499
İnsan davranışının analizində istifadə olunan maşın təlimi alqoritmlərinin müqayisəli təhlili aparılıb May 10, 2024 | 11:05 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə tədqiqatlar aparan şöbənin elmi seminarı keçirilib. Seminarda institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova “İnsan davranışının analizində istifadə olunan maşın təlimi alqoritmlərinin müqayisəli analizi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi Dördüncü Sənaye İnqilabı, süni intellektin sosial, iqtisadi və bir çox sahələrə tətbiqi, Big Data və “Əşyaların İnterneti” texnologiyalarının insanların əhval-ruhiyəsi və davranışının analizi metodlarının daha da mürəkkəbləşməsinə, təkmilləşməsinə səbəb olduğunu deyib. O, internetin insanların gündəlik həyatına müdaxiləsi, sosial media üzərindən ictimai rəyin insanların davranışlarına təsiri, eləcə də mobil əlaqələrin genişlənməsinin müasir dövrdə “vətəndaşın davranışı” (Citizen Behavior) məsələlərini daha da aktuallaşdırdığını qeyd edib.

“Dövlətin idarə olunması prosesində vətəndaşın davranışını düzgün qiymətləndirmək və haqqında doğru qərar qəbul etmək,dövlət təşkilatları tərəfindən yerinə yetirilməli olan ən vacib məsələlərdəndir”, - deyə İ.Ələkbərova bildirib. Əlavə edib ki, insan davranışının analizi maşın təlimi alqoritmlərindən istifadə edilməklə müxtəlif tədqiqat sahələrində yayılmaqdadır. O, qeyd edib ki, analiz üçün ilkin məlumatlar sosial media resurslarından, müxtəlif reyestrlərdən, videomüşahidə kameraları kimi mənbələrdən əldə edilir.

İ.Ələkbərova insan davranışının analizində müxtəlif yanaşmaların mövcud olduğunu, tədqiqatlarda adi statistik hesablamalardan klasterləşmə və optimallaşma modellərinə qədər müxtəlif metodlardan istifadə edildiyini vurğulayıb.

O, insan davranışın analizinin tətbiq olunduğu sahələrdən bəhs edib, davranışların fərdi və kollektiv olaraq təsnif olunduğunu diqqətə çatdırıb. Həmçinin videomüşahidə vasitəsilə, mətnlərin və nitqin analizində istifadə olunan intellektual analiz metodlarından danışıb.

İ.Ələkbərova insan davranışının intellektual analizi üçün çox zaman CNN, NLP və SVM alqoritmlərindən istifadə olunduğunu qeyd edib, eləcə də, maşın təlimi alqoritmlərinin müqayisəli analizi cədvəlini təqdim edib. Tədqiqatçı bildirib ki, Dərin təlim konsepsiyasına əsasən də CNN modeli böyük verilənlərin analizində əhəmiyyətlidir. Bu model kiçik verilənlərin analizində az effektlidir, lakin obyektin tanınması, təsnifatlandırılması və aşkarlanması üçün çoxlu sayda verilənlərdən istifadə olunursa, burada CNN daha dəqiq nəticə göstərir.

İ.Ələkbərova insan davranışının analizi üçün ən uyğun ML alqoritminin seçilməsi bir neçə amildən asılı olduğunu bildirib. Bunlara verilənlərin tipi, tədqiqatın məqsədi, tədqiqat istiqamətləri və s. daxildir.

Bu sahədə rast gəlinən problemlərdən bəhs edən tədqiqatçı qərəzli və ya natamam məlumatların qərəzli modellərə və insan davranışının qeyri-dəqiq təhlilinə səbəb ola biləcəyini, eyni zamanda insan davranışı məlumatlarının toplanması və analizinin şəffaflıq və istifadəçi razılığı tələb edən etik və məxfilik problemlərini ortaya qoyduğunu diqqətə çatdırıb.

İ.Ələkbərova çıxışının sonunda qeyd edib ki, məhdudiyyətləri və etik mülahizələri dərk etməklə, maşın təlimi potensialından bu texnologiyaların fərdi məxfiliyə xələl gətirmədən və ya qərəzliyi davam etdirmədən cəmiyyətə fayda gətirən rəqəmsal sistemlər yaratmaq üçün istifadə etmək mümkündür.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı