoqlifik tədqiqatların müxtəlif xəstəliklərin müəyyən edilməsində istifadə olunması və elektron tibdə biometrik sistemlərin təhlükəsizlik məsələləri haqqında ətraflı məlumat verdi.

G.Aslanova bildirdi ki, biometriyadan insanın bioloji xüsusiyyətlərinə əsasən onun kimliyinin identifikasiya edilməsində istifadə olunur. Bunun üçün insanın sifəti, kəlləsi, barmaq izləri və s. kimi biometrik xarakteristikalardan istifadə edilir.

Məruzəçinin sözlərinə görə, dermatoqlifika insanın ovuc içi və pəncələrinin dərisinin cizgilərinin əlamətlərini öyrənən elmdir. İnsanın ovuc izləri şəxsin identifikasiya olunması, irqi-etnik mənsubiyyətin müəyyən edilməsi və s. məqsədlər üçün istifadə oluna bilər. Tibb sahəsində müxtəlif xəstəliklərin müəyyənləşdirilməsində insanın ovuc izlərindən istifadə edilməsindən bəhs edən məruzəçi qeyd etdi ki, daun, klayntfelter, patau, terner kimi xromosom patalogiyalarında məhz ovuc səthində olan xətlərin itməsi və yerdəyişməsi baş verir. Bununla da həmin xəstəliklərin ilkin diaqnozunun qoyulması mümkündür. O, şəkər xəstəliyi, kenner sindromu və digər xəstəliklərin dermatoqlifik əlamətlərindən söz açdı.

G.Aslanova həmçinin biometrik sistemlərin təhlükəsizliyi üçün unikallıq, universallıq, davamlılıq, yığcamlıq və məhsuldarlıq kimi əsas parametrlər haqqında məlumat verdi. Tibb sahəsində tətbiq olunan biometrik təhlükəsizlik sistemlərinin əsas üstünlüklərindən danışdı: “Bu sistemlər tibb müəssisəsində qeyri-dəqiq ödəmə proqramları ilə bağlı xərcləri və riskləri azaldır. Uyğunlaşdırılmamış və ya natamam qeydlərə görə tibbi səhvlərin azalması hesabına pasiyentin təhlükəsizlik səviyyəsini yüksəldir. Pasiyentin unikal identifikasiya kodu bir neçə müəssisədə onun haqqındakı məlumatları dəqiqliklə əlaqələndirir ki, bu da elektron sağlamlıq qeydlərinin təhlükəsizliyini təmin edir. Tibb müəssisəsində xərcləri azaldaraq “inventar oğurluğunu” aradan qaldırır”.

Sonra mövzu ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı