347
Əks proqram mühəndisliyinin elmi-nəzəri əsasları araşdırılır İyul 10, 2024 | 11:38 / Konfranslar, iclaslar

Proqram təminatının təkrar mühəndisliyi (Software re-engineering) mövcud proqram sistemlərinin təhlili, yenidən qurulması və təkmilləşdirilməsi üçün müəyyən edilmiş proseslər toplusunu əhatə edir. Proqram təminatının əks mühəndisliyi (Software Reverse Engineering) orijinal mənbə proqramına əlyetərlilik olmadıqda mövcud proqram kodunu təhlil edərək onun daxili funksiyalarını araşdırır. Məqsəd boşluqları aşkar etmək, proqram təminatının iş prinsipini başa düşmək, düzəlişlər etmək və yeniləmək üçün sistemin, qurğunun və ya proqram təminatının müəyyən bir hissəsinin dizaynı, funksiyaları və reallaşdırılmasının analizi və anlaşılmasıdır.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Tamilla Bayramova  “Əks proqram mühəndisliyinin elmi-nəzəri əsasları, problemləri və perspektivləri” mövzusuna həsr olunmuş elmi seminarda məlumat verib.

Təkrar mühəndislik haqqında bəhs edən məruzəçi qeyd edib ki, bu proses keyfiyyət xarakteristikalarını yaxşılaşdırmaq, müşayiət edilmə xərclərini aşağı salmaq, sifarişçi üçün əhəmiyyətli olan risklərin yaranma ehtimalını azaltmaq məqsədilə mövcud proqram təminatının dəyişdirilməsi və yenidən işlənməsidir. Bildirib ki, proqram təminatının təkrar mühəndisliyi mürəkkəb proses olub proqram kodunun təkmilləşdirilməsinə yönələrək onun funksional imkanlarını çox da dəyişmədən təhlükəsizliyini artırmaq və keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edilir.

Sonra tədqiqatçı əks proqram mühəndisliyi haqqında söz açaraq proqram təminatının təkrar mühəndisliyinin əsasında əks proqram mühəndisliyinin dayandığını qeyd edib. Nəzərə çatdırıb ki, proqram təminatının əks mühəndisliyinin tətbiq edilməsi üçün əsaslara köhnəlmiş sistemlərə xidmət, funksiyaların təkmilləşdirilməsi və genişləndirilməsi, sistemin təkmilləşdirilməsi, təhlükəsizliyin təmin edilməsi, eləcə də səmərəliliyin artırılması aiddir.

Bildirib ki, proqram təminatının əks mühəndisliyi özündə müxtəlif metodları ehtiva edir. Bu metodları statik və dinamik analiz olaraq iki yanaşmaya bölmək olar. Statik analiz metodlarına dizassemblerləşdirmə, dekompilyasiya, idarə axınının analizi, verilənlər axınının analizi, dinamik analiz metodlarına isə sazlama, profilləşdirmə və monitorinq daxildir.

T.Bayramova əks mühəndisliyin üstünlükləri və problemlərindən də söz açıb: “Ümumi xərclərin, texniki xidmət xərclərinin, risklərin azaldılması, həmçinin biznes məntiqinin qorunub saxlanması onun üstünlükləridir. Köhnəlmiş sistemlərdə sənədləşmənin olmaması, resurs məhdudiyyətləri, alətlərin inteqrasiyası, eləcə də sınaq problemləri əks mühəndisliyin tətbiqini çətinləşdirən problemlərdəndir.”

Onun sözlərinə görə, öz potensial üstünlüklərinə baxmayaraq əks mühəndisliyin proqram kodunun obfuskasiya, natamam məlumat, inkişaf etməkdə olan texnologiyalarla uyğunluq kimi problemləri də var. Həmçinin intellektual mülkiyyət hüquqlarının, müəlliflik hüququnun pozulması, fərdi məlumatların təhlükəsizliyi məsələləri kimi etik problemləri mövcuddur.

Daha sonra o, əks proqram mühəndisliyinin hüquqi əsasları, əks mühəndislik zamanı əsas götürülən prinsiplər, inkişaf perspektivləri, əks proqram mühəndisliyi alətləri və s. haqqında məlumat verib.

Mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı