Texnika elmləri doktoru Ramiz Alıquliyev: “İmpakt faktorlu jurnallarda dərc edilən məqalələrin sayının artırılması mühüm amildir” Noyabr 13, 2015 | 03:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda illik hesabat iclasları keçirilir. Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institut şöbələrinin hesabatlarının elmi-tədqiqat və innovasiya fəaliyyətinin daha səmərəli təşkili və görülən işlərin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Sonra şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev rəhbərlik etdiyi şöbənin cari il üçün hesabatını təqdim edib. R.Alıquliyev informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi istiqamətində 10 mövzu üzrə tədqiqatların aparıldığını söyləyib. Onun sözlərinə görə, mətnlərin avtomatik referatlaşdırılması üçün metod və alqoritmlər işlənilmiş, neft-qaz sənayesi üçün Big Data analizi texnologiyaları tədqiq edilmiş, plagiatlıq və onunla mübarizə problemləri araşdırılmışdır.

Məruzəçi elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işlərdən danışıb. AR Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən “Neft-qaz sənayesi üçün Big Data analizi texnologiyalarının tədqiqi”, AR Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Elektron elm və onun funksional alt sistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” və “Plagiatlıqla mübarizə texnologiyalarının elmi-nəzəri və texnoloji əsaslarının işlənilməsi” qrant layihələri haqqında məlumat verib. Bu layihələr üzrə bir sıra mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.

Həmçinin hesabat ili ərzində nüfuzlu jurnal və konfranslardan 100-dən çox məqalə göndərildiyini və bu məqalələrə rəylərin hazırlandığını, jurnalların redaksiya heyətinə və beynəlxalq konfransların təşkilat və proqram komitəsinə üzvlüyün əldə olunduğunu bildirib.

Məruzəçi şöbə əməkdaşlarının impakt faktorlu jurnallarda dərc olunmuş məqalələri haqqında da məlumat verib. Alim nüfuzlu jurnallarda məqalələrin sayının artırılmasının mühüm amil olduğunu söyləyib. Onun sözlərinə görə, cari ildə impakt faktorlu jurnallarda 27 məqalə nəşr olunub, elmi əsərlərə olunan istinadların sayı isə 214-ə çatıb.

R.Alıquliyev beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və davamlı inkişafı istiqamətində görülmüş işlərdən də söz açıb. Avstraliya Federasiya Universiteti və Malaya Universiteti (Malayziya) ilə elmi əməkdaşlıq çərçivəsində məqalələrin hazırlandığını və bu əlaqələrin uğurla davam etdirildiyini qeyd edib. Cenevrə Universiteti (İsveçrə), Azad İslam Universiteti (İran) və Mançester Şəhər Universiteti (Böyük Britaniya) ilə əlaqələrin qurulduğunu vurğulayıb.

Şöbə müdiri, həmçinin elmi-pedaqoji fəaliyyət, elmi-texniki konfranslar, beynəlxalq və respublika miqyaslı simpoziumlarda iştirak və s. ilə bağlı görülmüş işləri də nəzərə çatdırıb.

Sonra hesabatla bağlı geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib. Şöbənin fəaliyyəti Elmi Şuranın üzvləri tərəfindən yüksək qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı