İqtisadiyyatın “yaşıllaşdırılması” davamlı inkişafı təmin edən mühüm amildir Sentyabr 30, 2015 | 02:10 / Konfranslar, iclaslar

XXI əsrdə innovativ inkişaf digər amillərlə yanaşı, həm də insanların sağlamlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edən ətraf mühitin mühafizəsi və qorunmasına xidmət etməlidir. İnsanı əhatə edən mühitin qorunması və yaxşılaşdırılması xalqın rifahına və ölkənin iqtisadi inkişafına təsir edən mühüm şərtlərdəndir. Ətraf mühit insanın fiziki varlığını təmin edir, onun sosial inkişafında mühüm rol oynayır.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda ətraf mühitin qorunması, iqtisadiyyatın “yaşıllaşdırılması”, bu sahədə mövcud problemlər və onların həlli yollarına həsr olunmuş elmi seminar keçirilib. Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev bildirib ki, iqtisadiyyatın modernləşdirilməsi və innovativ inkişafında əsas məqsəd hər bir insanın həyat şəraitinin yaxşılaşdırılması və gələcək nəsillərin rifah şəraitinin təmin edilməsidir. Qlobal xarakter almış ətraf mühit problemlərinin həllinin, o cümlədən iqtisadiyyatın “yaşıllaşdırılması”nın dünya miqyasında əsas müzakirə mövzularından olduğunu söyləyib. R.Əliquliyev qeyd edib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və “İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın da əsas hədəflərindən biri məhz ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır.

Sonra institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev “İqtisadiyyatın “yaşıllaşdırılması”: mövcud problemlər, vəzifələr və  həll istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib. O, “yaşıl” iqtisadiyyatın son onilliklərdə meydana gəlmiş yeni istiqamət olduğunu söyləyib. “Onun mahiyyəti ekosistemin və gələcək nəsillərin qeydinə qalmaq, təbiətdəki bütün canlıların yaşamaq hüququnun qorunmasına nail olmaqdır”.

Ə.Əliyev qeyd edib ki, “yaşıl” inkişaf və ya “yaşıl” iqtisadiyyat dedikdə, beynəlxalq təşkilatlar tərəfindən ekoloji təhlükəsizliyi təmin edən əmtəə və xidmətlərin istehsal və istehlakı, həmçinin “yaşıl” inkişafa yatırılan investisiyalar nəzərdə tutulur. BMT-nin Ətraf Mühit Proqramının (United Nations Environment Programme – UNEP) məruzələrində isə “yaşıl” iqtisadiyyat insanların rifahını yüksəldən və sosial ədaləti təmin edən, eyni zamanda ətraf mühit üçün riskləri kəskin azaldan iqtisadiyyat kimi təyin olunur.

“Yaşıl” iqtisadiyyatın formalaşması həm ətraf mühitin qorunmasının, həm də mövcud olan təbii ehtiyatlara və müasir biliklərə əsaslanan davamlı inkişafın təmin edilməsində mühüm şərtdir.

Məruzəçi bildirib ki, müxtəlif fəaliyyət sahələrinin inkişafı insanların rifahına xidmət etməklə yanaşı, bir sıra problemlərin də vüsət almasına səbəb olub. O, hazırda dünyanın əksər ölkələrində iqtisadi artımın ətraf mühitin tənəzzülü, çirklənmə səviyyəsinin artması, təbii resursların tükənməsi, biosferin pozulması və iqlim dəyişikliyi kimi hallarla müşahidə olunduğunu söyləyib. Biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin çirklənməsinin qarşısının alınması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsinin mühüm məsələlərdən olduğunu vurğulayıb. Bu istiqamətdə zəruri və davamlı tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Avropa ölkələrinin “yaşıl” iqtisadiyyata keçid təcrübəsindən söz açan Ə.Əliyev bu sahənin inkişafı üçün ekoloji vergi islahatları, intensiv çirkləndirməyə görə cərimə, ekoloji layihələrin mükafatlandırılması üçün “yaşıl” subsidiyalar, qrant və kreditlər, birbaşa dövlət xərcləri və dolayı dəstək kimi müxtəlif mexanizmlərdən istifadə edildiyini söyləyib. “Yaşıl” iqtisadiyyatın inkişafı üçün Böyük Britaniyada FİT (Feed-in-Tarrifs) adlı güzəştli tarifdən, Almaniyada ekoloji vergi (Eco Tax) islahatından istifadə edildiyini, İsveçin vergi güzəştləri və avtomobil sığortası güzəştləri şəklində dövlət subsidiyalarına görə dünya lideri olduğunu diqqətə çatdırıb.

Azərbaycanda iqtisadiyyatın “yaşıllaşdırılması”, alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılması, bu sahədə mütəxəssislərin hazırlanması və enerji istehlakçılarının maarifləndirilməsinin prioritet məsələlərdən olduğunu söyləyib. “2005-ci ildə Azərbaycanın da təmsil olunduğu Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyanın (ESKATO) təşəbbüsü ilə “yaşıl” inkişafın prioritet istiqamətlərini birləşdirən strategiya qəbul edilmişdir. BMT-nin 2012-ci ildə Braziliyada yüksək səviyyədə keçirilən dayanıqlı inkişaf üzrə konfransında (“Rio+20”) “dayanıqlı inkişafın və yoxsulluğun aradan qaldırılması kontekstində “yaşıl” iqtisadiyyat” mövzusu iki əsas məsələdən biri olmuşdur”. Məruzəçi BMT-nin Ətraf Mühit Proqramı, Dünya Bankı (World Bank) və digər çoxtərəfli inkişaf bankları, Təbiətin qorunması üzrə Beynəlxalq İttifaq (The World Conservation Union), Təbiət üzrə Dünya fondu (World Wide Fund for Nature), Beynəlxalq Yaşıl dünya (Greenpeace International) kimi bir sıra beynəlxalq təşkilatların “yaşıl” iqtisadiyyat üzrə fəaliyyət göstərdiklərini nəzərə çatdırıb.

Şöbə müdiri Azərbaycanda “yaşıl” iqtisadiyyatın qurulması istiqamətində bir sıra mühüm tədbirlərin görüldüyünü bildirib. Ölkədə 2010-cu ilin “Ekologiya ili” elan olunduğunu xatırladıb. Ölkədə ətraf mühit siyasətinin “yaşıl” iqtisadiyyat prinsiplərinə müvafiq olaraq əsas istiqamətlərinin müəyyən edildiyini deyib.

Elektron tullantılar probleminə də toxunan məruzəçi bu tullantıların vaxtında utilizasiya edilməsinin elektron dövlət quruculuğunun əsas problemlərindən olduğunu söyləyib. Bu istiqamətdə dünyada kifayət qədər mütərəqqi üsul və təcrübə olsa da, həllini gözləyən mühüm problemlərin az olmadığını vurğulayıb. “Bu səbəbdən dünya iqtisadiyyatı ilə inteqrasiyaya meyl edən Azərbaycan iqtisadiyyatı və cəmiyyəti həm postsənaye iqtisadiyyatının “yaşıllaşdırılması” texnologiyalarından ən səmərəli formada istifadə etməklə qeyri-neft sektorunun inkişafına, həm də müasir texnologiyaların tətbiqi ilə informasiya cəmiyyəti iqtisadiyyatının “yaşıllaşdırılması”na nail olmalıdır”.

Sonda məruzəçi “yaşıl” iqtisadiyyat, “yaşıl” istehsal, “yaşıl” təfəkkür və “yaşıl” həyat tərzinin gələcək həyatımızın əsas komponentlərinə çevrilməli olduğunu qeyd edib.

Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər irəli sürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı