644
Education 4.0 platformasında elektron təhsilin formalaşmasının aktual elmi-nəzəri problemləri araşdırılır May 22, 2024 | 12:31 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində elektron təhsilin formalaşması və intellektuallaşdırılması problemləri üzrə elmi tədqiqatlar aparan şöbənin növbəti elmi seminarı keçirilib.

İnstitutun əməkdaşı Esmira Ələsgərova “Education 4.0 platformasında elektron təhsilin formalaşmasının aktual elmi-nəzəri problemləri” mövzusunda məruzəni təqdim edərək bildirib ki, IV Sənaye İnqilabının gətirdiyi texnoloji yeniliklər insan fəaliyyətinin bütün sahələrinə nüfuz edərək bütövlükdə cəmiyyətin fəaliyyətini dəyişdirir. Süni intellekt, robototexnika, Big Data və Əşyaların İnterneti əmək bazarı, iqtisadiyyat, tibb və s. sahələrə olduğu kimi, təhsilə də əhəmiyyətli təsir göstərir. Təhsil 3.0 geridə qalaraq Təhsil 4.0 (Education 4.0) ilə əvəz olunur. Təhsil müəsissələrinə Education 4.0-ın gəlməsi ilə “təhsil” anlayışı tamamilə dəyişir, yeni tendensiyalar meydana çıxır. Yeni interaktiv təlim vasitələri sayəsində təhsil artıq zaman və məkandan asılı olmur, tələbələr istənilən yerdə və istənilən vaxt təhsil almaq imkanı əldə edirlər. İnformasiya texnologiyalarının bütün təhsil imkanları elektron təhsil sistemində ən geniş və dolğun şəkildə istifadə edilir.

Onun sözlərinə görə, Sənaye 4.0 ixtisas və bacarıqlarına cavab vermək üçün təhsil sistemləri inkişaf etməli, müxtəlif vaxtlarda və fərqli yerlərdə təhsil alma imkanları olaraq, öyrənənin bacarıqlarına əsaslanan fərdi təlim; yeni tədris cihazlarından, alətlərdən və mənbələrdən istifadə; uzaq mühəndis laboratoriyaları; təlimə layihə və problem əsaslı yanaşmaların tətbiqi; tədris proqramlarının hazırlanmasında tələbələrin iştirakı kimi perspektivli meylləri nəzərə almalıdır.

E.Ələsgərova qeyd edib ki, son zamanlar informasiya axınının və verilənlərin həcminin artması onların saxlanılması və emalı ilə bağlı problemlər yaradır. Elektron təhsildə müstəqil şəkildə mənimsənilməli olan məlumatların həcmi durmadan artır və bununla yanaşı, onların işlənməsi və sistemləşdirilməsi üçün yeni metodlar hazırlanır. Bulud hesablamaları məlumatların toplanması, emalı, ötürülməsi üçün istifadə olunan yeni yanaşmadır. İKT-nin inkişafında perspektivli sahələrdən biri olan bulud texnologiyaları tədris prosesində bir çox problemlərin həlli üçün istifadə oluna bilər. Təhsildə bulud texnologiyalarının tətbiqi yalnız tədris prosesinin maya dəyərini azaltmır, həm də onun səmərəliliyini artırır.

“Bulud texnologiyaları bir-biri ilə əlaqəli böyük kompüter qruplarının toplusu kimi görünə bilər. Bulud hesablamalarında proqramlar hazırlanır, İnternetdə istifadə olunur və bu texnologiya İnternet vasitəsilə xidmətlər təqdim edir. Bulud, hesablama şəbəkələrinin hesablama modelidir və əsas vəzifəsi istifadəyə görə müəyyən vəsait ödəməklə istifadəçilərin tələbi əsasında aparat və proqram təminatı resurslarından istifadə etməsini təsdiq etməkdən ibarətdir. Buludlar məlumat mərkəzlərində fiziki və ya virtuallaşdırılmış resursları birləşdirə bilər. Bulud mühiti daha az proqram təminatı və aparat infrastrukturu tələb edir”, - deyə məruzəçi söyləyib. Hazırda bulud xidmətlərinin tələbələrə öz maşın öyrənmə proqramlarını qurmaq üçün müxtəlif xidmətlər təqdim etdiyini bildirərək, onların tədris prosesində “Makeblock”, “PictoBlox” və “Teachable Machine” kimi bulud texnologiyalarından istifadə edə biləcəklərini deyib.

Tədqiqatçı bildirib ki, bu xidmətlər ödənişsizdir və dərs zamanı istifadə edilə bilər. Yeganə tələb, cihazın video axını üçün kifayət qədər gücə malik olmasıdır. Bu resurslar süni intellekt və proqramlaşdırmanın riyazi əsaslarını dərindən bilmədən tam funksional proqram yaratmağa imkan verir. Bu mərhələdə tələbələr şəbəkə öyrənmə prosesi haqqında fikir əldə edir, verilənlər toplusunun əhəmiyyətini və məlumat nümunəsinin ölçüsünü dərk edirlər. Bununla da tələbələr şəbəkə təlimi üçün verilənlər toplusu yaratmaq bacarıqlarını əldə edirlər. Təlimin digər mərhələsi proqramlaşdırmaya keçiddir. Bu, alqoritmləşdirmə və proqramlaşdırmanın əsaslarını mənimsəməyə yönəlmişdir. “Kaggle” bu mərhələni dəstəkləmək üçün istifadə edilə bilən analitik və proqnozlaşdırıcı modelləşdirmə rəqabət platformasıdır.

Təhsil müəssisələrinin elektron təhsil sistemləri tərəfindən tələbələr, onların inkişafı və davamiyyəti, müəllimlər və onların elmi, tədris və inzibati fəaliyyətləri, təhsil məzmunu (mətn, audio, video) və s. kimi məlumatlar səmərəli şəkildə saxlanılmalı, emal edilməli və təhlil edilməlidir. Data Mining böyük verilənlər bazasında lazımi məlumatların aşkarlanması prossesi olub, tədris prosesinin təşkilini təkmilləşdirmək, onun effektivliyini artırmaq, tələbə biliklərinin, təhsil müəsissəsi məlumatlarının intellektual analizi üçün istifadə olunur.

Məruzəçi elektron təhsildə Data Mining metodlarının tətbiqi zamanı bulud hesablama platformasından istifadənin vacibliyini də vurğulayıb. Qeyd edib ki, bu yeni bulud hesablama paradiqmasının hesablama üstünlükləri verilənlərin öyrənilməsi alqoritmləri vasitəsilə faydalı biliklərin çıxarılmasında və təhsil müəssisələrinin əldə edilən məlumatlarla təmin edilməsindədir. Bulud mühitində Data Mining metodlarından istifadə elektron təhsilin tələbələrin müasir tələblərinə maksimum uyğunlaşmasını təmin edir, hər bir şagirdin fəaliyyətinin fərdiləşdirilməsini və monitorinqini nəzərə alaraq, yalnız tədris materiallarının təkmilləşdirilməsini deyil, həm də tədris və idrak fəaliyyəti prosesini fərdiləşdirir.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı