620
Süni intellektə əsaslanan jurnalistika ilə bağlı tədqiqatlar davam etdirilir May 02, 2024 | 04:04 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Texnologiyaları Mərkəzinin növbəti elmi seminarında “Süni intellekt texnologiyalarının jurnalistikada rolu” mövzusunda müzakirələr aparılıb.

Məruzəyə dair çıxış edən institutun baş mütəxəssisi Sünbül Zalova bildirib ki, “avtomatlaşdırılmış jurnalistika” ilə bağlı olan süni intellekt müasir jurnalistikanın bütün sahələrinə geniş tətbiq olunmaqdadır. Əsasən, mətn tipli məlumatların intellektual analizi, multimedia resurslarının aşkarlanması, toplanması, müəyyən formata gətirilməsi və digər optimallaşma məsələlərində süni intellekt böyük əhəmiyyətə malikdir. Süni intellekt jurnalistikasının imkanları onu ənənəvi jurnalistikadan əsaslı şəkildə fərqləndirir.

Onun sözlərinə görə, süni intellekt çatbotlarına əksər hallarda “virtual köməkçilər” və ya “virtual agentlər” deyilir. Süni intellekt çatbotları Təbii Dilin Emalı (NLP) metodundan istifadə edərək insan söhbətlərini izləmək üçün öyrədilmiş proqramlardır. Bu metoddan istifadə etməklə mətnin təhlili vasitəsilə biliklərin mənimsənilməsi inkişaf etdirilə və təkmilləşdirilə bilər. NLP-nin köməyilə süni intellektlə işləyən çatbot insan dilində yazılmış mətni sərbəst şəkildə şərh edə və cavablandıra bilər.

“2024-cü ildə jurnalistikada süni intellekt botlarından daha çox istifadə ediləcəyi proqnozlaşdırılır. Botların sürətli inkişafı sosial media şirkətləri, jurnalistlər və məzmun yaradıcıları üçün yeni mənəvi və hüquqi dilemmalar yarada bilər. “ChatGPT” kimi süni intellekt çatbotları jurnalistika sahəsində geniş tətbiq olunur. Hazırda bir çox xəbər təşkilatları süni intellekt texnologiyalarından istifadə edir. Məsələn, “Reuters” xəbər agentliyi xəbərləri və tendensiyaları müəyyən etmək, həmçinin hər bir xəbər üçün foto və video seçimində “Lynx Insight” adlı süni intellekt çatbotundan istifadə edir. “BBC News” xəbər məqalələrini mövzuya görə müəyyən etmək və qruplaşdırmaq üçün “Juicer” adlı süni intellekt çatbotunu tətbiq edir ki, bu da müxbirlərə əlaqəli məqalələrə tez və asanlıqla daxil olmaq imkanı verir”, – məruzəçi deyib.

S.Zalova bildirib ki, hazırda “The Wall Street Journal” süni intellektin köməyilə audio-xəbərləri mətnə çevirən, fotomontaj edilən şəkillərin ilkin vəziyyətini müəyyənləşdirən, yalan məlumatları aşkarlayan “ağıllı” proqramların hazırlanması üçün təcrübələr aparır. “Reuters” agentliyi “Twitter” sosial şəbəkəsində yayılan saxta xəbərləri aşkarlamaq üçün yeni alqoritm hazırlayıb. “Reuters Tracer” adlandırılan proqram süni zəka ilə insan intellektini birləşdirən alqoritmlərdən ibarətdir.

Süni intellekt çatbotlarının jurnalistikada əhəmiyyətindən söz açan tədqiqatçı onların tez bir zamanda böyük həcmdə məlumatı toplayıb təhlil edə, jurnalistlərə ən son məlumatı təqdim edə bildiyini söyləyib. Qeyd edib ki, çatbot orfoqrafik səhvləri və qərəzlilik potensialını aradan qaldırır, daha dəqiq və etibarlı məlumat yaradır, mürəkkəb məzmunları sadələşdirə bilir.

Media qurumları süni intellekt texnologiyalarının köməyilə yeni bazarlara çıxa bilərlər. Jurnalistikada məzmun istehsal etmək və məlumatları fərdiləşdirmək üçün süni intellekt texnologiyalarından getdikcə daha çox istifadə edilir. Jurnalistikada bu cür texnologiyalardan istifadə saxta məzmunun yayılma ehtimalını artıra bilər. Süni intellekt texnologiyaları faktların yoxlanılmaması ilə ittiham olunduqda, yalan məlumatları da müəyyən edə bilər.

Müasir cəmiyyət inkişaf etdikcə süni intellektin insan fəaliyyətində və davranışında rolu artır. IV Sənaye İnqilabı, kiber-fiziki sistemlər və sosial media dövründə insanlar bütün informasiya ehtiyaclarını ödəyə bilən daha “ağıllı” sistemlər tələb edirlər. “ChatGPT” və digər süni intellektlə işləyən çatbotlar insanların bu ehtiyacını qismən ödəyə bilər. Süni intellekt çatbotları artan səmərəlilik, dəqiqlik və əlçatanlıq daxil olmaqla, jurnalistika sahəsinə bir çox üstünlüklər təklif edir. Bununla belə, yarana biləcək çətinliklər və məhdudiyyətlər də mütləq şəkildə nəzərə alınmalıdır.

Sonda məruzə ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı