Proqram mühəndisliyi sənayesinin formalaşdırılması günün vacib tələblərindəndir Dekabr 16, 2015 | 11:17 / Konfranslar, iclaslar

“Məlum olduğu kimi, Azərbaycanda yüksək texnologiyalar cəmiyyətinın qurulması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə proqramla idarə edilən sistemlər əksər sahələrdə artıq geniş tətbiq edilir. Ölkəmizdə müxtəlif fəaliyyət sahələrində proqram təminatına olan tələbatla əlaqədar bu sahənin inkişafı üçün lazımi mühitin yaradılması, proqram mühəndisliyi sənayesinin formalaşdırılması, o cümlədən bu fənnin tədrisi vacib məsələlərdəndir”.

Bu haqda AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun elmi seminarında bildirib.

“Ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəfi respublikada biliklər iqtisadiyyatının formalaşdırılmasıdır”, – deyə bildirən R.Əliquliyev proqram mühəndisliyi problemlərinin tədqiqinin institutun əsas fəaliyyət istiqamətlərindən olduğunu söyləyib. Proqram məhsullarının iqtisadiyyatı, menecmenti, təhlükəsizliyi, etibarlılığı, yeni proqram sistemlərinin sintezi və s. kimi problemlərinin dərindən öyrənilməsinin vacibliyini qeyd edib. Bu məqsədlə peşəkar kadr potensialının cəlb olunmasının önəmini vurğulayıb. Alim Azərbaycanda proqram mühəndisliyinin elmi-nəzəri problemlərinin araşdırılmasının böyük önəm kəsb etdiyini diqqətə çatdırıb. 

Tədbirdə, həmçinin institutun böyük elmi işçisi Tamilla Bayramova “Müasir mərhələdə proqram mühəndisliyinin inkişafı və aktual problemləri” mövzusunda məruzə ilə çıxış edib. O, müasir proqram təminatının işlənilməsi və peşəkar proqram mühəndislərinin yetişdirilməsinin aktual problemlərdən olduğunu bildirib. Proqram mühəndisliyinin dinamik olaraq dəyişən fənn sahəsi olduğunu söyləyən T.Bayramova aparat platformaları və proqramlaşdırma texnologiyalarının fasiləsiz inkişaf etdiyini, bir çox proqramlaşdırma dillərinin mövcud olduğunu və bu dillər üçün müxtəlif kitabxanalar, modullar və s. yaradıldığını önə çəkib.

“Proqram mühəndisliyinin metodologiyasının təkmilləşdirilməsi və tətbiqinin əsas problemləri milli proqram məhsullarının iqtisadiyyatı, keyfiyyəti və rəqabətədavamlılığına müxtəlif dərəcədə təsir edir”, – deyə bildirən məruzəçi böyük proqram layihələri üzərində işləyən layihə rəhbərlərinin onun tətbiqinin səmərəliliyini qiymətləndirməsinin vacibliyini qeyd edib.

T.Bayramova proqram məhsullarının keyfiyyətini idarə etmək üçün tələblərin təyin edilməsi, layihənin menecmenti, istifadə ediləcək texnologiyaların seçilməsi, müxtəlif növ sənədlərin tərtibi və s. kimi standartların tətbiqinin sifarişçi ilə layihəni işləyənlər arasında yarana biləcək problemlərin həlli istiqamətində böyük əhəmiyyətə malik olduğunu söyləyib. Onun sözlərinə görə, standartların tətbiq edilməsi layihənin qiyməti, əmək tutumu və müddətinin azalmasına, mütəxəssislərin əmək məhsuldarlığı və yaradılan məhsulun keyfiyyətinin yüksəldilməsinə şərait yaradır. Bildirib ki, proqram vasitələrinin sertifikatlaşdırılması bazarda onlara olan inamı artırır. Proqram məhsulunu beynəlxalq bazara çıxarmaq üçün informasiya texnologiyalarının tətbiq sahəsi və proqram vasitələrinin təyinatından asılı olaraq sertifikatlaşdırma aparılır.

Son illər süni intellektə əsaslanan proqramların işlənilməsinin proqram mühəndisliyinin ən böyük nailiyyətlərindən olduğunu söyləyən T.Bayramova bildirib ki, süni intellektin məqsədi insan beyninin mikrostrukturuna bənzər modelə əsaslanan, mürəkkəb məsələləri həll etməyə imkan verən yeni nəsil adaptiv metod və alqoritmlərin yaradılmasıdır. Qeyd edib ki, süni intellektin yaradılması zamanı idrakın, əks əlaqəli neyroşəbəkələrin modelləşdirilməsi, qeyri-səlis modellər, genetik alqoritmlər, ekspert sistemlərinin işlənilməsi, robototexnika və digər istiqamətlər üzrə model və alqoritmlərin işlənilməsi və proqramlaşdırlması həyata keçirilir.

Məruzəçinin sözlərinə görə, proqram təminatının təhlükəsizliyi məsələlərinin həllində süni intellekt texnologiyalarına əsaslanan, sərbəst işləyə bilən və yeni şərtlərə tez uyğunlaşan sistemlərin yaradılmasına ehtiyac duyulur: “Məhz bu sistemlər dəyişən şərtlərdə fasiləsiz olaraq mühitə uyğunlaşa və yeni biliklər əldə edə bilərlər”.  

“Azərbaycanda proqram mühəndisliyinin inkişafında ən vacib problemlərdən biri ixtisaslı kadrların hazırlanmasıdır”, – deyən məruzəçi sistem analitikləri, layihə menecerləri, proqramların sınaqdan keçirilməsi və keyfiyyətinin təmin edilməsi üzrə mütəxəssislərin yetişdirilməsinin Azərbaycanda proqram mühəndisliyi və məhsullarının rəqabətədavamlılığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini  qeyd edib.

Son illər ölkədə tələbələrdə proqramlaşdırmaya olan marağı artırmaq məqsədilə müxtəlif səpkili tədbirlərin həyata keçirildiyini söyləyən T.Bayramova tələbə layihələri və yay məktəblərinin təşkili, müvafiq təşkilatlarla sıx əlaqələrin yaradılması, tədrisə proqramlaşdırma sahəsində çalışan mütəxəssislərin cəlb olunmasının bu sahənin inkişafına xidmət etdiyini önə çəkib.

Sonra T.Bayramova proqram mühəndisliyi üzrə keçirilən konfranslar və s. barədə ətraflı məlumat verib.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 
 

 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı