385
Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin işlənməsi ilə bağlı tədqiqatlar aparılır Aprel 26, 2024 | 12:47 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti onlayn elmi seminarda şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova “Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin işlənməsi” mövzusunda məruzəni təqdim edib.

Şöbə rəhbəri qeyd edib ki, XX əsrin sonlarında informasiya texnologiyalarının inkişafı vətəndaşların dövlətlə ünsiyyətinin yeni formasının - elektron dövlətin (e-dövlət) yaranmasına gətirib çıxarıb. Bildirib ki, e-dövlət çərçivəsində istənilən sahə haqqında tam təsəvvür yaratmaq, eləcə də düzgün idarəetmə qərarları qəbul etmək məqsədilə xüsusi sistemlər işlənməlidir. Bu kimi sistemlərə OLAP sistemləri aid etmək olar. Həm dövlət, həm də özəl qurumlarda geniş şəkildə istifadə olunan bu sistemlər OLAP texnologiyaları əsasında hazırlanır.

Onun sözlərinə görə, OLAP texnologiya verilənlərin OLAP kubları şəklində təqdim edilməsinə əsaslanır. Bu verilənlər təhlil və idarəetmə qərarlarının qəbulu üçün istifadə olunur. Vurğulayıb ki, OLAP sisteminin əsas komponentləri verilənlər anbarı (VA), OLAP serveri və proqramlardır.

Sonra e-dövlət modellərindən bəhs edən tədqiqatçı nəzərə çatdırıb ki, e-dövlətdə müxtəlif xidmətlər G2C, G2B, G2E, G2G modelləri şəklində təqdim olunur. Bildirib ki, tədqiqat işində G2G modeli nəzərdə tutulub. Bu model həm milli, həm də beynəlxalq səviyyədə dövlət orqanlarının qarşılıqlı əlaqəsini təmsil edə bilər.

Məruzəçi OLAP və Big Data-nın inteqrasiyası məsələsindən də söz açaraq son zamanlar OLAP və Data Mining inteqrasiyasının fəal şəkildə həyata keçirilməsinin OLAP Mining termininin yaranmasına səbəb olduğunu qeyd edib.

Daha sonra G.Nəbibəyova neyron şəbəkələrdən istifadə edən intellektual sistemlərdə həll edilə bilən müəyyən məsələlərin olduğunu söyləyib. Bunlara təsvirin tanınması, təsnifat, klasterizasiya, proqnozlaşdırma və s. məsələlərin aid olduğunu vurğulayıb. Həmçinin, sistem üçün modul şəbəkələrdən istifadənin daha faydalı olduğunu söyləyib. Bildirib ki, modul neyron şəbəkələr müstəqil fəaliyyət göstərən müxtəlif şəbəkələrin məcmusudur. Modul neyron şəbəkəsinin əsas üstünlüyü nəhəng hesablama prosesinin bir neçə alt prosesə bölünə bilməsindən ibarətdir. Bu, hesablama mürəkkəbliyini azaldır və hesablama sürətini artırır.

Blokçeyndən istifadə edərək OLAP sistemlərdə təhlükəsizliyin təmin edilməsindən bəhs edən tədqiqatçı bu sistemlərin kibertəhlükəsizliyini təmin etmək üçün yeni tələblərə ehtiyac yarandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, OLAP məlumatlarının müasir təhdidlərə uyğun təhlükəsizliyini təmin etmək üçün ənənəvi texnologiyalardan istifadə etmək əvəzinə VA-nın blokçeynlə inteqrasiyası təklif edilir.

“Blokçeyn texnologiyası əməliyyatların şəffaflığı, məlumatların təhlükəsizliyi, mühafizəsi kimi üstünlüklərə malikdir. Şəffaflıq məlumatların məxfiliyinin pozulmasına gətirib çıxardığına görə məxfi məlumatlarla işləyən korporativ və dövlət qurumlarına ictimai deyil, özəl blokçeyndən istifadə etmələri tövsiyə olunur. Şəxsi blokçeyn yalnız səlahiyyətli istifadəçilərə əməliyyatlar həyata keçirməyə imkan verir. Bu səbəbdən orada saxlanılan məlumatlar ictimai ola bilməz”, - deyə qeyd edib.

Sonda məruzəçi bildirib ki, smart OLAP anlayışına təqdim olunan yeni yanaşma e-dövlət mühitində smart OLAP sisteminin işlənib hazırlanmış modelindən ibarətdir. Təklif olunan model hibrid olmaqla yanaşı, sistemin intellektuallaşdırılmasını təmin edən innovativ texnologiyaları da birləşdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı