AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə “Azərbaycan müəllimi” qəzeti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Oktyabr 26, 2015 | 12:30 / Görüşlər

AMEA İnformasiya Texnologiyaları İnstitutu (İTİ) ilə AR Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan müəllimi” qəzeti arasında əməkdaşlıq perspektivlərinin müzakirəsinə həsr olunmuş “dəyirmi masa” keçirilib. Tədbirdə AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev“Azərbaycan müəllimi” qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Bayram Hüseynzadə, institutun Elmi Şurasının üzvləri, qəzetin redaksiya heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan akademik Rasim Əliquliyev dövlət başçısının elm və təhsilin inkişafına göstərdiyi qayğıdan söz açaraq, elmlə təhsilin inteqrasiyası və bu sahələrin innovativ inkişafının dövrün tələbi olduğunu bildirib. “Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə qəbul edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında biliklər cəmiyyətinin formalaşması istiqamətində görüləcək işlər və strateji hədəflər müəyyənləşdirilmişdir. Bununla da alimlər, təhsil işçiləri və informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislərin qarşısında mühüm vəzifələr qoyulmuşdur”.

Elm və təhsilin inteqrasiyasında əldə olunmuş elmi bilik və nailiyyətlərin ictimaiyyətə çatdırılmasının önəmliyini qeyd edən akademik bu işin KİV nümayəndələrindən böyük məsuliyyət tələb etdiyini bildirib: “Azərbaycan cəmiyyəti və elminin şərəfli tarixində mühüm rol oynayan AMEA-nın noyabr ayında 70 illik yubileyi qeyd olunacaq. Bu əlamətdar hadisənin KİV-də işıqlandırılması, akademiyanın institut və təşkilatları haqqında cəmiyyətin məlumatlandırılması üçün alim və mütəxəssislərin jurnalistlərlə birgə fəaliyyəti vacibdir”.

“Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə institutun fəaliyyətini yüksək qiymətləndirərək, burada yaradılmış şəraitin fəaliyyətin səmərəliliyi və məhsuldarlığının artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyası və onun elmi-tədqiqat institutlarının, o cümlədən İTİ-nin fəaliyyəti, burada keçirilən konfrans və elmi seminarlar, həyata keçirilən layihələrin müntəzəm olaraq “Azərbaycan müəllimi” qəzetində işıqlandırıldığını diqqətə çatdıraraq, prosesin intensivləşdirilməsi üçün əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin zəruriliyini önə çəkib. O, jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması üçün İKT sahəsində zəruri biliklərin əldə olunması və təcrübə mübadiləsinin aparılmasının mühüm şərtlərdən olduğunu, alim və mütəxəssislərin iştirakı ilə birgə tədbirlərin təşkilinin vacibliyini qeyd edib.

Bu kimi tədbirlərin keçirilməsinin hər iki qurumun gələcək fəaliyyətinin daha səmərəli təşkilində mühüm rol oynayacağı bildirilib.

Qonaqlar institutda yaradılmış innovativ şərait, o cümlədən müasir texnologiyalarla təchiz olunmuş auditoriyalarla yaxından tanış olublar. Akademik Rasim Əliquliyev informasiya texnologiyaları və informasiya cəmiyyətinin elmi-nəzəri problemlərinin araşdırılmasının institutun əsas fəaliyyət istiqamətlərindən olduğunu diqqətə çatdırıb, əldə edilən biliklərin, yeni ideya və həllərin cəmiyyətə inteqrasiyası, həmçinin peşəkar kadrların yetişdirilməsi məqsədilə görülən tədbirlərdən danışıb.

Alim qonaqlara institutun Tədris-İnnovasiya Mərkəzinin fəaliyyəti haqqında məlumat verərək, ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu prosesinin bu mərkəzdə həyata keçirildiyini qeyd edib. Dərslərin institutun alim və yüksəkixtisaslı mütəxəssisləri tərəfindən tədris edildiyini nəzərə çatdırıb. Doktorluq imtahanlarının elektron test üsulu ilə aparıldığını bildirən R.Əliquliyev bu sistemin imtahan prosesində şəffaflığın təmin edilməsi və imtahanlarda iştirak edənlərin biliklərinin daha obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Bildirib ki, onlayn rejimdə keçirilən imtahan prosesinə institutda quraşdırılmış video-müşahidə sistemi vasitəsilə nəzarət olunur. Tədbir iştirakçıları, həmçinin Gəncə, Naxçıvan və digər bölgələrdə yaşayan doktorant və dissertantların məsafədən təhsil alması, onlayn seminar və konfransların keçirilməsi, alimlər arasında ölkədaxili və beynəlxalq əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün geniş imkanlar açan Distant Tədris Mərkəzi ilə də yaxından tanış olublar.

Sonra qonaqlara beynəlxalq standartlara cavab verən, müasir texniki avadanlıqlarla təchiz olunmuş Elektron Kitabxana Mərkəzi və İnternet-kafenin fəaliyyəti haqqında məlumat verilib. Redaksiya heyəti, həmçinin AzScienceNet EKŞ-nin Verilənlərin Emalı Mərkəzi ilə tanış olub. Bildirilib ki, AzScienceNet şəbəkəsi AMEA-nın institut və təşkilatlarının fəaliyyətinin daha səmərəli təşkili, institutların alim və mütəxəssislərinin dünya elmi mühitinə inteqrasiyası və tanınmış beynəlxalq elmi bazalardan geniş istifadəsinə imkan yaradır.

Bundan əlavə “İnformasiya texnologiyaları” nəşriyyatının fəaliyyəti, əsasən Yaponiya və Almaniya istehsalı olan genişformatlı, yüksəksürətli rəqəmsal çap avadanlıqları, müxtəlif kitab, dərslik və jurnalların nəşri ilə bağlı görülən işlər barədə də məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı