836
Maşın təlimi alqoritmlərinin proqram təminatının sınağına tətbiqi ilə bağlı tədqiqatlar aparılır Noyabr 17, 2023 | 09:54 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında “Maşın təlimi alqoritmlərinin proqram təminatının sınağına tətbiqi” mövzusunda məruzə dinlənilib.

Mövzuya dair çıxış edən institutun böyük elmi işçisi Nəzakət Məlikova sınağın əhəmiyyəti, maşın təlimi və süni intellektin sınaqda rolu, bəzi maşın təlimi alqoritmlərinin proqram sistemlərinin sınaqda tətbiqi  haqqında ətraflı məlumat verib.

Məruzəçi qeyd edib ki, Sənaye 4.0 inqilabı fiziki, rəqəmsal və bioloji dünyaları birləşdirən, proqram sistemlərinin inkişafı üçün perspektivlər açan yeni mərhələdir. Maşın təlimi isə (ML) bu inqilabın sütunlarından biridir. Proqram sistemlərinin sınaqdan keçirilməsi prosesində ML-dən istifadə proqram təminatının hazırlanması prosesini sürətləndirə, sınağın məhsuldarlığını, həmçinin məhsulun səmərəliliyini artıra bilər.

Sonra sınağın əhəmiyyətindən bəhs edən tədqiqatçı bunun proqram təminatının inkişafı dövrünün ayrılmaz hissəsi olduğunu nəzərə çatdırıb. Bildirib ki, sınaq proqram təminatının bütün müvafiq tələblərə və xüsusiyyətlərə uyğunluğunun yoxlanıldığı ən mühüm mərhələdir. Bu mərhələnin məqsədi səhvləri müəyyən etmək, eləcə də məhsulun keyfiyyətini və məhsuldarlığını artırmaqdan ibarətdir.

N.Məlikova avtomatlaşdırılmış sınaqdan bəhs edərək maşın təlimi və süni intellektin güclü avtomatlaşdırma vasitələri olduğunu qeyd edib. Onun sözlərinə görə, ML alqoritmləri prosesin səmərəliliyini və dəqiqliyini artırmaq üçün layihənin xüsusi ehtiyaclarından və məqsədlərindən asılı olaraq proqram təminatının sınaqdan keçirilməsində uğurla həyata keçirilə bilən unikal imkanlara malikdir. Bu imkanlara testin avtomatlaşdırılması, prioritetləşdirilməsi, proqnozlaşdırma testi və s. aiddir.

Məruzəçi ML-də müxtəlif məqsədlər üçün sınaqda istifadə edilə bilən bir çox alqoritmləri də sadalayıb. Bildirib ki, bunlara  Naive Bayes, Dəstək vektor metodu, Xətti reqressiya, Qərar ağacları və s. aiddir.

“Bu gün ML alqoritmləri “Facebook”, “Microsoft” kimi nəhəng şirkətlərin sınaq sistemlərində uğurla istifadə olunur. Bu şirkətlər bir çox digər qlobal təşkilatlar kimi, sınaq da daxil olmaqla, proqram sistemlərinin əsas proseslərini əhatə edən layihələrinə müxtəlif standartlar tətbiq edir və bununla da keyfiyyətli məhsulun əldə olunmasına imkan yaradırlar”.

Sonda N.Məlikova diqqətə çatdırıb ki, bu məlumatlar ML-in proqram təminatının sınaq sənayesinə artan təsirini, həmçinin məhsuldarlıq və dəqiqlikdə əhəmiyyətli təkmilləşdirmə potensialını nümayiş etdirir. Proqram təminatı sistemləri Azərbaycan üçün yüksək keyfiyyətli milli proqram təminatının hazırlanması qaydalarının işlənməsi və həyata keçirilməsini zəruri edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı