Fiziologiya İnstitutunun direktoru İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış innovativ şəraitlə tanış oldu Yanvar 07, 2016 | 05:00 / Görüşlər

Bu gün AMEA A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova AMEA İnformasiya Texnologiyaları İnstitutunda oldu. Məqsəd institutun fəaliyyəti ilə yaxından tanışlıq və iki qurum arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olmuşdur.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev elektron elmin texnoloji platforması AzScienceNet elm kompüter şəbəkəsi haqqında məlumat verdi. Elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet-in akademiyanın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərdiyini, Azərbaycan elminin dünya elminə inteqrasiyasında mühüm rol oynadığını bildirdi. Alim AzScienceNet-in Prezident Administrasiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və AMEA rəhbərliyinin dəstəyilə Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyasında Azərbaycanı təmsil etdiyini vurğuladı.

Akademik bildirdi ki, AzScienceNet AMEA-nın institut və təşkilatlarının fəaliyyətinin daha səmərəli təşkili, institutların alim və mütəxəssislərinin dünyanın tanınmış beynəlxalq elmi bazalarından geniş istifadəsinə imkan yaradır.

R.Əliquliyev institutun Tədris-İnnovasiya Mərkəzinin (TİM) fəaliyyəti haqqında məlumat verərək ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu prosesinin bu mərkəzdə keçirildiyini qeyd etdi. Dərslərin institutun alim və yüksəkixtisaslı mütəxəssisləri tərəfindən tədris edildiyini nəzərə çatdırdı. TİM-də 2011-ci ildən distant tədris xidmətlərinin göstərildiyini bildirən akademik Naxçıvan və Gəncədə yaşayan doktorant və dissertantların İnformatika fənni üzrə təşkil edilmiş kursları məsafədən dinlədiklərini və gələcəkdə digər bölgələrdə də distant tədris mərkəzlərinin yaradılmasının planlaşdırıldığını vurğuladı.

Doktorluq imtahanlarının elektron test üsulu ilə həyata keçirildiyini bildirən R.Əliquliyev tədrisin keyfiyyətinə nəzarət üçün mərkəzdə quraşdırılmış video-müşahidə sisteminin imtahan prosesində şəffaflığın təmin edilməsi və imtahanlarda iştirak edənlərin biliklərinin daha obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söylədi.

Qonaq, həmçinin Elektron Kitabxana Mərkəzi və burada oxucular üçün yaradılmış şəraitlə tanış oldu. Akademik R.Əliquliyev mərkəzin beynəlxalq standartlara cavab verdiyini, ən müasir texniki avadanlıqlarla təchiz olunduğunu diqqətə çatdırdı.

Sonra Ulduz Həşimovaya AMEA-nın “ElmTV” İnternet televiziyası, İnternet-kafe, o cümlədən Multimedia Mərkəzinin nəzdində fəaliyyət göstərən “İnformasiya texnologiyaları” nəşriyyatı, burada Yaponiya və Almaniya istehsalı olan genişformatlı, yüksəksürətli rəqəmsal çap avadanlıqları, müxtəlif kitab, dərslik və jurnalların nəşri ilə bağlı görülən işlər barədə məlumat verildi.

U.Həşimova yüksək texnologiyalar və müasir avadanlıqlarla təchiz olunmuş institutda əməkdaşlar üçün yaradılmış innovativ şəraitin onların fəaliyyətinin səmərəliliyi və məhsuldarlığının artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı