Dünya şöhrətli alim Lütfi Zadənin 93 yaşı tamam olur Fevral 07, 2014 | 09:23 / Mühüm hadisələr

1921-ci ilin 4 fevralında Bakıda dünyaya göz açan Lütfi Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 saylı orta məktəbdə bitirir. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qalır. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olur. Bu təhsil ocağını da müvəffəqiyyətlə başa vurduqdan sonra 23 yaşında Amerika Birləşmiş Ştatlarına gəlir və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirir. Onun dünya elminə məlum olan 6 mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulur. 

Kolumbiya Universitetinin aspiranturasına daxil olan Lütfi Zadə 1949-cu ildə dissertasiya müdafiəsindən sonra həmin təhsil müəssisəsinin mühəndislik bölməsində assistent kimi fəaliyyətini davam etdirir. 1959-cu ildən Berkli Universitetində fəaliyyət göstərir, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompyuter elmləri" kafedrasına rəhbərlik edir. 

Lütfi Zadəyə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsidir. Alimin 46 il öncə işləyib hazırladığı sözügedən nəzəriyyə bir çox şirkətlərə böyük nüfuz qazanmaq və yüksək gəlir əldə etmək imkanı yaradır. Çağdaş dövrdə elmi-texniki sahədə dinamik inkişaf və onun bəhrəsi bütün fəaliyyət sahələrində özünü biruzə verir. Bu irəliləyişdə Azərbaycanlı alimin əhəmiyyətli rolunun qeyd edilməsi faktı sevindirici hal olmaqla yanaşı hər birimizdə fərəh hissini oyadır. 

Lütfi Zadə eyni zamanda “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompyuter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir. 

Onun haqqında “Müasir elmin korifeyi”, “Dünya dahilərsiz yaşaya bilmir” adlı kitablar yazılıb, “Uzaq və yaxın Lütfi Zadə” sənədli filmi çəkilib, Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb. 

Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir. 

Hazırda Yaponiyanın “Mitsubishi“, “Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Qeyd edək ki, L.Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - “Honda” mükafatı ilə təltif olunub. 

Dünya şöhrətli alimi ad günü münasibətilə ürəkdən təbrik edirik, ona can sağlığı, yeni nailiyyətlər arzulayırıq! 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı