390
“Fərdin iqlim dəyişikliklərinə qarşı həyata keçirməli olduğu fəaliyyət” mövzusunda elmi seminar keçirilib İyun 21, 2024 | 02:32 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminar “Fərdin iqlim dəyişikliklərinə qarşı həyata keçirməli olduğu fəaliyyət” mövzusuna həsr olunub.

Mövzu üzrə çıxış edən institutun əməkdaşı Lalə Əliyeva öncə sənayeləşmənin ətraf mühitə təsirindən bəhs edərək Sənaye İnqilabları nəticəsində dünya əhalisinin sayında böyük artım müşahidə olunduğunu, bununla da ətraf mühitə uzunmüddətli ziyanın vurulması, ciddi çirklənmə və təbii ehtiyatların tükənməsi proseslərinin genişləndiyini diqqətə çatdırıb. Bildirib ki, sürətli urbanizasiya və sənayeləşmənin gətirdiyi çirklənmə nəticəsində yaranan ekoloji fəlakətlər 20-ci əsrin ortalarında ən yüksək həddə çatıb.

Sonra yeni texnologiyaların ekoloji problemlərin həllində mühüm rol oynadığını söyləyən məruzəçi qeyd edib ki, günəş, külək, geotermal və su elektrik stansiyaları istixana qazı emissiyaları olmadan təmiz enerji istehsal edə, LED işıq lampaları və enerjiyə qənaət edən yeni texnologiyalar isə enerji istehlakını azalda bilər. “Ağıllı” şəbəkələr (“Smart Grid”) enerjini daha səmərəli paylaya, itkiləri azalda və bərpa olunan enerji mənbələrindən istifadəni artıra bilər.

Onun sözlərinə görə, kənd təsərrüfatında dəqiq, şaquli əkinçilik, alternativ zülal mənbələri, təkrar emal, eləcə də ətraf mühitin mühafizəsində peyk görüntüləri, Əşyaların İnterneti, süni intellekt texnologiyalarından istifadə, çirklənmənin azaldılmasında suyun və havanın təmizlənməsi ekoloji problemlərin həllində mühüm rol oynayır.

L.Əliyeva dünyada COVID-19 pandemiyasının ətraf mühitə göstərdiyi təsirlərdən də söz açıb: “Pandemiya səbəbilə 2020-ci ildə istixana qazı emissiyalarının təxminən 6% azalacağı proqnazlaşdırılsa da, bu nəticə müvəqqəti xarakter daşıdı və iqlim dəyişikliyi prosesi davam etdi. İqlim dəyişikliyinin cari təsirlərinə şiddətli quraqlıqlar, su qıtlığı, şiddətli yanğınlar, dəniz səviyyəsinin qalxması, daşqınlar, qütb buzlaqlarının əriməsi, fəlakətli tufanlar və biomüxtəlifliyin itirilməsi daxildir.”

Daha sonra fərdin iqlim dəyişikliklərinə qarşı həyata keçirməli olduğu fəaliyyət haqqında bəhs edən tədqiqatçı diqqətə çatdırıb ki, ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, ölkənin abad, yaşıl, çiçəklənən diyara çevrilməsi naminə başlanan “Hərəyə bir ağac əkək” layihəsi bütün bölgələrimizdə tətbiq olunur. 1972-ci ildən əhali arasında ekoloji vəziyyətlə bağlı problemlərin həllinə, ətraf mühitin mühafizəsi məsələlərinə diqqəti yönəltmək məqsədilə bütün dünya dövlətləri kimi ölkəmizdə də iyunun 5-i  “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd olunur.

Məruzəçi qeyd edib ki, 2024-cü ilin 11-24 noyabr tarixlərində Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP 29 konfransının missiyası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasından irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər “0” – sıfır emissiyaya nail olmaqdır.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova müvafiq istiqamətdə tədqiqatların davam etdirilməsinin vacibliyini vurğulayıb, təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı