AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsinə həsr olunmuş seminar-müşavirə keçirildi İyul 03, 2015 | 03:00 / Konfranslar, iclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA prezidenti, akademik Akif Əlizadənin “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi haqqında” 9 iyun 2015-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar işgüzar seminar-müşavirə keçirildi. AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə akademiyanın elmi müəssisələrinin direktorları, elmi işlər üzrə direktor müavinləri, elmi katibləri, test suallarının hazırlanmasına bilavasitə məsul olan şəxslər, AMEA-nın elmi bölmələrinin elmi katibləri və digər əməkdaşlar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AMEA Rəyasət Heyətinin 4 mart 2015-ci il tarixli qərarı ilə AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları zamanı xarici dil biliklərinin qiymətləndirilməsi üçün yeni tələblərin müəyyən edildiyini bildirdi. Qeyd etdi ki, hazırda həmin tələblərin tətbiqi, doktorant və dissertantların ixtisas və fəlsəfədən biliklərinin obyektiv qiymətləndirilməsi üçün yeni mexanizmlərin, o cümlədən test sisteminin işlənib hazırlanması və tətbiq edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı, proqramçı Raqif İsmayılov “Test texnologiyaları: cari vəziyyət, yanaşmalar və mövcud təcrübə” adlı məruzə ilə çıxış etdi. Hazırda təhsil prosesində test texnologiyalarından geniş istifadə olunduğunu bildirən məruzəçi bunun bilik səviyyəsinin müəyyənləşdirilməsində mühüm rol oynadığını söylədi. O, test üsulunun dünyada ilk dəfə 1969-cu ildən, Azərbaycanda isə 1992-ci ildən tətbiq olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, İnformasiya Texnologiyaları İnstitutunda respublikanın bütün doktorant və dissertantları üçün informatika fənni üzrə doktorluq imtahanları 2013-cü ilin iyun ayından başlayaraq elektron test üsulu ilə keçirilir. Burada fəaliyyət göstərən müəllimlər tərəfindən müəyyən qaydalar əsasında tədris proqramında nəzərdə tutulmuş mövzular üzrə test tapşırıqları hazırlanmış və institutun Elmi şurası tərəfindən təsdiq edildikdən sonra test bazasına daxil edilmişdir. Beləliklə, formalaşmış yeni test bazası əsasında elektron test sistemi hazırlanmışdır.

Daha sonra hazırda tətbiq olunan test sistemi ilə bağlı video çarx nümayiş olundu.

Tədbirdə çıxış edən “GRBS” MMC-nin nümayəndəsi Pərvanə Əliyeva TOEFL (Test of English as a Foreign Language) və IELTS (International English Language Testing System) proqramları üzrə doktoranturaya qəbul və doktorluq imtahanları haqqında ətraflı məlumat verdi. Bildirdi ki, IELTS proqramı ingilis dilinin istifadə olunduğu ölkələrdə təhsil almaq və işləmək istəyən namizədlərin ingilis dili biliyinin 4 meyar – “dinləmək”, “oxumaq”, “yazmaq” və “danışmaq” üzrə qiymətləndirilməsi üçün müəyyənləşdirilmiş imtahandır.

P.Əliyeva dünyanın 500 test mərkəzində həyata keçirilən IELTS imtahanlarında iştirakçıların 9 ballıq sistemlə qiymətləndirildiyini önə çəkdi. IELTS imtahanının 2 formada – “Akademik” (bakalavriat, yaxud magistratura pilləsində ingilis dilində bilik qabiliyyətinin yoxlanılması üçün) və “Ümumi təlim” (bakalavriat pilləsindən aşağı səviyyədə öyrənmək, yaxud  işləmək məqsədi ilə ingilisdilli ölkələrə getmək üçün) təşkil edildiyini qeyd edən məruzəçi IELTS-in “British Council”, Başqa Dildə Danışanlar üçün İngilis Kembric Univeristeti (ESOL) və Avstraliya Universitetlərinin Beynəlxalq İnkişaf Proqramı Təşkilatı (IDP) kimi 3 böyük qurum tərəfindən yaradılmış dil imtahan proqramı olduğunu diqqətə çatdırdı.

Sonda məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı