AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının iclasında bir sıra mühüm məsələlər müzakirə olunub Noyabr 08, 2023 | 04:43 / Konfranslar, iclaslar

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi Şurasının iclası keçirilib.

Tədbirdə Elmi şuranın üzvləri, FRTEB-in əhatə etdiyi elmi müəssisələrin baş və icraçı direktorları, iclasın gündəliyi üzrə məsələlərə aidiyyəti olan şəxslər iştirak ediblər.

Öncə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik Rasim Əliquliyev çıxış edərək, AR Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin icrası məqsədilə ölkəmizdə aparılan tədqiqatların idarə olunması, maliyyələşdirilməsi, müvafiq institut və təşkilatların maddi-texniki bazasının gücləndirilməsi və s. kimi mühüm məsələlərin həyata keçirilməsi istiqamətində işlərin görüldüyünü söyləyib. Bildirib ki, ötən müddət ərzində AR Elm və Təhsil Nazirliyi ilə bağlı bir sıra normativ-hüquqi sənədlər qəbul edilmiş, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yaradılmışdır. Akademik qeyd edib ki, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi” təsdiq olunmuş, onun mövcud strukturuna müvafiq hüquq və vəzifələri müəyyənləşdirilmişdir.

“Artıq yeni hüquqi şəraitdə FRTEB üzrə elmi müəssisələrin qarşısına daha ciddi və strateji vəzifələr qoyulur ki, bu da onların öz fəaliyyətini yenidən nəzərdən keçirməsini, hər bir alim və tədqiqatçının öhdəsinə düşən missiyanı daha məsuliyyətlə yerinə yetirməsini, qlobal çağırışlara adekvat elmi tədqiqatlarla məşğul olmalarını zəruri edir”, – deyən AMEA-nın vitse-prezidenti məsul şəxsləri bu vəzifələrin həyata keçirilməsində daha fəal olmağa və intellektual potenisalı səfərbər etməyə çağırıb.

Akademik Rasim Əliquliyev FRTEB-in əhatə etdiyi elmi müəssisələr tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi – “Heydər Əliyev ili” çərçivəsində həyata keçirilmiş müxtəlif istiqamətli işlər barədə hesabatın hazırlandığını və növbəti iclaslarda geniş şəkildə müzakirə olunacağını qeyd edib. Həmçinin akademik Rasim Əliquliyev iclas iştirakçılarının diqqətinə FRTEB-in əhatə etdiyi elmi müəssisələrin 2023-cü il üçün illik hesabatlarının keçirilməsi ilə bağlı müvafiq məlumatı çatdırıb.

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Akademiyanın yeni təsdiq olunmuş Nizamnaməsində bir sıra funksiyaların, o cümlədən, bölmənin əhatə etdiyi elmi müəssisələrin, tabeçiliyindən asılı olmadan respublika üzrə müxtəlif elmi-tədqiqat qurumlarının fəaliyyətinin elmi nöqteyi-nəzərdən qiymətləndirilməsi, elmi ekspertizanın keçirilməsi, hesabatların təşkili kimi işlərin elmi bölmələrə həvalə olunduğunu vurğulayıb. Hesabat iclaslarında bölmələrin əhatə etdiyi elmi müəssisələrdə araşdırılan elmi problemlərin yenidən nəzərdən keçirilməsi, dövlət və cəmiyyətin maraqlarına uyğunlaşdırılması, dövlət siyasətinin prioritetləri və yeni çağırışlarla bağlı olan elmi problemlərin aktuallaşdırılması, əldə olunan mühüm elmi nəticələrin nüfuzlu elmi bazalara daxil olan jurnallarda dərc olunması, elmi təşkilatların və tədqiqatçıların elmmetrik göstəricilərinə diqqətin artırılması, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, ali məktəblər və elmi-tədqiqat müəssisələri arasında münasibətlərin qurulması, birgə tədqiqatların həyata keçirilməsi istiqamətində intellektual diskussiyaların aparılmasının önəmini qeyd edib.

Sonra Elmi şurada görkəmli elm xadimi, 2001-2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuş, akademik Mahmud Kərimovun 75 illik yubileyinə həsr edilmiş elmi toplantıların keçirildiyi  qeyd olunmuş, akademik Mahmud Kərimovun xatirəsinə həsr olunmuş kitabın hazırlanması ilə bağlı görüləcək işlər və tövsiyələr müzakirə edilmişdir.

Həmçinin akademik Nazim Məmmədovun 70 illik yubileyi ilə bağlı AMEA Rəyasət Heyətinin qəbul etdiyi qərarlardan danışılıb, bu münasibətlə elmi sessiyanın və digər tədbirlərin təşkili istiqamətində işlərin görüləcəyi bildirilib.

Daha sonra Bölmənin əhatə etdiyi elmi müəssisələrdə 2023-2024-cü tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə olunub, FRTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri tərəfindən doktorant və dissertantların dissertasiya mövzularının elmi ekspertizası aparılıb, irad və təkliflər səsləndirilib.

Sonda FRTEB-in əhatə etdiyi elmi müəssisələrin qarşısında dayanan digər mühüm məsələlərin həlli istiqamətində geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr bildirilib, müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı