892
İqtisad elmləri doktoru Əlövsət Əliyev “Yaşıl iqtisadiyyat dayanıqlı inkişafın modeli kimi” beynəlxalq konfransında məruzə ilə çıxış edib Aprel 29, 2024 | 01:40 / Konfranslar, iclaslar

24 aprel 2024-cü il tarixində Bakı Biznes Universitetində “Yaşıl iqtisadiyyat dayanıqlı inkişafın modeli kimi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransda ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev və institutun digər əməkdaşları da məruzə ediblər.

Beynəlxalq elmi-praktiki konfransın plenar iclasında Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Milli Məclisin deputatı Tahir Rzayev, İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli, SOCAR-ın əməkdaşı Çingiz Məmmədov, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, Polşanın Katovitsa Universitetinin professoru Paulina Rutecka, Moldova İqtisad Elmləri Akademiyasının professoru Tatiana Qutium, İsveçin Kral Texnologiya Universitetinin professoru, Layihə meneceri, Viktor Kordas çıxış ediblər.

Beynəlxalq elmi-praktiki konfransda respublikanın energetika potensialının yaşıl enerji hesabına möhkəmləndirilməsi, davamlı inkişafın əsası kimi yaşıl iqtisadiyyatın mühüm istiqamətləri, davamlı inkişafda yaşıl rəqəmsal texnologiyalar, yaşıl təhsil və universitet məsələləri, yaşıl rəqəmsal ekosistem, iqtisadiyyatın dayanıqlığı və davamlılığının iqtisadi inkişafdakı rolu və s. kimi mövzularda çıxışlar edilib.

Beynəlxalq elmi-praktiki konfrans 1)Yaşıl iqtisadiyyat quruculuğunun inkişaf istiqamətləri, 2)Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət sosial-iqtisadi inkişafın əsası kimi, 3)Ağıllı hesablamalar və kibertəhlükəsizlik, 4)Yaşıl iqtisadiyyatın inkişafı üçün həmrəyliyin möhkəmləndirilməsində xarici dil kommunikasiya vasitəsi kimi bölmələrdə fəaliyyətini davam etdirib.

Beynəlxalq elmi-praktiki konfransda institutun şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev “Rəqəmsal transformasiyalar kontekstində iqtisadi inkişafa iqlim dəyişikliyi problemlərinin təsiri məsələləri” mövzusunda çıxış edib (həmmüəllif Südabə Abasova).

O, öncə təmsil etdiyi institutda rəqəmsal iqtisadiyyatın yaşıllaşdırılması problemlərinin tədqiqi, yaşıl rəqəmsal iqtisadiyyatın dayanıqlılığı, cəmiyyətin yaşıl transformasiyası fonunda iqlim dəyişikliyi problemləri və onların həllində İKT-nin tətbiqi kimi istiqamətlərdə elmi-tədqiqat işlərinin aparıldığını, respublikada 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlərin icrasında institutun fəal iştirakını konfrans istirakçılarının diqqətinə çatdırıb.

O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkədə milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişikliyinin qarşısının alınması, ölkədə “yaşıl iqtisadi artım”a nail olunması istiqamətində böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Ə.Əliyev rəqəmsal transformasiyalar şəraitində dayanıqlı iqtisadi inkişafa mənfi təsir edən iqlim dəyişikliyi problemlərini yaradan amillər və iqlim dəyişikliyi səbəbindən cəmiyyətin və iqtisadiyyatın üzləşdiyi problemlərin təhlil və tədqiq olunduğunu bildirib.

Məruzəçi iqlim dəyişikliyi təsirlərinə qarşı mübarizənin əsas məqsədini, bu sahədə olan qlobal çağırışları, iqlim dəyişikliyi təsirlərinin azaldılması və davamlılığının təmin olunması istiqamətində apardığı araşdırmaların nəticələrini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

İqtisad elmləri doktoru Ə.Əliyev iqlim dəyişikliyi problemlərinin konseptual həllində İKT, rəqəmsal əkiz və süni intellekt texnologiyalarının tətbiqi məsələlərinin konturlarını göstərib və əhəmiyyətini vurğulayıb. İqlim dəyişikliyi problemlərinin mərhələli həlli üzrə müvafiq tövsiyələrin verildiyini qeyd edib. Bu istiqamətdə seksiya iştirakçılarının suallarını cavablandırıb.

Sonra Ə.Əliyev rəqəmsal transformasiyalar kontekstində ali təhsil sisteminin iqtisadi səmərəliliyinin yüksəldilməsi mövzusunda aparılan birgə tədqiqatlardan bəhs edib. O, yaşıl yönümlü ali təhsilin iqtisadi artıma və dayanıqlı inkişafa potensial təsirlərindən söz açıb, yaşıl yönümlü ali təhsilin formalaşmasının konseptual istiqamətlərini diqqətə çatdırıb.

Daha sonra texnika üzrə fəlsəfə doktoru Roza Şahverdiyeva (həmmüəllif Səyyar Abdullayev) “Fəaliyyət səmərəliliyinin yüksəldilməsində yaşıl rəqəmsal ekosistemin formalaşdırılmasına konseptual yanaşma” mövzusunda məruzə edib.

R.Şahverdiyeva məqalədə Sənaye 4.0 platformasında innovasiya müəssisəsinin yaşıl rəqəmsal ekosistemi və onun fəaliyyət səmərəliliyinə təsiri aspektlərinin araşdırıldığını bildirib.

O, rəqəmsallaşma şəraitində müəssisənin fəaliyyətini daha səmərəli yerinə yetirmək üçün, onun daxil olduğu yaşıl rəqəmsal ekosistem elementlərinin qarşılıqlı əlaqələrinin qurulmasının aktuallığını qeyd edib. Müəssisə ekosisteminin yaşıl rəqəmsal iqtisadiyyat ekosistemi kontekstində mahiyyətini, onun struktur elementləri və xüsusiyyətlərini şərh edib. Müəssisənin yaşıl rəqəmsal ekosisteminin konseptual struktur modelinin işlənildiyini, onun yaşıl rəqəmsal ekosisteminin formalaşdırılması aspektlərinin və innovasiya ekosistemlərinin formalaşmasına təsir edən faktorların tədqiq edildiyini bildirib. Müəssisə ekosisteminin idarə edilməsində, faliyyət səmərəliliyinin yüksəldilməsində, yaşıl rəqəmsal ekosistemin formalaşmasında Sənaye 4.0 platforması texnologiyalarının tətbiqi və inkişaf perspektivləri üzrə müvafiq tövsiyələr verib. Ətraflı müzakirələrdə suallar cavablandırılıb.

Daha sonra institutun elmi işçisi Məleykə Paşayeva (həmmüəllif dos. Bikəs Ağayev) “İnformasiya cəmiyyəti şəraitində elektron tullantıların davamlı və səmərəli idarə edilməsi strategiyalarının işlənməsi məsələləri” mövzusunda məruzə edib.

Məruzədə İnformasiya Cəmiyyəti və rəqəmsal transformasiyalar şəraitindəelektron tullantıların idarə olunması aspektləri, həmçinin elektron tullantıların davamlı və sistemli idarə olunması strategiyasının işlənilməsi zərurəti və onun konseptual məsələlərini göstərib.

Məruzəçilər çıxışları zamanı rəqəmsal yaşıl iqtisadiyyatın dayanıqlılığı və davamlı inkişafı problemlərinin tədqiqi, iqtisadiyyatın rəqəmsal transformasiyası, elmtutumlu, innovativ məhsul istehsalı mühiti və s. kimi istiqamətlərdə tədqiqatların aparılmasına elmi dəstəyin verilməsi imkanları haqqında fikirlərini bölüşüblər. Onlar konfransda təmsil olunan şəxslər və qurumlarla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.

Konfransda qeyd olunub ki, beynəlxalq elmi-praktiki konfransın materialları yaxın günlərdə kitab şəklində çap olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı