Azərbaycan Milli Elmlər Akademiyasının ilk magistrları ilə görüş keçirildi Sentyabr 15, 2015 | 04:35 / Mühüm hadisələr

Bu gün AMEA Rəyasət Heyətində akademiyanın ilk magistrları ilə görüş keçirildi. Rəyasət Heyəti üzvləri, institut direktorları və KİV nümayəndələrinin iştirakı ilə keçirilən görüşü giriş sözü ilə AMEA prezidenti, akademik Akif Əlizadə açdı.

A.Əlizadə 2015-2016-cı tədris illəri üzrə akademiyanın magistratura pilləsinə qəbul olmuş magistrları ilk dərs günü münasibətilə təbrik etdi. Akademiyada magistratura təhsil pilləsinin yaradılması təşəbbüsünün Prezident İlham Əliyevin dəstəyi ilə reallaşdığını bildirdi. AMEA prezidenti akademiyada təhsilin, magistratura pilləsinin təşkilinin elmdə dəyərli nəticələrin əldə olunması, gənc alimlərin yetişdirilməsi, bir sözlə Azərbaycan elminin innovativ inkişafı baxımından önəmliyini ifadə etdi: “Magistrların elmi mühitdə - elmi-tədqiqat institutlarında, müvafiq laboratoriyalarda təcrübə keçməsi vacib şərtdir. Tələbə təhsilini elmi mühitdə davam etdirərsə, bu, onun gələcək fəaliyyətinin səmərəliliyində böyük rol oynayacaq”.

Akademiya rəhbəri magistrlara öz tövsiyələrini də bildirdi: “Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir” – deyən A.Əlizadə elmə böyük marağı olan tələbələri elmi fəaliyyətlə məşğul olmağa, təhsillərini davam etdirməyə çağırdı: “Məqsədimiz magistrların artıq təhsil aldıqları müddətdə elmi-tədqiqat institutlarının laboratoriyalarında dəyərli elmi nəticələr əldə etməsinə köməklik göstərmək, innovativ təfəkkürlü gənc alimlər hazırlamaqdır”.

A.Əlizadə cari ildən etibarən keçirilən qəbulun 7 ixtisas üzrə aparıldığını bildirərək bu prosesin ilkin olaraq eksperimental xarakter  daşıdığını bildirdi. Gələcək illərdə ixtisasların sayının artırılacağını söylədi.

Akademiya prezidenti magistrların informatika və ingilis dili üzrə AMEA İnformasiya Texnologiyaları İnstitutunda təhsil alacaqlarını qeyd edərək, bu istiqamətdə institutda müvafiq tədbirlərin görüldüyünü bildirdi.   

Sonra AMEA prezidenti akademiyanın ilk magistrlarına tələbə biletini və hədiyyə olaraq noutbuk təqdim etdi. Onlara təhsildə və gələcək fəaliyyətlərində nailiyyətlər dilədi.

Xatırladaq ki, AMEA-nın magistratura pilləsinə ilk qəbul bu ilin fevral ayında aparılıb. Magistratura təhsili akademiyanın 7 elmi-tədqiqat institutunun bazasında 7 ixtisas (dilçilik, antropologiya, nəzəri fizika, geologiya, kimyəvi kinetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası) üzrə təşkil olunub.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı