Yer kürəsi nəhəng kompüterə çevriləcək Aprel 28, 2015 | 11:50 / Maraqlı məlumatlar

Süni intellekt sahəsində əldə olunmuş nailiyyətləri araşdıran əsas tədqiqatçılardan biri Rey Kursveyl 1990-cı ildən etibarən öz proqnozlarını dərc etdirir. Onun 2019-2099-cu illəri əhatə edən proqnozunu təqdim edirik:

2019 - İstənilən sahədə işlədilən fərdi və periferiya qurğuları üçün kabellər keçmişdə qalacaq.

2020 - Fərdi kompüterlər insan beyni ilə müqayisə oluna bilən hesablama gücünə malik olacaq.

2021 - İnternetə simsiz çıxış planetin 85 faizini əhatə edəcək.

2022 - ABŞ və Avropada insan və robot münasibətlərini tənzimləyən qanunlar qəbul ediləcək. Robotların fəaliyyəti, onların hüquq və vəzifələri, digər məhdudiyyətlər rəsmiləşdiriləcək.

2024 - Kompüter intellektinin elementləri avtomobillərdə tətbiq ediləcək. Kompüter köməkçiləri ilə təchiz edilməmiş avtomobilin sükanı arxasında oturmaq qadağan ediləcək.

2025 - İmplantat cihazların kütləvi bazarı meydana gələcək.

2027 - Tamamilə avtonom mürəkkəb hərəkətlər etməyi bacaran robot soyuducu kimi adi bir əşyaya çevriləcək.

2028 - Günəş enerjisi bəşəriyyətin bütün ümumi enerji ehtiyacını ödəyəcək qədər əlçatan və geniş yayılmış olacaq.

2029 - Kompüter “ağıllı” olduğunu sübut edərək Tyurinq testini keçəcək. Buna insan beyninin kompüter simulyasiyası nəticəsində nail olunacaq.

2030 - Sənaye sahəsində nanotexnologiyaların inkişafı nəticəsində bütün məhsulların istehsalı xeyli ucuzlaşacaq.

2031 - Bütün xəstəxanalarda insan orqanlarının çapı üçün 3D-printerlərdən istifadə ediləcək.

2032 - Nanorobotlar səhiyyədə geniş tətbiq olunacaq.

2033 - Yollarda müstəqil hərəkət edən avtomobillər geniş yayılacaq.

2034 - İnsanın süni intellektlə ilk görüşü baş tutacaq.

2035 - Kosmik texnika Yer kürəsinin asteroidlərlə toqquşma təhlükəsinə qarşı daimi müdafiəsini təmin edəcək qədər inkişaf etmiş olacaq.

2036 - Bəşəriyyət xəstəliklərin müalicəsi üçün hüceyrələri proqramlaşdırmağa nail olacaq və 3D-printerlərdən istifadə yeni toxuma və orqanlar “yaratmağa” imkan verəcək.

2037 - İnsan beyninin sirrinin açılmasında böyük irəliləyiş əldə ediləcək. İxtisaslaşdırılmış funksiyalara malik yüzlərlə müxtəlif subregion müəyyən olunacaq. Bu regionların inkişafını kodlaşdıran bəzi alqoritmlər deşifrə olunaraq kompüterlərin neyron şəbəkələrinə daxil ediləcək.

2038 - Robotlaşdırılmış insanlar meydana gələcək. Onlar əlavə intellekt və müxtəlif implantat cihazlarla təchiz ediləcək.

2039 - Nanoqurğular birbaşa beyinə implantasiya edilərək beyin hüceyrələrindən siqnalların sərbəst giriş və çıxışını həyata keçirəcək. Bu, virtual reallığa tam daxil olmağa gətirib çıxaracaq.

2040 - Axtarış sistemləri insan orqanizminə implantasiya edilən cihazlar üçün əsas olacaq. Axtarış səsli komandalarla yanaşı, düşüncənin köməyi ilə də həyata keçiriləcək və axtarış sorğularının nəticələri linza və ya eynəyin ekranında göstəriləcək.

2041 - İnternetin maksimal ötürücülük qabiliyyəti bu gün ilə müqayisədə 500 milyon dəfə çox olacaq.

2042 - İlk dəfə ölümsüzlük reallaşdırılacaq: nanorobotlar immun sistemini tamamlayacaq və xəstəlikləri aradan qaldıracaq.

2043 - Nanorobotlar sayəsində insan bədəni istənilən formanı ala biləcək. Daxili orqanlar daha keyfiyyətli kibernetika qurğuları ilə əvəzlənəcək.

2045 - Texnoloji sinqulyarlıq olacaq. Yer kürəsi nəhəng kompüterə çevriləcək.

2099 - Texnoloji sinqulyarlıq bütün bəşəriyyəti əhatə edəcək.

ictnews.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı