637
Uşaqların kiber-fiziki sistemlərdə saxlanılan fərdi məlumatlarının təhlükəsizliyinin təmin edilməsi məsələləri tədqiq edilir May 17, 2024 | 02:39 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi istiqamətində proqram mühəndisliyi və proqram sistemlərinin analizi və sintezi, eləcə də informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri ilə bağlı elmi tədqiqatlar aparan şöbənin növbəti elmi seminarı keçirilib.

İnstitutun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva mövzuya dair çıxış edərək bildirib ki, Sənaye 4.0 bütün sahələri əhatə etdiyi kimi, uşaqların davranışlarına, maraqlarına da öz təsirini göstərməklə yeni ünsiyyət, təhsil imkanları açır və eyni zamanda təhlükəsizlik məsələlərini də aktuallaşdırır.

Onun sözlərinə görə, müasir uşaqlar texnologiyaların təsiri ilə böyüyürlər, onların geyilə bilən qurğulardan istifadəsi nəzərəçarpacaq dərəcədə artan texnoloji bacarıqlarını və sürətlə inkişafda olan rəqəmsal mənzərəni göstərir. Bu “ağıllı” obyektlər məlumatı vaxtında ötürməsi, əlyetərliyi təmin etməsi və real vaxt rejimində ünsiyyət qurmağa kömək etməsi kimi xüsusiyyətlərə malikdir.

Sənaye 4.0-ın istehsal və sənaye sektorlarını dəyişdirən müxtəlif intellektual texnologiyaların birləşməsinə əsaslandığını söyləyən məruzəçi qeyd edib ki, bu texnologiyalara Əşyaların İnterneti, Süni intellekt, Big Data analitikası, kiber-fiziki sistemlər və s. aid edilir. Əşyaların İnterneti adlandırılan bu inteqrasiya fiziki obyektlər və rəqəmsal sistemlər arasında məlumatların fasiləsiz mübadiləsinə imkan verir, cihazları və obyektləri İnternetə qoşmaqla real vaxt rejimində məlumatların toplanması, təhlili və kommunikasiyasını həyata keçirir. Kiber-fiziki sistemlər real vaxt rejimində fiziki prosesləri izləyə, idarə edə və optimallaşdıra bilən “ağıllı” və bir-biri ilə əlaqəli sistemlərin işlənib hazırlanmasında mühüm rol oynayır.

S.Ocaqverdiyeva “ağıllı” evlər, “ağıllı” avtomobillər, pilotsuz təyyarələr, geyilə bilən “ağıllı” əşyalar haqqında məlumat verib. Uşaqların təhlükəsizliyinin təmin olunması üçün istifadə edilən mexanizmlərdən söz açıb. Bildirib ki, sensorlardan müşahidəetmə, dinləmə, nəzarət, vəziyyətin monitorinqinin aparılması və s. məqsədlərlə istifadə edilir. Bu texnologiyaların rabitə mühitinə SMS, video və audio aid edilir. Bu texnologiyalardan istifadə uşaqlara qarşı cinayətlərin qaşısının alınmasında və onların təhlükəsizliyinin təmin olunmasında əlverişli vasitədir. O, videonəzarət, məkan izlənməsi, İnternet monitorinqi və ətraf mühitin monitorinqi haqqında məlumat verib.

O, elmi-tədiqat işində təklif olunmuş Child 4.0 modelini təqdim edib. Bu model geyilə bilən cihaz (burada uşağın üzərində gəzdirdiyi smart qolbaq nəzərdə tututlur) vasitəsilə uşaqlar haqqında toplanməş məlumatların emalı əsasında qərar qəbul edir. Child 4.0 modeli məlumatların təhlükəsizliyinin və məxfiliyinin təmin edilməsi üçün uşaqların səhhəti haqqında məlumatların tibbi informasiya təhlükəsizliyi, uşaqların qarşılaşdığı fövqəladə hallarda, həmçinin xüsusi riskli vəziyyətlərdə ötürülən informasiyanın təhlükəsizliyi, uşaqların fərdi məlumatları və sosial münasibətləri, eləcə də məkanla bağlı informasiyanın təhlükəsizliyi ilə əlaqədar həyata keçirəcəyi tədbirlərdən bəhs edib.

“Uşağın fərdi məlumatlarının emalı sisteminə informasiya mənbələrindən əldə edilən və sistemə əvvəlcədən daxil olan məlumatlara əsasən, uşağın yerləşdiyi məkan, ətrafındakı insanlar və s. barədə informasiya, uşağın vəziyyəti haqqında məlumat sisteminə isə onun sağlamlığı (ürək döyüntüsü, qan təzyiqi, saturasiya, hərəkətsizlik və s.) haqqında məlumatlar aid edilir. Qərarların qəbulu sistemi vasitəsilə uşağın təhlükəli məkanda və ya vəziyyətdə olub-olmaması haqqında məlumatların intellektual analizi əsasında qərar qəbul edilir. Baş verən hadisə haqqında məlumat əldə edir və müvafiq orqanlara, həmçinin valideynlərə və cavabdeh şəxslərə siqnallar ötürür”, - deyə məruzəçi söyləyib.

S.Ocaqverdiyeva bildirib ki, uşaqların məxfiliyinin qorunması məsələsi bu gün cəmiyyətdə həlli vacib olan problemlərdəndir və bu sahədə elmi tədqiqatların aparılması, zəruri biliklərin cəmiyyətə ötürülməsi son dərəcə vacibdir. Geyilə bilən cihazlar uşaqlara virtual sərhədlər və ya təhlükəsiz zonalar qurmağa imkan verir. Uşaqların məxfiliyini və təhlükəsizliyini təmin etmək üçün geyilə bilən cihazlardan istifadə edərək uşaqların kiber-fiziki sistemlərdə toplanmış məlumatlarını mühafizə etmək zəruridir.

Uşaqların fərdi, tibbi, psixoloji məlumatları, təhsil səviyyəsi, davranışları və s. ilə bağlı statik məlumatların ələ keçirilməsi onların gələcək həyatında problemlərin yaranmasına səbəb ola bilər. Müasir texnologiyaların köməyilə uşaqların fərdi məlumatlarından kənar şəxslərin potensial sui-istifadəsinin qarşısının alınması uşaqların təhlükəsizliyinin təmin edilməsində qabaqcıl texnologiyaların tətbiqinin vacibliyinə inamı artırır və onların inkişaf etdirilməsi üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasını təşviq edir.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı